Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:21

'Kim necə qiymət qoyur, öz işidir'-Media icmalı


AQTA
AQTA

Qida Təhlükəsizliyi Agentliyinin elan etdiyi tender, yaşıllıqların tutulması, bazarlarda tərəvəzlərin qiymətlərində artım və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Bir tender haqqında

Marja.az saytında «Agentlik öz rəhbərinin şirkətinin mallarını alır» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) «Laborator sərf materiallarının satın alınması» üzrə elan etdiyi tenderin qalibini açıqlayıb.

Müəllif «Dövlət satınalmalarının vahid elektron portalı»na istinadən vurğulayıb ki, qalib şirkət «Medeks» MMC-dir:

««Medeks» Agentliyə laborator sərf materialları satacaq. 12 iyul 2019-cu il tarixində Qida Təhlükəsizliyi Agentliyi «Medeks» MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 43 min 208 manatdır.

Həmçinin, iyulun 7-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu laboratoriyaları üçün ləvazimatların satın alınması üçün «Medeks» MMC ilə müqavilə imzalayıb. Müqavilənin məbləği 599 min 749 manatdır».

Yazıda qeyd edilir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxs olan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən qurumdur:

««Wikipedia»da verilən məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2008-2016-cı illərdə isə «Medeks» MMC-də baş direktor vəzifələrində çalışıb. Hazırda da bu şirkətin Qoşqar Təhməzliyə məxsus olduğu bildirilir».

Yazıda qeyd edildiyinə görə, «Medeks» MMC-nin saytında da Q.Təhməzlinin vaxtilə «Ən yaxşı top-menecer» adına layiq görüldüyü qeyd edilib.

Saytda yer alan bütün bu iddialara Qida Təhlükəsizliyi Agentliyinin sədri Q.Təhməzli və bu qurumun başqa təmsilçilərindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Pomidor
Pomidor

Pomidorun qiyməti əl yandırır

Oxu.az saytında «Pomidorun qiyməti niyə əl yandırır və nə vaxt ucuzlaşacaq?» sualı gündəmə daşınır.

Müəllif son günlər tərəvəz məhsullarının, o cümlədən pomidorun qiymətinin bahalaşmasını iqtisadçı-ekspert Vüqar Bayramovla müzakirə edib.

Yazıda bildirilir ki, hazırda paytaxt bazarlarında və marketlərdə pomidorun bir kiloqramının qiyməti 2 manata qədər yüksəlib. Müəllif vurğulayır ki, bu, əvvəlki illərlə müqayisədə də xeyli bahadır.

V.Bayramov isə sayta bunları deyib: «Kənd Təsərrüfatı Nazirliyi çalışmalıdır ki, sahədən yığılan pomidorların bazarda satışını təmin etsin. Çünki qiymət artımı sahə pomidorlarının bazara çıxarılmasının yubanması ilə bağlıdır. Nəzərə almalıyıq ki, istixana pomidorlarının bazara çıxarılması mərhələsi başa çatmaq üzrədir».

Ekspertin sözlərinə görə, bahalaşma daha çox hava şəraiti ilə bağlıdır: «Bu baxımdan bazarda təklif azalıb və qıtlıq yaranıb. Təklifin azalması isə qiymətlərin artmasına gətirib çıxarıb. Çünki sahədə yetişdirilən pomidorların həcmi, hələlik, azdır. Bu da qiymətlərə təsir edir».

V.Bayramov ehtimal edir ki, gələn həftədən etibarən sahə pomidorlarının bazara çıxarılması təmin oluna bilər: «Bu zaman qiymətlərin azalması müşahidə olunacaq. Təklifin artması qiymətlərə təsir edəcək».

Ekspert daha sonra da əlavə edib: «Kənd Təsərrüfatı Nazirliyi və yerli icra hakimiyyəti orqanları sahədə yetişdirilən pomidorların daha qısa zamanda bazara çıxışını təmin etməlidir. Əsasən də nəqliyyat xidmətini və paytaxtdakı fermer bazarlarına çıxış imkanlarının artırılmasını təmin etməlidirlər».

Meşə
Meşə

«Hər qarışı ictimai iaşə obyekti ilə zəbt olunmuş məkan»

Rəsmi «Azərbaycan» qəzetində «Hacıkənd: hər qarışı ictimai iaşə obyekti ilə zəbt olunmuş məkan» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, istirahət etmək hər kəsin haqqıdır, özü də yayın qızmarında buna daha çox ehtiyac duyulur. Yazıda vurğulandığına görə, ancaq istirahətdən istirahətə fərq var: «Təbiidir ki, yayın istisində özünü təbiətin qoynuna atmaq istəyənlər daha çox olur. Çünki təbiətin təmiz havasını uda-uda yaşıllıqlar qoynunda sərilmiş süfrə ətrafında dövrə vurub oturmuş ailə üzvlərinlə söhbət etməkdən gözəl nə ola bilər».

Müəllif Qərb bölgəsində yaşayanların həftəsonu istirahətlərini necə keçirmələrini öyrənmək məqsədilə Hacıkəndə üz tutub. Lakin yazıda təəssüflə qeyd edilir ki, bu ərazidə heç də hər şey gözoxşayan deyil: «...Oturub dincəlmək üçün meşədə bir kvadratmetr də olsun belə boş yer tapmadıq. Hara getdiksə, ya ailəvi istirahət mərkəzləri, ya da kafe və çayxanalarla rastlaşdıq. Məcbur olub ailəvi istirahət mərkəzlərinin birində oturmalı olduq. Belə qərara gəldik ki, elə günorta naharımızı burada edək. Sonda deyilən hesab bizi təəccübləndirdi. Söylədilər ki, biz hələ insaflıyıq. Digər yeməkxanalarda bunun iki qatını alırlar. Sözümüz yoxdur, bazar iqtisadiyyatıdır! Kim necə qiymət qoyur, öz işidir!».

Müəllif qeyd edib ki, Hacıkənddə tez-tez restoran və istirahət mərkəzləri ilə üzləşiblər: «Dedilər ki, meşələrdə ağacların qırılıb yerində obyekt tikilməsi üçün şərait yaradılmasına icazəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində olan departament verir. Biz Hacıkənddə olarkən meşələrdə traktor səsi eşidilirdi. Görünür, bu proses bu gün də davam edir. Sual olunur, bu biabırçılıq nə vaxta kimi davam edəcək?».

XS
SM
MD
LG