«Bakı 2019» XV Avropa Gənclər Yay Olimpiya Festivalı, dövlət qurumları arasında borc qalmaqalı, fermerlərin şikayəti və başqa məsələlər medianın toxunduğu mövzularındandır...
Qarpız əkənlərin qayğıları
«Yeni Müsavat» qəzetində «Nazirlikdən fermerlərə mühüm təklif» sərlövhəli yazı yer alır.
Yazıda qarpız yetişdirən fermerlərin qayğılarından bəhs edilir.
Müəllifin bildirməsinə görə, Bərdə rayonunun Lənbəran kəndində fermerlər alıcı azlığından, bu səbəbdən qarpıza qoyduqları mayanı belə çıxara bilmədiklərindən şikayət edirlər.
Yazıda qeyd edilir ki, hazırda paytaxt bazarlarında qarpızın 1 kiloqramı 40 qəpik civarında olsa da, rayonda sahələrdə 20 qəpiyə təklif olunan məhsula alıcı tapılmır və fermerlər belə davam edərsə, gələn il qarpız əkməyəcəklərini söyləyiblər.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli «Yeni Müsavat»a bildirib ki, ötən il bazarlarda qiymətlərin əlverişli olması üzündən bu il qarpız sahələri artırılıb: «Bir il ərzində sahələr 300 hektardan çox artırılıb,... yerli toxumlardan istifadə ilə yanaşı, xarici ölkələrdən də bizim iqlimə uyğunlaşmış toxumlar gətirilərək əkilib».
N.Nəsirli əlavə edib ki, bu il məhsuldarlıq da yüksək olub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov isə qeyd edib ki, hansısa fermer məhsulunu satmaqda çətinlik çəkirsə, Dövlət Aqrar Ticarət Şirkətinə müraciət edərək, təşkil olunan «Kənddən şəhərə» yarmarkalarına qoşula bilər: «Məhsulu bazara çıxararkən maya dəyərinə təsir edən əsas iki amil var: nəqliyyat xərci və bazarda yer haqqı. «Kənddən şəhərə» yarmarkalarında yer haqqı yoxdur, istənilən fermer öz məhsulunu tam ödənişsiz formada gətirib burada sata bilər. Nəqliyyat xərcinə gəldikdə, biz bu məsələdə də həqiqətən məhsulunu bazara çıxara bilməyən istehsalçıya dəstək verə bilərik. Yeganə şərtimiz budur ki, istehsalçı öz məhsulunu yarmarkada bazar qiymətinə deyil, daha ucuz satsın».
«Dövlət qurumu arasında milyonluq qalmaq»
Hurriyyet.org saytında «İki dövlət qurumu arasında 26 milyonluq qalmaqal: Məktəblər, xəstəxanalar, mənzillər qışda istiliksiz qalacaq?» sərlövhəli yazı oxumaq olar.
Müəllif «Azəriqaz» İstehsalat Birliyi (İB) ilə «Azəristiliktəchizat» Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında borc qalmaqalına toxunaraq, bunun mümkün nəticələrini iqtisadçı-ekspert Natiq Cəfərli ilə dəyərləndirib.
Yazıda bildirilir ki, «Azəriqaz» İB son günlər paytaxt Bakının bir neçə yerində istilik təchizatı ilə bağlı yaranan problemlərlə əlaqədar məlumat yayaraq, bunu «Azəristiliktəchizat»ın borcunu ödəməməsi ilə bağlayıb.
Məlumatda qeyd etməsinə görə, «Azəristiliktəchizat» ASC-yə 2019-cu ilin 6 ayı ərzində 26 milyon 46 min 891.20 manat məbləğində təbii qaz istehlak olunub, amma əvəzində heç bir ödəniş edilməyib.
İqtisadçı N.Cəfərli mövzu ilə bağlı bunları deyib: «Bu, bir neçə dəfə təkrarlanan prosesdir, keçən il də, ondan öncəki il də eyni hadisənin şahidi olmuşduq. «Azəristiliktəchizat» ASC ödəniş edə bilmir. Səbəb kimi də əhalidən və dövlət orqanlarından yığılan vəsaitin azlığını göstərir. Çünki istiliklə bağlı elə bir vəziyyətdir ki, orada sayğaclaşma həyata keçirmək mümkün deyil. Ancaq fərdi qaydada adambaşına düşən istiliyin həcminə görə hesablayıb ödəniş sisteminə keçiblər. Sayğac olmadıqda dəqiq istifadə qaydalarını da bilmək olmur».
N.Cəfərli deyib ki, «Azəristiliktəchizat» ASC-nin əsas arqumenti bir çox borcluların dövlət orqanları olmasıdır: «Bir çox ölkələrdə, hətta Rusiyada belə sistem çoxdan özəlləşdirilib və özəl şirkətlər tərəfindən idarə olunur. İstilik sistemi xilasedici sahə deyil ki, orada dövlətin nəzarəti mütləq olsun. Azərbaycanda isə hökumət bu addımı atmaq istəmir və «Azəristiliktəchizat» kimi dövlət şirkətləri kifayət qədər qeyri-şəffaf çalışdığından nə göstərdiyi xidmətin keyfiyyəti qaneedici olur, nə də yığım yüksək olur».
N.Cəfərli hesab edir ki, yığım çox vaxt aşağı olduğundan problemlər yaşanır, bu problemin qarşısını ancaq özəlləşdirmə ilə almaq olar.
Bakıda Olimpiya Festivalı
Rəsmi AZƏRTAC saytında «Bakı 2019» XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimindən bəhs edilir.
Yazıda bildirilir ki, son illərdə ardıcıl bir sıra mötəbər idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edən Bakı iyulun 21-də yenidən Avropanın, eləcə də dünyanın diqqət mərkəzinə çevrilib: «Ölkəmizin paytaxtı «Bakı 2019» XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir».
Məlumatda qeyd edilir ki, festivalın «Baku Crystal Hall»da keçirilən təntənəli açılış mərasimində Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, onun xanımı Mehriban Əliyeva, Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç də iştirak etdilər: «Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi olan Avropa Olimpiya Komitələrinin (AOK) qürur mənbəyidir. Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Tək illərdə, iki ildə bir dəfə keçirilən qış və yay festivalları da var».
Sayt bildirir ki, tədbir Olimpiya bayrağı altında keçirilir və Olimpiya ənənələri ilə zəngindir: «Alovlanan məşəldən başlayaraq idmançı və rəsmilərin and içməsinə qədər. Avropanın bir çox yüksələn idman ulduzları beynəlxalq arenada ilk addımlarını məhz Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı atırlar».
Məlumatda qeyd edilir ki, «Zirvələrə hazırıq» devizi altında keçirilən «Bakı 2019» XV Avropa Gənclər Yay Olimpiya Festivalının talismanları Cırtdan və Bəbirdir: «Paytaxt Bakının 12 idman obyektində yeddi gün davam edəcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizəyə qoşulub...».