Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 07:58

Tarixi binadan sakinlər köçürülür


Bina

Bakı şəhəri, Yasamal rayonu, Mirzağa Əliyev küçəsi-150 saylı ünvanda yerləşən 3-mərtəbəli, 43 mənzilli tarixi binadan sakinlərin köçürülməsinə başlanıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətindən deyilib ki, həmin bina 1889-cu ildə inşa edilib və uzun müddət əsaslı təmir olunmadığından qəzalı, yaşayış üçün yararsız vəziyyətə düşüb.

Mətbuat xidmətindən verilən məlumata görə, hələ 1989-cu ildə Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi binanı qəzalı sayıb.

Qurumdan o da deyilib ki, hazırda binadan sakinlərin köçürülməsi davam edir.

Amma bəzi sakinlər mənzillərin hər kvadratmetrinə təklif edilən 1500 manatı az sayaraq, daha yüksək kompensasiya istəyirlər.

Verilən məlumata görə, binada məskunlaşan ailələrin çoxu isə məcburi köçkünlər olduğundan, onların evlə təmin olunmaları ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edilib.

Bu bina Bakıda söküntüsü davam edən tarixi «Sovetski» adlanan əraziyə düşür. Amma bundan əvvəlki söküntülər bu binadan yan keçib.

Xatırlatma

Bakının «Sovetski» deyilən ərazisinin sökülməsinə 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri böyük ölçüdə sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb, sökülüb. İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr də olub. Bununla bağlı bir sıra şikayətlər hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG