Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:12

'Rusiyanın güvəli hesab etdiyi məhsullar Bakı bazarlarında satışa çıxarılır'-Media icmalı


Moskva bazarında miqrant kartof boşaldır.
Moskva bazarında miqrant kartof boşaldır.

Yük maşınları geri qaytarılır...

Yenisabah.az son günlərin ən çox danışılan mövzularından birinə, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya sərhədindən geri qaytarılmasına toxunur: «Rusiyanın güvəli hesab etdiyi məhsullar Bakı bazarlarında satışa çıxarılır».

Sayta danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Rusiyanın bu addımını bir çoxları kimi siyasi təzyiq vasitəsi saymır: «Bu, sırf Azərbaycanda istehsal olunan məhsulların tərkibində zərərvericilərin, xəstəlik törədicilərin aşkar olunması məsələsidir».

V.Məhərrəmli bunun birinci dəfə baş vermədiyini söyləyir: «Davamlı olaraq, hər ay belə faktlar aşkar edilir və yük maşınları geri qaytarılır. Hansında xəstəlik yayan ziyanvericilər aşkar edilmir, onlar Rusiyaya buraxılır. Əslində bu hal Azərbaycan kənd təsərrüfatı üçün yaxşı göstərici deyil. Dəfələrlə belə faktlar aşkar olunub. Amma Kənd Təsərrüfatı Nazirliyi nədənsə fəaliyyətsizlik nümayiş etdirir».

Ekspert adıçəkilən nazirliyin işini tənqid edir, onun zərərvericilərə qarşı mübarizədə addım atmadığını iddia edir, bununla mübarizənin öhdəsindən isə fermerlərin təkbaşına gələ bilməyəcəyini vurğulayır.

V.Məhərrəmli iddia edir ki, xarici ölkənin qəbul etmədiyi məhsullar ölkə əhalisinə satılır: «Göndərilməyən məhsullar Bakı bazarında istehlakçılara yüksək qiymətə satılacaq. Deyirdilər ki, o məhsulların insan orqanizminə ziyanı yoxdur. Son bir neçə ildə alimlər bu qənaətə gəlib ki, həmin məhsullarda zərərvericilər toksid maddələr ifraz edirlər və bu da insan orqanizminə ziyandır. Həmin anda nəsə baş verməsə də, müəyyən mərhələdən sonra bəzi fəsadlara gətirib çıxarır».

Ekspertin fikrincə, sıravi vətəndaşın bu məhsulları ayırd etməsi çox çətindir, xəstəlik törədiciləri avadanlıqla müəyyən olunur.

V.Məhərrəmli hesab edir ki, o məhsullar geri qaytarılıb məhv edilməli, Rusiyada olduğu kimi, məhvedilmə prosesi ictimaiyyətə göstərilməlidir.

Endirim
Endirim

Yeni marketinq üsulu: bahalaşmış «endirim»

«Bahalaşmış mallar endirim adı altında alıcıya «sırınır», - Bizimyol.info-nun bazar və dükanlardan reportajı belə adlanır.

Qəzet maaş və təqaüdlərin artırılacağı haqda prezident sərəncamından sonra ölkənin ərzaq və qeyri-ərzaq bazarında istehlak mallarının bahalaşmasından yazır.

Bizimyol.info-nun əməkdaşı bir neçə gün ərzində paytaxtın müxtəlif rayon və qəsəbələrində yerləşən market və bazarlarda qiymət artımının olub-olmamasına dair müşahidələr apardığını, kiçik market satıcılarının bahalaşma ilə bağlı verilən suallara cavabının eyni olduğunu - qiymətlərin artdığını yazır.

Amma müxbir bu bahalaşmanı pərdələmək istəyənlərin olduğunu da söyləyir. Məsələn, supermarketlərdən birində həmişə kilosu 8 manata satılan qiymənin bu dəfə 8 manat 65 qəpiyə təklif olunduğu halda, vitrinə böyük hərflərlə «endirim» yazıldığını bildirir: «Bahalaşmanın endirim adı ilə ört-basdır edilməsi isə yeni fakt deyil. Bu da son illərin yeni marketinq üsuludur».

Daha sonra deyilir ki, yumurta, çörək, unun qiyməti sabit qalsa da, soğanın, kartofun qiymətində bahalaşma müşahidə olunur, mövsümə uyğun olaraq şəkər tozunun qiymətində cüzi bahalaşma qeydə alınıb.

Qəzet Dövlət Statistika Komitəsinin məlumatına istinadən ay ərzində uzun düyü, mal, qoyun və toyuq əti, suda bişmiş kolbasa, sosiska, təzə balıq, pasterizə olunmamış üzlü süd, kərə yağı, banan, meyvə və çərəzlər, kələm, göyərti, xiyar, pomidor, bibər, badımcan və s. kimi məhsulların qiymətlərində də bahalaşma müşahidə olunduğunu diqqətə çatdırır.

İ.Əliyev və E.Makron
İ.Əliyev və E.Makron

Güvənilən, etibarlı tərəfdaş

«Azərbaycan» qəzetinin məqaləsi belə adlanır: «Azərbaycan güvənilən tərəfdaş, etibarlı iş ortağıdır».

Məqalədə Azərbaycan-Fransa iqtisadi əlaqələri dəyərləndirilir.

Yazıda son 16 ildə Azərbaycanın inkişafına görə öncül yerlərdə qərar tutduğu, siyasi və iqtisadi müstəqilliyin ölkəyə böyük dividentlər qazandırdığı, sərmayə qoyuluşu üçün cəlbedici ölkəyə çevrildiyi bildirilir. Bunun səbəbi isə ölkədəki sabitlik, iqtisadi inkişaf, əlverişli biznes və investisiya mühiti ilə izah olunur, bu müddətdə ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın investisiyanın yatırılması qeyd olunur.

Avropanın Azərbaycanın əsas investoru və ticarət tərəfdaşı olduğu, Azərbaycanın böyük ölkələrin tanınmış şirkətləri ilə iqtisadi münasibətləri daha da dərinləşdirdiyi vurğulanır. Bununla da söhbət prezident İlham Əliyevin 170 min şirkətin üzv olduğu Fransa Sahibkarlar Təşkilatı - MEDEF-in nümayəndələri ilə keçirdiyi görüşün üzərinə gətirilir.

Qəzet hesab edir ki, belə münasibətlərin əsasında təkcə ölkənin malik olduğu yüksək iqtisadi potensial dayanmır, başlıcası «Azərbaycanın güvənilən tərəfdaş, etibarlı iş ortağı olmasıdır».

Eyni zamanda, bu görüşlə Azərbaycan-Fransa münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğu bildirilir.

Məqalədə son 15 ildə prezident İlham Əliyevin Fransaya 13 dəfə səfər etməsi yada salınır, Fransa ilə münasibətlərin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın «müstəsna rolu» qeyd olunur.

«Həm cənab İlham Əliyevin, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın MEDEF üzvləri ilə keçirdikləri görüşlərdə səslənən fikirlərdən isə bəlli oldu ki, Fransa ilə Azərbaycan arasında neft-qaz hasilatı, qeyri-neft sənayesi, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlıq, birgə layihələrin icrası, investisiya qoyuluşu iqtisadi əlaqələri daha da şaxələndirəcək və Azərbaycan bundan siyasi və iqtisadi dividentlər qazanacaq», - «Azərbaycan» yazır.

XS
SM
MD
LG