Keçid linkləri

2024, 12 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 13:59

Avropaya radioaktiv bulud ‘Rusiyadan gedib’


Çernobıl qəzasından sonrakı radioaktiv bulud
Çernobıl qəzasından sonrakı radioaktiv bulud

2017-ci ildə Avropa üzərində yaranmış radioaktiv buludun mənbəyi, çox güman, Rusiya olub. Bu qənaətə gələn avropalı tədqiqatçılar buludun nüvə qəzası baş vermiş zavoddan qaynaqlana biləcəyini ehtimal edirlər.

Meteoroloqlar və tədqiqatçılar 2017-ci ilin oktyabrında radioaktiv izotop kütləsi aşkarlayaraq onun mənbəyini müəyyənləşdirməyə çalışıblar.

O zaman külək və digər dəlillər Rusiyanı göstərsə də, hakimiyyət rutenium-106 izotopuna görə məsuliyyəti götürmədi. Bu izotoplar insan səhhətinə ziyansız olsa da, monitorinq avadanlığı onu aşkarlaya bilib.

Arktik okeanında radioaktiv tullantılar
Arktik okeanında radioaktiv tullantılar

Mümkün mənbə

İyulun 26-da PNAS jurnalında dərc olunmuş məqalədə 80-dən artıq araşdırmaçı qeyd edir ki, “açıqlanmamış nüvə qəzası”nın mənbəyi Ural regionunda yerləşən nüvə obyekti olub.

Tədqiqatçılar 1986-cı ilin Çernobıl qəzasından bəri qlobal atmosferdə rutenium izotoplarının aşkarlanmadığını da qeyd edirlər. Onların fikrincə, Avropada insan səhhətinə ziyan minimum ola bilər, ancaq izotopların mənbəyinə yaxın daha ciddi fəsad mümkündür.

“Cənubi Uraldakı Mayak nüvə kompleksi mümkün mənbə kimi nəzərdən keçirilməlidir”, – məqalədə deyilir.

Rusiya hakimiyyəti deyilənlərə cavab verməyib, Rosatom dövlət nüvə şirkətindən də şərh almaq mümkün olmayıb.

Mayak vaxtilə Sovet İttifaqının nüvə arsenalı, eləcə də mülki reaktorlar üçün nüvə yanacağı hazırlayıb. 1957-ci ildə burada radioaktiv tullantılar saxlanan ərazidə partlayış olub, tullantılar havaya qarışıb.

O zaman sovet hakimiyyəti insidenti əsasən ört-basdır eləsə də, 10 minədək adam köçürülüb. Bəzi araşdırmalarda bu qəza nəticəsində xərçəngdən yüzlərlə adamın ölə biləcəyi ehtimalı səsləndirilib.

XS
SM
MD
LG