Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:04

'Təxribatdan daha çox texnikanın köhnəliyi...'-Media icmalı


Türkiyə pasportu
Türkiyə pasportu

«Doing Business 2020» hədəfləri, Türkiyə vətəndaşlarına viza tələbinin aradan qaldırılması, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin radardan itməsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Bunun turist axınına da çox böyük təsiri olacaq»

Modern.az saytında «Türkiyəli iş adamlarının Azərbaycana axını güclənəcək» sərlövhəli yazı oxumaq olar.

Müəllif bu il sentyabrın 1-dən Azərbaycana bir aylıq gələn Türkiyə vətəndaşlarına viza tələbinin ləğv olunması və bunun mümkün nəticələrini müzakirəyə çıxarıb.

İqtisadçı Natiq Cəfərli sayta bildirib ki, bu, çox doğru bir qərar olub: «Türkiyə bizimlə haradasa 15 il bundan qabaq viza sistemini ləğv edib. İndi isə Türkiyə vətəndaşlarının sərbəst şəkildə Azərbaycana gəlməsinə şərait yarandı. Biz qardaş ölkəyik və bir-birimizi beynəlxalq platformalarda müdafiə edirik. Bizim tarixi və etnik bağlarımız da çox güclüdür».

İqtisadçının sözlərinə görə, Türkiyə tərəfindən hər zaman suallar yaranırdı ki, niyə Azərbaycan viza sistemini ləğv etmir.

N.Cəfərli bu qərarın iqtisadiyyata müsbət təsirindən də söz açıb: «Bu verilmiş qərar ən azından anlaşılmazlığın da aradan qaldırılmasında mühüm rol oynayacaq. Bu, həm siyasi, həm də mədəni tərəfdən xeyirlidir. İqtisadi tərəfdən də müsbət məqamlar olacaq. Viza səbəbindən Türkiyə vətəndaşları ölkəyə gəlməkdən müəyyən dərəcədə çəkinirdilər. Viza ilə müraciət etmək, ödəniş etmək və cavab gözləmək, zaman itkisinə yol vermək istəmirdilər. Bunun turist axınına da çox böyük təsiri olacaq, iş adamlarına da rahat bir şərait yaranacaq».

İ.İsmayıl
İ.İsmayıl

«Pilotun canı texnikadan daha qiymətlidir»

Bizimyol.info saytında «Orduda bu cür səhlənkarlıqlar baş alıb gedir – keçmiş zabit təyyarə qəzasından danışdı» sərlövhəli yazı diqqət çəkir.

Yazıda Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin radardan itməsi ilə bağlı məlumat dəyərləndirilir.

Yazıda bildirilir ki, iyulun 24-ü saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Təhlükəsizlik məsələlər üzrə ekspert, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı İlham İsmayıl sayta deyib ki, ordunun arsenalında olan silahların köhnəlməsi bu kimi qəzaların riskini artırır və odur ki, bu məsələlər ciddi araşdırılmalıdır: «MiQ-29 tipli qırıcı təyyarələrin istehsalına 1980-ci ildən başlanılıb. Keçmişin modifikasiyasıdır, Ordumuzun arsenalında köhnə modifikasiyalar var. Azərbaycan ordusunun arsenalına da 90-cı illərin əvvəllərindən daxil olub. Burada təxribatdan daha çox texnikanın köhnəliyi məsələsi əsas faktordur... Partlayış olmuş silah anbarı (2017-ci ildə silah anbarında baş verən partlayış nəzərdə tutulur), silahların köhnəliyi, zirehli tankların köhnə olması, istehsalının köhnə olması, Rusiyadan və Ukraynadan alınmış, sıradan çıxmış, yenidən işlənmiş texnikaların arsenalımızda olması, hətta korrupsiya halları və digər bu tipli hadisələr araşdırılmalıdır. Bunların nəticəsidir ki, belə qəzalar baş verir».

İ.İsmayıl deyib ki, bu qırıcı təyyarənin qiyməti 22 milyon dollardır, səhlənkarlıq və təxribat məsələləri araşdırılmalıdır.

Amma ekspert məsələsinin təxribat tərəfini o qədər də inandırıcı saymır: «Çox təəssüf ki, nəinki təyyarələr, başqa texnikalar da köhnədir. Sadəcə, təyyarə bu silahların ən bahalısıdır. Pilot həlak olubsa, çox pis. Pilotun canı texnikadan daha qiymətlidir bizim üçün. Yox, əgər sağdırsa, bu o deməkdir ki, dövlətimizin milyonları batdı...».

Doing Business
Doing Business

Azərbaycanın «Doing Business 2020» hədəfləri

«Azərbaycan» qəzetində «Yeni uğurlara doğru...» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycan Dünya Bankının «Doing Business 2020» hesabatında «Biznesə başlama» meyarı üzrə cari ildə dünyanın ən yaxşıları sırasında yer almağı hədəfləyir. Yazıda vurğulandığına görə, 2019-cu ilin hesabatına görə, bu meyarda dünyanın ən yaxşı onluğu sırasına daxil olan Azərbaycan bu ildə biznesə start verilməsi qaydalarında bir sıra yeniliklər tətbiq etməklə mövcud prosedurları daha da asanlaşdırıb: «Hazırda «Doing Business 2019» hesabatında Azərbaycan «Biznesə başlama» indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. «Doing Business 2019» hesabatında Azərbaycan üçün «Biznesə başlama» indikatoru üzrə 3 prosedur, 3.5 gün və 18 manat xərc nəzərdə tutulub. Lakin 2019-cu ildə həyata keçirilmiş islahatlar nəticəsində biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Bu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi çox sadələşdirilib. İslahatlar nəticəsində prosedurların sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb...».

Yazıda iddia edilib ki, Azərbaycanın bir sıra digər sahələrində olduğu kimi, vergi sahəsində də genişmiqyaslı islahatlar həyata keçirilir. Müəllifin qeyd etməsinə görə, bu islahatlara 2018-ci ildə prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi çərçivəyə uyğun başlanıb. Yazının sonunda da oxuyuruq: «...Ölkəmiz beynəlxalq reytinq təşkilatlarının hazırladıqları illik hesabatlarda ilk yerlərdə qərarlaşır. Bütün bunlar isə beynəlxalq birliyin Prezident İlham Əliyevin islahatlarına verdiyi qiymətin təzahürüdür».

XS
SM
MD
LG