Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Trump milli kəşfiyyatın direktorunu niyə işdən çıxarır – Qərb mediası


Daniel Coats
Daniel Coats

ABŞ milli kəşfiyyatının direktoru Daniel Coats gələn ay vəzifədən gedəcək. Bunu Prezident Donald Trump dünən – iyulun 28-də elan edib. “The Associated Press” agentliyi son iki ildə Coats ilə prezidentin Rusiyanın 2016-cı ildə prezident seçkisinə müdaxiləsindən dolayı dəfələrlə üz-üzə gəldiyini yazır.

Trump Coats-ın yerinə Nümayəndələr Palatasının respublikaçı üzvü John Ratcliffe-nin namizədliyini verəcəyini söyləyib. Ratcliffe Trump-ın müdafiəçisidir, ötən həftə palatanın Ədliyyə Komitəsində keçmiş xüsusi prokuror Robert Mueller-in kəskin sorğu-suala tutub. Mueller Rusiyanın seçkiyə müdaxiləsi, Trump-ın seçki kampaniyasının Moskvayla əlbirlik iddialarını araşdıraraq hesabat hazırlayıb.

“Ratcliffe bu vəzifəyə Donald Trump-a kor-koranə sədaqətinə., Mueller-ə verdiyi demaqoq suallara görə seçilib”, – Senatda demokratların lideri Chuck Schumer tvitində yazıb.

John Ratcliffe
John Ratcliffe

Coats prokurorlara demişdi ki, prezident onu Rusiyayla Trump-ın kampaniyası arasında hər hansı əlaqənin olmadığını açıq elan etməyə çağırıb. “AP” onların münasibətinin prezidentlə hökumətin kəşfiyyat agentlikləri arasında daha böyük ziddiyyəti üzə çıxardığını vurğulayır.

Milli kəşfiyyatın direktoru Trump-la açıq şəkildə bir sıra məsələlərdə razılaşmırdı, buraya Şimali Koreyanın nüvə bacarıqları də daxil idi. Trump isə uzun müddət ölkənin kəşfiyyat agentliklərinin işinə skeptik yanaşıb. Üstəlik, onlar Rusiyanın 2016-cı ildə prezident seçkisinə müdaxilə etməsi qənaətinə gəlməklə Trump-ı daha da qəzəbləndiriblər.

Vaxtilə İndiana ştatından respublikaçı senator olmuş Coats 2017-ci ilin martında milli kəşfiyyatın direktoru təyin olunub. Bu post 2001-ci ilin 11 sentyabr terrorundan sonra yaradılıb və Coats onun başına keçən beşinci şəxs idi. Qurum ölkənin 17 kəşfiyyat agentliyinə nəzarət edir, onların işini əlaqələndirir.

Coats administrasiya daxilində prezidentə vaxtında, ayıq-sayıq təqdimatları ilə ad çıxarıb, di gəl, kəşfiyyatın gəldiyi qənaətlər bəzən Trump-ın siyasi məqsədləri ilə düz gəlməyib. Artıq bir neçə aydı onun vəzifədən gedəcəyi barədə şayiələr dolaşırdı. Kəşfiyyat rəsmiləri isə onun 2020-ci ildən – prezident seçkisi kampaniyasının pik dövründən öncə gedəcəyini gözləyirdilər.

Honq Konq, 28 iyul, 2019-cu il
Honq Konq, 28 iyul, 2019-cu il

Pekin Honq Konqla neyləyəcək

Ötən gecə Honq Konqda etirazlar davam edib. “Reuters” agentliyi bazar ertəsi şəhərin mərkəzi küçələrinin çətir, şüşə butulkaları ilə dolu olduğunu yazır. Bu gün Pekinin Asiyanın maliyyə mərkəzində 1997-ci ildən bəri ən pis böhranla bağlı açıqlama verəcəyi gözlənir.

Pekindəki Honq Konq və Makau İşlər İdarəsi mətbuat konfransı keçirəcək.

Həftəsonu küçələrə çıxan nümayişçilərə qarşı polis rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib. Etirazlarda azı 49 nəfərin saxlandığı bildirilir.

Milyonlarla adam küçələrə ekstradisiya qanununa etiraz etməyə çıxır. İndilik təxirə salınmış qanun şübhəlilərin Çinə təhvil verilməsini nəzərdə tutur.

Bu etirazlar Honq Konq 22 il öncə Çinə qaytarılandan ən ciddi siyasi böhran sayılır və 2012-ci ildə hakimiyyətə keçmiş Çin lideri Xi Jinping-ə qarşı ən böyük problem hesab olunur.

Honq Konq sakinləri Pekinin getdikcə onların azadlıqlarıı daha çox məhdudlaşdırdığını düşünür.

Honq Konqdakı Amerika Ticarət Palatası bazar ertəsi bildirib ki, son rəy sorğusu beynəlxalq şirkətlərin bu şəhərin qısamüddətli perspektivlərinə bədbin yanaşdığını üzə çıxarıb.

Respondentlərin fikrincə, şirkətləri daxilində və xaricdəki müştərilər arasında son vaxtlar belə bir rəy formalaşıb – onlar Honq Konqun getdikcə daha az təhlükəsiz olduğunu, biznes qurmağa daha riskli bir yer olduğunu düşünürlər.

Arxiv fotosu
Arxiv fotosu

Yeniyetmə 3 milyon dollar qazandı

Dünən – iyulun 27-də amerikalı yeniyetmə Kyle Giersdorf Nyu Yorkda keçirilən populyar Fortnite onlayn videooyunu üzrə turnirdə 3 milyon dollarlıq mükafat udub.

16 yaşlı Giersdorf Pensilvaniyadandır. Yarışda azı 100 oyunçu 30 milyon dollarlıq priz uğrunda mübarizə aparırdı. Bu video oyunların populyarlığı dollar sərmayələri cəlb etməyə başlayıb.

“Bugha” ləqəbiylə oynayan Giersdorf 59 bal, ən yaxın rəqibi olan “psalm”dan 26 bal çox yığıb.

“Bunu sözlər ifadə edə bilməz. Sadəcə, xoşbəxtəm”, – Giersdorf müsahibəsində deyib.

2017-ci ildə yaradılmış Fortnite oyunun populyarlığı onun yaradıcısı olan Epic Games şirkətinin dəyərini ötən il 15 milyard dollara qaldırıb. Bu oyun Electronic Arts Inc-in Apex Legends, Tencent Holdings Ltd-nin PlayerUnknown’s Battlegrounds oyunları ilə rəqabət aparır. Tencent Epic Games-in səhmlərinin 40 faizinin sahibidir.

Bu il kiberidman (e-idman) növlərinin, yaxud peşəkar videooyun yarışmalarının dünya üzrə gəliri 1,1 milyard dollara çatacaq. Bu, ötən ildən 27 faizlik artım deməkdir. Gəlirlər reklam, sponsorluq və media hüquqları sayəsində artır.

Ümumilikdə isə, e-idman gəlirlərini çıxsaq, qlobal video və elektron oyun bazarının bu il 152,1 milyard dollarlıq, yəni ötən ildəkindən 9,6 faiz artıq gəlir götürəcəyi proqnozlaşdırılır.

XS
SM
MD
LG