Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

'Görünür, peşəkar şərəfi onu təyyarəni sonacan...'-Media icmalı


Pilot. Foto axiv
Pilot. Foto axiv

XV Avropa Yay Oyunları Festivalında Azərbaycan idmançılarının nəticələri, MiQ-29 təyyarəsinin radardan itməsi, idxal mallarının daxil olmasında yubanmalarla bağlı cərimələr və başqa məsələlər medianın diqqət verdiyi mövzulardandır...

Versiyalar...

Modern.az saytında «Hərbi ekspert MiQ-29-un qəzası haqda danışdı: Versiyalar çox deyil» sərlövhəli yazı oxumaq olar.

«MiQ-29-un qəzası ilə bağlı Müdafiə Nazirliyinin komissiyasının tədqiqatı, hərbi prokurorluğun istintaqı başa çatmadan qəzanın səbəbləri barədə konkret fikir söyləmək doğru olmazdı. Hadisədə, əlbəttə, ən təəssüfləndirici məqam pilot Rəşad Atakişiyevin tapılmamasıdır. Əminəm, o, sonacan təyyarəni xilas etməyə çalışıb və yəqin ki, katapult anını gecikdirib».

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram bunu sayta bu il iyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin radardan itməsi barədə sosial şəbəkələrdə yazılanlara münasibət bildirərkən deyib.

N.Bayram sosial şəbəkələrdəki müzakirələrdə bəzi keçmiş hərbçilərin təyyarənin radio-elektron mübarizə (REM) vasitələri ilə sıradan çıxarıldığı barədə iddiaları təkzib edib və belə halın mümkünsüzlüyünü vurğulayıb. Qəza ilə bağlı versiyalara gəlincə isə, hərbi ekspert aşağıdakıları söyləyib: «Versiyalar çox deyil - texniki nasazlıq, pilotun səhvi və daha az ehtimalla, pilotun səhhətində ani yaranmış problem. Doğrudur, pilot təcrübəli olub, ancaq qəzaya uğramış hərbi təyyarələrin pilotlarının çoxu təcrübəli olub. Ona görə təcrübə qəzanı istisna etmir, bəzi hallarda özünə arxayınlıq hissi yaradır».

N.Bayram deyib ki, qəza texniki nasazlıqdan da ola bilər, ancaq o zaman pilot dispetçerlə əlaqə saxlamağa macal tapardı: «Müdafiə Nazirliyinin məlumatında deyilir ki, təyyarə ilə radioəlaqə bir anda kəsildi və radarlardan itdi. Düşünürəm, pilot hansısa manevri edəndə nəsə başqa cür gedib. Bu təyyarələrin katapultu dünyada ən etibarlı katapultlardan sayılır. Məncə, vaxtında katapult etsəydi, xilas ola bilərdi. Ancaq görünür ki, peşəkar şərəfi onu təyyarəni sonacan xilas etməyə çalışmağa sövq edib. Əlbəttə, bunlar versiyalardır».

E.Rüstəmov
E.Rüstəmov

«Guya xaricdən mal gətirmək adı ilə 4-5 milyard...»

Marja.az saytında «Mal gətirmək adı ilə xaricə 4-5 milyard dollar pul köçürürdülər...» sərlövhəli yazı diqqət cəlb edir.

Müəllif başlığa çıxarılan məsələ ətrafında Mərkəzi Bankın (AMB) rəhbəri Elman Rüstəmovun mövqeyini təqdim edib.

Yazıda bildirilir ki, son vaxtlar şirkətlərin Maliyyə Bazarlarına Nəzarət Palatasının protokoluna əsasən, cərimələnməsi halları artıb.

Müəllifin qeyd etməsinə görə, şirkətlər İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü bəndinə (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə (270 gün) müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) əsasən cərimələnirlər.

Yazıda o da vurğulanıb ki, yerli istehsalçı və idxalçı şirkətlər qaydalara dəyişikliklərin lazım gəldiyini deyirlər və bunu bir sıra malların ölkəyə daxil olmasının 270 gündən artıq çəkməsi ilə əsaslandırırlar.

AMB-nin sədri E.Rüstəmov Marja-ya bildirib ki, «Qaydalar» böhran dövründə antiböhran tədbiri kimi qəbul edilib və bunun real əsasları var idi: «Bizim hüquqi şəxslər tərəfindən guya xaricdən mal gətirmək adı ilə 4-5 milyard dollar pul köçürülürdü, amma mallar ölkəyə daxil olmurdu... Biz bunun qarşısını almaq üçün qaydaları qəbul etdik».

E.Rüstəmov deyib ki, əgər pul real ticarət əməliyyatından ötrü xaricə köçürülürsə, 180 gün ərzində mallar ölkəyə daxil olmalıdır: «Sonradan təklif oldu və müddət 270 günə qaldırıldı. Hazırda 270 günün bəzi hallarda kifayət etmədiyi barədə obyektiv təklif var».

E.Rüstəmov da bir sıra investisiya mallarının hazırlanmasının 270 gündən çox davam edə biləcəyini vurğulayıb: «MB da bununla razılaşdı. Qaydalara müvafiq düzəlişlər edəcəyik. İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə malların idxalı üçün 270 gündən artıq vaxt veriləcək...».

XV Avropa Yay Oyunları Festivalının açılşı - 21 iyul 2019
XV Avropa Yay Oyunları Festivalının açılşı - 21 iyul 2019

48 ölkə arasında 4-cü

«Azərbaycan» qəzetində dərc edilən «Yüksək nailiyyət: Azərbaycan 48 ölkə arasında 4-cü oldu» sərlövhəli yazıda iyulun 21-dən 28-dək Bakıda keçirilmiş XV Avropa Yay Oyunları Festivalından bəhs olunur.

Müəllifə görə, bu yarışlara ev sahibliyi etməklə Azərbaycan daha bir yüksək təşkilatçılıq nümunəsini ortaya qoydu: «Bu Festival bir daha təsdiq etdi ki, Azərbaycan ən mötəbər beynəlxalq idman tədbirlərinin, idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının keçirilməsində kifayət qədər böyük təcrübəyə malik bir ölkədir».

Müəllif vurğulayıb ki, 7 gün davam edən turnirdə 48 ölkədən 3900 atlet idmanın 10 növü üzrə mübarizə aparıb: «İdmançılar 135 dəst medal uğrunda güclərini sınadılar. Mükafatçılara 300 qızıl, 300 gümüş, 330 bürünc medal təqdim edildi. Festival günlərində idman obyektlərində 3500-dən çox könüllü fəaliyyət göstərdi».

Müəllifin fikrincə, Avropa Gənclər Olimpiya Festivalı gələcək çempionlar və Olimpiya medalçılarından ötrü əsl sınaq meydanıdır.

Yazıda qeyd edilir ki, Azərbaycan Avropa Gənclərinin Olimpiya festivallarında 1993-cü ildən təmsil olunmağa başlayıb, 1993-cü ildə Hollandiyadakı festivalda 1 qızıl və 2 gümüş medalla ümumi hesabda 17-ci olub.

Yazının sonunda isə oxuyuruq: «Əminliklə deyə bilərik ki, bu uğur Azərbaycan idmançılarını daha mötəbər yarışlarda qələbə qazanmağa ruhlandıracaq və gənc atletlərimiz Azərbaycan bayrağını hələ çox zirvələrdə dalğalandıracaqlar».

XS
SM
MD
LG