Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Dekabr, bazar, Bakı vaxtı 14:17

Snayperlər 'hərbi tibbi yardım' yazılan maşını vurub


UAZ

Bu gün, iyulun 29-da Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanla dövlət sərhədində yerləşən mövqelərinə yenidən təxribat olduğunu açıqlayıb.

Açıqlamada qeyd edilib ki, iyulun 28-də saat 22:00 radələrində döyüş mövqeləri və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələri növbəti dəfə atəşə tutulub. DSX-nın vurğulamasına görə, snayperlərdən açılmış güllələr üzərində «Hərbi tibbi yardım» sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan «UAZ» markalı avtomobilə dəyib.

Qurum bildirir ki, snayperlərə cavab verilib.

İyulun 27-də də DSX oxşar açıqlama yaymışdı. Həmin açiqlamada vurğulanırdı ki, qarşı tərəfin snayperləri Azərbaycan mövqelərindən arxa istiqamətdə hərəkətdə olan «KamAZ» markalı hərbi yük maşınını atəşə tutublar, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib. DSX qeyd edirdi ki, Azərbaycan da buna cavab verib.

Dövlət Sərhəd Xidməti iyulun 18-də isə bildirirdi ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri bu ölkənin Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iriçaplı silahlardan atəş açılmaqla atəşkəs rejimini pozublar. Məlumatda habelə vurğulanırdı ki, hadisə zamanı Sərhəd Qoşunlarının «Qazax» sərhəd dəstəsində xidmət edən əsgər Ceyhun Bayramov yaralanıb.

Ermənistan tərəfi isə iyulun 28-də Azərbaycan tərəfdən açılan atəşdən bir əsgərinin öldüyünü bildirib. Məlumatı Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan Facebook-da yayıb. O, 1995-ci ildə anadan olmuş, müqavilə ilə hərbi xidmət keçən Arman Bulqardaryanın Ermənistan sərhədinin şimal-şərq hissəsində Azərbaycan tərəfin açdığı atəşdən həlak olduğunu qeyd edib.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG