Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:27

'Xərçəngə tutulan uşaqların sayı artır'-Media icmalı


A.Qeybulla
A.Qeybulla

Ölkə sənayesində şaxələnmə, uşaqlar arasında xərçəng xəstəliyinin artması, tenderlərdə pozuntular və başqa məsələlər medianın toxunduğu mövzularındandır...

«Hazırda ana südünün keyfiyyəti də çox aşağıdır»

Oxu.az saytında «SOS! Azərbaycanda xərçəngə yoluxan uşaqların sayı artır - ekspert səbəbləri açıqlayır» sərlövhəli yazı oxumaq olar.

Müəllif başlığa çıxarılan mövzunu həkim Adil Qeybulla ilə müzakirə edib.

Yazıda Dövlət Statistika Komitəsinə istinadən bildirilir ki, 2018-ci ildə Azərbaycanda 11123 nəfərdə bədxassəli şiş aşkar edilib: «Yaş qrupları üzrə statistik rəqəmlər də açıqlanıb. Belə ki, onlardan 103 nəfəri 0-13, 21 nəfəri 14-17, 243 nəfəri 18-29, 254 nəfəri 30-34, 366 nəfəri 35-39, 4836 nəfəri 40-59, 5300 nəfəri isə 60 və yuxarı yaş qrupunda olan insanlardır».

A.Qeybulla məsələ ilə bağlı Oxu.az-a açıqlamasında uşaqlar arasında onkoloji xəstəliklərin artdığını söyləyib: «Uşaqlar arasında onkoloji xəstəliklərin yayılan növləri qan xərçəngi, leykoz, leykemiya və sarkomadır. Beyin şişləri də bu növə daxildir. Ümumiyyətlə, onkoloji xəstəliklər bütün yaşlarda olan insanlar arasında daha çox yayılıb. Amma uşaqlarda artım çoxalır. Bunun da bir çox səbəbləri var. Öncə bunun əsas göstəricisi ekoloji səbəbdir. Yəni su, qida, dərman kimi bütün faktorlar nəzərdə tutulur... Təəssüflər olsun ki, bu gün Azərbaycan əhalisi sağlam qidalanmır».

A.Qeybulla habelə vurğulayıb ki, hazırda ana südünün keyfiyyəti də çox aşağıdır: «Demək olar ki, tibbi sığorta yoxdur. Uşaqların pediatrik check-up müayinə yoxlama sistemi də çox aşağıdır… Hazırda ana südünün keyfiyyəti də çox aşağıdır. Bu, ananın qidaları ilə bağlıdır. Ona görə də, təbii ki, uşaqlarda immunitet sisteminin formalaşması xeyli aşağıdır. Təəssüflər olsun ki, bu baxımdan, onkoloji xəstəliklərin xüsusi çəkisi uşaqlar arasında artmaqdadır…».

V.Əhmədov
V.Əhmədov

«Tenderlər tenderi keçirən rəhbərin monopoliyasındadır»

Yenisabah.az saytında «Milyonluq tenderləri kimlər qazanır? – Qohumlarıdır...» sərlövhəli yazı diqqət çəkir.

Müəllif dövlət satınalmaları ilə bağlı deputat Vahid Əhmədovla söhbətləşib.

Yazıda qeyd edilir ki, tenderlər son zamanlar medianın müzakirə mövzusuna çevrilib.

Müəllif yazıb ki, bu məsələ növbəti dəfə Səhiyyə Nazirliyinin Ucar rayonunun Mərkəzi Xəstəxanasının birillik dəftərxana xərcindən ötrü 10 milyon manatlıq tenderi ilə bağlı gündəmə gəlib.

Deputat V.Əhmədov sayta deyib ki, əslində, bu məsələ heç vaxt gündəmdən düşmür, hətta tenderlərlə bağlı xüsusi qanun qəbul olunsa da, buna məhəl qoyan dövlət qurumu yoxdur: «Hamı istədiyi tenderi istənilən səviyyədə keçirir. Orada müəyyən narazılıqlara baxmayaraq, öz istədikləri adamlara tenderi uddururlar və həyata keçirirlər. Fikir verin, həmişə ildə bir dəfə Hesablama Palatasının hesabatı bizə gəlir. Həmin hesabatda tenderlərlə əlaqəli çox ciddi iradlar var».

V.Əhmədov vurğulayıb ki, burada tam şəffaflıq təmin olunmur: «Düzdür, elan verirlər ki, orada-burada tender var. Amma sonradan məlum olur ki, tenderdə iştirak edib əsas qalib gələn tərəf tenderi aparan təşkilatın rəhbərinin ya qohumudur, ya onlara yaxın adamdır və s. Bu, artıq adi hala çevrilib».

V.Əhmədov hesab edir ki, tenderdə şəffaflığın təmin olunmasından ötrü hökumət daha ciddi addımlar atmalıdır: «Bunun üçün ciddi nəzarət mexanizmi həyata keçirilməlidir. Qeyd etdiyim kimi, Hesablama Palatasının bizə verdiyi bütün hesabatlarda satınalmalarla bağlı çox ciddi problemlər üzə çıxır. Onlara xəbərdarlıq edilir, müəyyən cərimələr verilir, işlər mühafizə orqanlarına göndərilir və s. Amma yenə də durum dəyişməz olaraq qalır».

Deputata görə, bir çox islahatların icrasına baxmayaraq, korrupsiya halları bitmək bilmir: «…Faktiki olaraq deyərdim ki, tenderlər tenderi keçirən rəhbərin monopoliyasındadır. İstədiyi adama tenderi verir və şərtləri əvvəlcədən razılaşdırırlar və s. Belə hallar çoxdur».

Prezident İ.Əliyev Gəncədə «Grand Qafqaz» ticarət kompleksinin açılışında
Prezident İ.Əliyev Gəncədə «Grand Qafqaz» ticarət kompleksinin açılışında

Şaxələnmə

«Azərbaycan» qəzetində dərc edilən «Daha çox şaxələnmə - daha sürətli inkişaf» sərlövhəli yazıda isə ölkədə qeyri-neft sektorunun inkişafı dəyərləndirilib.

Müəllif yazıb ki, sentyabrın 20-də «Əsrin müqaviləsi»nin (Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsi ilə bağlı xarici şirkətlərlə bağlanan müqavilə-red.) 25 yaşı tamam olur. Yazıda vurğulandığına görə, bu «gənc yubilyar»ın mahiyyəti və əhəmiyyətindən çox yazılması, çox danışılması səbəbindən həmin mövzudan uzun-uzadı bəhs etmək fikrindən uzağıq: «Tək bugünkü ölkəmizi 25 il öncəki Azərbaycanla müqayisə etmək yetər ki, həmin müqavilənin bizim üçün mahiyyəti və əhəmiyyəti məlum olsun».

Müəllif hesab edir ki, neft Azərbaycana nə lazımdırsa edib, indi isə meydan da, zaman da qeyri-neft sektorunundur: «Əslində, ölkədə qeyri-neft sektorunun inkişafının vacibliyini Prezident İlham Əliyev hələ «Əsrin müqaviləsi»ndən gələn dividentlərin pik dövründə bəyan etmişdir. Həm də yalnız bəyan etməmişdir, bu istiqamətdə əməli tədbirlər görmüşdür. Məhz həmin tədbirlər sayəsində Azərbaycan iqtisadiyyatı sürətlə şaxələnməyə başlamış, xüsusən qəbul edilən regional inkişaf dövlət proqramları çərçivəsində bölgələrdə qeyri-neft sektoru üzrə çoxsaylı sənaye müəssisələri fəaliyyətə başlamışdır».

Yazıda daha sonra ölkə sənayesinin son statistik durumuna da nəzər yetirilir: «Dövlət Statistika Komitəsinin cari ilin yanvar-iyun ayları üzrə açıqladığı məlumata görə, göstərilən müddətdə ölkədə 23.6 milyard manatlıq sənaye məhsulları istehsal olunmuşdur ki, bu da ötən ilin eyni dövründəkindən 1.8 faiz çoxdur. Bu informasiyada diqqətçəkən digər fakt odur ki, 6 ayda sənayenin qeyri-neft sektorunda məhsul istehsalının artımı 15.7 faiz olmuşdur...».

XS
SM
MD
LG