Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

'Bazara çıxarılan məhsul tələbi ödəmir'-Media icmalı


Boşanma
Boşanma

Aqrar sektorda vəziyyət, meyvə-tərəvəzin qiymətlərində bahalaşma, ölkədə boşanmaların qarşısının alınması yolları və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Boşanmaların qarşısını almaq yolları...

Yenisabah.az saytında «Boşanmaların sayının azalması üçün hansı addımlar atıla bilər?-sosioloq izah edir» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, son 6 ayda Azərbaycanda 6324 boşanma rəsmiləşdirilib. Müəllifin qeyd etməsinə görə, bu rəqəm də göstərir ki, ölkədə boşanmaların sayı artmaqdadır.

Sosioloq Əhməd Qəşəmoğluna görə, boşanmalar cəmiyyətin özünün qanunauyğunluğundan doğur: «O yerdə ki, mənəvi dəyərlər get-gedə sıxılır, arxa plana keçir, basqı altına düşür, orada hökmən kriminal, xoşagəlməz vəziyyətlər, gərginlik yaranır. Adicə ailə üzvləri arasında mənəvi dəyərlər üstün olanda orada ahəngdar vəziyyət yaranar. Eyni zamanda ölkə də belədir. Bu məsələlərin kökündə ciddi sosial qanunlar dayanır. Bütün tarix boyu bizim mədəniyyətimizdə, mənəviyyatımızda ailə dəyəri mühüm rol oynayıb...».

Sosioloq boşananların artması ilə yanaşı, Azərbaycan əhalisinin bir hissəsinin də xaricdə olmasına diqqət çəkib. O, daha sonra da boşanmaların qarşısının alinmasi ilə bağlı fikirlərini ortaya qoyub. Ə.Qəşəmoğlu deyib ki, boşanmaların qarşısını almaqdan ötrü mənəvi dəyərləri arxa plana keçirən amilləri ortadan qaldırmaq lazımdır: «Məsələn, rüşvəti, harınlığı, insanların özünü nümayiş etdirməsini, bir-biriləri ilə maddi üstünlüklər vasitəsilə yarışmaqlarını - bunları ictimai qınağın hədəfinə çevirmək lazımdır. Bir zamanlar Azərbaycan cəmiyyətini tənzimləyən çox mühüm bir institut var idi – ağsaqqallar və ağbirçəklər. Harada ki onlar olurdu, işləri tənzimləyirdilər. Çox təəssüf ki, hazırda onlar cəmiyyətdə aparıcı rol oynaya bilmirlər. Bu istiqamətdə işlər görmək üçün ölkədə humanitar siyasətdə dəyişiklik olmalıdır. Bu sahədəki elm adamlarını bir yerə toplayıb fəaliyyət proqramı hazırlamaq lazımdır...».

Bazar
Bazar

Bazar lövhələri...

«Yeni Müsavat» qəzetində «Meyvə-tərəvəz niyə bahadır? Bazardan videoreportaj» sərlövhəli yazı yer alır.

Yazıda qeyd edilir ki, son günlər meyvə-tərəvəzin və xüsusən pomidorun qiymətinin bahalaşması cəmiyyətdə müzakirə mövzularından birinə çevrilib.

Müəllif bildirir ki, hazırda bazarda pomidor 2 manata yaxın və ondan baha təklif edilir.

Qəzetin əməkdaşları vəziyyətlə yerində tanış olmaq, həm alıcılar, həm də satıcılarla söhbət etmək məqsədilə Bakıda meyvə-tərəvəz bazarlarından birinə baş çəkiblər: «Bazarda öyrəndik ki, qiymətlər ötən günlərlə müqayisədə bir qədər ucuzlaşıb. Lakin alıcılar bir o qədər də gözə dəymirdi. Söhbət etdiyimiz alıcılar söylədilər ki, qiymətlərdən narazıdırlar. Bahalıq olduğu üçün normal alış-veriş edə bilmirlər. Satıcılar isə söylədilər ki, qiymətlərin baha olması onlardan asılı olan səbəblərlə bağlı deyil. Bildirdilər ki, özləri də malı baha qiymətə alırlar. Mal götürdükləri yerlərdə isə qıtlıq yaşanır...».

Məsələ ilə bağlı ekspert Mürvət Həsənli isə qəzetə bildirib ki, qiymətlərin baha olmasının səbəbi məhsulun az olması ilə bağlıdır. Ekspert deyib ki, hazırda bazara çıxarılan məhsul tələbi ödəmir. Onun fikrincə, bu da təklif edilən məhsulların ötən illərlə müqayisədə bahalaşmasına səbəb olub.

Şəmkir aqroparkı
Şəmkir aqroparkı

Aqrar sektor

«Azərbaycan» qəzetində «Aqrar sektor həm də ixraca köklənir» sərlövhəli yazı dərc edilib.

Bu yazıda isə ölkədə istehsal edilən kənd təsərrüfatı məhsulları ilə bağlı tamam başqa mənzərə ortalığa qoyulur.

Müəllif yazıb ki, bu ilin birinci rübündə kənd təsərrüfatı məhsulları istehsalında əldə edilən 4.2 faizlik artım bütünlükdə aqrar sektorun dinamik inkişafından xəbər verir. Yazıda vurğulandığına görə, ənənəvi məhsulların istehsalının artımı ilə bağlı nə qədər ciddi addımlar atılıbsa, bir o qədər də digər sahələrə diqqət yetirilib: «Ölkədə yaradılmaqda olan 45 aqropark isə ixrac potensialının inkişafında inqilabi nəticələrə nail olmağa hədəflənib».

Yazıda bildirilir ki, Azərbaycan dünyada yeni ixrac bazarlarının axtarışındadır və bu istiqamətdə atılan ilk addımlar artıq bəhrəsini verir. Müəllifin fikrincə, müxtəlif ölkələrə ixrac missiyalarının ezamı, səfirliklərin nəzdində ticarət nümayəndəliklərinin, dünyanın müxtəlif ölkələrində ticarət evlərinin yaradılması davam edir: «Prezident bu sahədə görülən işlərdən razı qalsa da, hesab edir ki, daha fəal və ciddi nəticələrə nail olmaq lazımdır».

Müəllif daha sonra kənd təsərrüfatında ayrı-ayrı sahələrdən bəhs edir. Diqqəti Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzlərinin yaradılmasına yönəldir. Yazıda qeyd edildiyinə görə, bunun həm sahibkarlığın, həm də biznesin inkişafından ötrü böyük əhəmiyyəti var.

Yazının sonunda isə oxuyuruq: «Beləliklə, dövlət aqrar sektorda köklü islahatları davam etdirir. Bundan hər bir fermerin yararlanmaq şansı var. Əsas odur ki, qolunu çırmalayıb öz işinə can yandırasan».

XS
SM
MD
LG