Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:38

Vaşinqton Zarif-ə sanksiyaları indilik dayandırır


Mohammad Javad Zarif (sağda) Fransanın elçisi Emmanuel Bonne (solda) ilə görüşür, Tehran, 10 iyul, 2019-cu il
Mohammad Javad Zarif (sağda) Fransanın elçisi Emmanuel Bonne (solda) ilə görüşür, Tehran, 10 iyul, 2019-cu il

“Reuters” xəbər verir ki, Birləşmiş Ştatlar İranın Xarici işlər naziri Mohammad Javad Zarif-ə sanksiya tətbiqini indilik dayandırmağa qərar verib. Bu Vaşinqtonun ikitərəfli münasibətlərdə gərginlik yaşandığı dönəmdə diplomatiya qapısını tam bağlamamasının əlaməti sayıla bilər.

Agentlik xəbəri iyulun 11-də məsələdən agah iki mənbəyə istinadla yayıb, ancaq onlar bu addımın səbəblərini izah etməyiblər.

Məsələyə ABŞ rəsmilərindən, hələlik, açıqlama gəlməyib.

ABŞ-ın Maliyyə naziri Steven Mnuchin iyunda demişdi ki, Prezident Donald Trump ona Zarif-ə sanksiya tətbiq etmək səlahiyyəti verib.

Steven Mnuchin
Steven Mnuchin

Bəziləri bu açıqlamanı potensial hədəfə öncədən qeyri-adi xəbərdarlıq hesab ediblər, belə ki, bu halda sanksiyaya məruz qalacağı gözlənən şəxs ABŞ yurisdiksiyasındakı aktivlərini çıxara bilər.

Ancaq İranın baş diplomatına sanksiya tətbiqinin özü də qeydi-adi addım olardı. Çünki bu halda İranla nüvə proqramıyla bağlı mübahisənin həllinə yönəlik hər hansı addım önlənmiş olardı.

Zarif İrandan kənarda əmlakının olmadığını deyir

Zarif gələn həftə BMT-nin iclasına qatılmalıdır. Birləşmiş Ştatlara daxil olmaqdan ötrü o, Vaşinqtondan viza almalıdır. Bunun özü də Zarif-ə sanksiyaların indilik ertələnməsinin daha bir əlaməti sayıla bilər.

Cəbbərültariqdə saxlanmış Grace 1 tankeri
Cəbbərültariqdə saxlanmış Grace 1 tankeri

ABŞ administrasiyasının aparıcı rəsmisi bu yaxınlarda jurnalistlərə deyib ki, “Tehrana əlavə sanksiyalar imkanlarını araşdırırıq. Aydındır ki, Xarici işlər naziri Zarif əsas fiqurdur və… məlumat olduqca sizə xəbər verəcəyik”.

Zarif isə ABŞ sanksiyalarının mümkünlüyünü rədd edib. O, iyulun 4-də deyib ki, İrandan kənarda hər hansı əmlakı, yaxud bank hesabı yoxdur.

“Buna görə də mümkün sanksiyalarla şəxsi problemim yoxdur”, – o söyləyib.

Trump 2018-ci ilin mayında ABŞ-ın 2015-ci il nüvə sazişindən çıxdığını elan edib və Tehrana sanksiyaları bərpa edib.

Son günlər tərəflər arasında gərginlik daha da artıb, regionda silahlı münaqişə qorxusu yaranıb.

Britaniya iyulun 11-də bildirib ki, İranın üç kateri Hörmüz boğazında Britaniyanın neft tankerini “saxlamağa cəhd edib”. Bundan öncə isə Britaniya qüvvələri Cəbbərültariq boğazında İranın neft tankerini saxlamışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG