Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

2024-cü ildən sonra Putini prezident görmək istəməyənlər – Qərb mediası


Vladimir Putin
Vladimir Putin

Rusiyalıların 38 faizi Vladimir Putinin indiki müddət bitəndən sonra prezident postunda qalmasını istəmirlər. Bu rəy sorğusunu Levada mərkəzi keçirib.

Son bir ildə bu cür cavab verənlərin sayı 11% artıb. Rekord göstərici isə 2012 (40%) və 2013-cü (45%) illərdə qeydə alınmışdı.

Respondentlərin 54 faizi Putinin 2024-cü ildən sonra da Kremldə qalmasını istərdilər. Bu sual üzrə maksimal göstərici isə iki il öncə qeydə alınmışdı – onda respondentlərin 67 faizi Putinin hakimiyyətdə qalmasını istəyirdi.

“Adamlar Putinin gələcəkdə də ölkənin problemlərini yoluna qoyacağına ümid edirlər” sualını 24 faiz respondent müsbət cavablandırıb – bu, 2001-ci ildən bəri minimum göstəricidir.

Putin 2018-ci ilin martından dördüncü müddətə prezident seçilib. Mövcud konstitusiyaya görə, o, 2024-cü ildə namizədliyini verə bilməz.

Bu ilin mayında VTSİOM (ВЦИОМ) mərkəzinin dərc etdiyi sorğuya görə, Rusiya prezidentinin reytinqi minimum – 31,7 faizə düşüb. Bu, son 13 ilin minimal göstəricisidir.

Məhbus yaxınları həbsxana ətrafında
Məhbus yaxınları həbsxana ətrafında

Braziliyada azı 57 məhbus öldürülüb

Braziliyanın şimalındakı Altamira həbsxanasında mütəşəkkil cinayətkar qrupların toqquşmasında azı 57 məhbus öldürülüb. Həbsxana rəsmiləri öldürülənlərin 16-nın başının kəsildiyini bildirir.

Para ştatının penitensiar xidmət rəsmilərinin bildirməsinə görə, səhər 7 radələrində Rio de Janeyroda mənzillənən Comando Vermelho qruplaşması ilə yerli Comando Classe A qrupu arasında döyüş başlanıb.

“Comando Classe A qruplaşmasının liderləri həbsxana kameralarından birinə od vurublar, həmin kamerada Comando Vermelho üzvləri qalırdı”, – bəyanatda deyilir.

Yanğının sürətlə yayıldığı bildirilir. Polis qüvvələri yanğına görə bir neçə saat binaya daxil ola bilməyiblər.

Həbsxana işçilərindən ikisi girov götürülsə də, sonradan buraxılıb.

“Bu, hədəfli hücum idi. Məqsəd iki qrup arasında haqq-hesab çürütmək idi, həbsxana sisteminə etiraz, yaxud üsyan deyildi”, – ölkənin həbsxanalar üzrə rəisi Jarbas Vasconcelos vurğulayıb.

Capital One bankının baş ofisi
Capital One bankının baş ofisi

Data oğurluğuna görə saxlanıb

ABŞ-ın Vaşinqton ştatında bir texnologiya mühəndisi Capital One maliyyə korporasiyasından milyonlarla kredit kartı anketlərindən həssas informasiya oğurlamaq ittihamıyla saxlanıb. Bu haqda “Frans Pres” agentliyi yazır.

33 yaşlı Paige Thompson vaxtilə Sietldə texnologiya şirkətində proqram mühəndisi kimi çalışıb. O, GitHub informasiya paylaşımı saytında data oğurluğu haqda lovğalanıb, bundan dərhal sonra Federal Təhqiqat Bürosunun (FBI) agentləri tərəfindən saxlanıb.

Data oğurluğunun bu il martın 12-dən iyulun 17-dək baş verdiyi bildirilir. Virciniyada mənzillənən bank bunu FTB-yə təsdiqləyiblər.

Capital One bəyanatında bildirib ki, haker hücumuna Birləşmiş Ştatlarda 100 milyon, Kanadadan 6 milyon nəfər məruz qalıb.

“Vacib olan odur ki, heç bir kredit kartı hesabının nömrəsi oğurlanmayıb, sosial təhlükəsizlik nömrələrinin 99 faizindən çoxu da hücumdan kənar qalıb”, – bank bildirib.

Thompson kompüter dələduzluğunda təqsirli bilinərsə, beş ilədək həbsə, 250 min dollar cəriməyə məhkum edilə bilər.

XS
SM
MD
LG