Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:06

Rusiya AŞPA-ya qayıtdı, indi nə olacaq – Qərb mediası


Rusiya AŞPA-da, karikatura
Rusiya AŞPA-da, karikatura

Ötən həftə Avropa Şurası Parlament Assambleyası Rusiyanın qurumdakı səsvermə hüququnu bərpa elədi. Bu hüquq 2014-cü ildə, Moskva Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra alınmışdı. Fransa və Almaniya daxil bir çox ölkələr Rusiyanın AŞPA-dan çıxmasını önləməyə çalışırdılar. “New Eastern Europe” portalında Givi Gigitashvili yazır ki, Rusiyanın AŞPA-ya qayıdışı Avropa ölkələrinin vahid mövqeyinin olmadığını, bu səbəbdən də Rusiyanın təhdid yaratmasına dair vahid anlayışı paylaşmadığını üzə çıxardı.

“Üstəlik, onların aydın strategiyası da yoxdur. Bir çox şərqi avropalılar uçun bu, aydınlaşma anı idi; Rusiya gələcəkdə onların təhlükəsizliyini hədələyərsə, Qərbi Avropa ölkələri Kremlin tərəfini saxlaya bilərlər. Estoniyanın Daxili işlər naziri Mart Helme daha da uzağa gedərək təklif edib ki, ölkəsi Avropa Şurasında fəaliyyətini dayandırsın və Şərqi Avropa ölkələri təhlükəsizliklərinin təminatından ötrü Qərbi Avropadan çox Birləşmiş Ştatlara bel bağlasınlar”, – müəllif yazır və şərqi avropalıların narahatlığını Rusiyanın vətəndaş cəmiyyətində çoxlarının paylaşdığını vurğulayır.

Ukraynalı fəalları Rusiyanın AŞPA-ya qayıtmasına etiraz edirlər
Ukraynalı fəalları Rusiyanın AŞPA-ya qayıtmasına etiraz edirlər

“Onlar inanırlar ki, Avropanın böyük ölkələri Rusiyanın puluna necə yeriklədiklərini maskalayırlar və özlərini elə göstərirlər ki, guya Rusiya vətəndaşları və vətəndaş cəmiyyətinin qeydinə qalırlar. İnsan haqları təşkilatlarının fikrincə, AŞPA birtərəfli güzəştlər getməməli, Rusiyanı insan haqları öhdəliklərinin icrasına məcbur etməlidir, əks halda beynəlxalq hüquqi qoruma mexanizmlərinin səmərəsinə zərbə dəyir. (Kremlin tənqidçilərindən) Garry Kasparov-un sözləriylə desək, ‘təqibə məruz qalan rusiyalıların Avropa Şurası və İnsan Haqları Məhkəməsindən istifadə edərək Putin-ə qarşı bir neçə dollarlıq iddia qaldıracağını əsas gətirmək dördüncü mərhələdə olan xərçəng xəstəsinə sarğı qoymaq kimi bir şeydir’”, – məqalədə deyilir.

Avstraliya yerli əhalinin tanınması üzrə referendum vəd edir

Üç ilə Avstraliya yerli əhalinin tanınmasını konstitusiyaya salmaq məsələsini səsverməyə çıxaracaq. Hökumət bu bəyanatı dünən – iyulun 10-da verib. “Reuters” agentliyi bu məsələnin on illərdir ölkədə qızğın mübahisələrə yol açdığını yazır.

Avstraliya, arxiv fotosu
Avstraliya, arxiv fotosu

Avstraliya ilk sakinlərinin əcdadlarını tanımaq məsələsində dirəniş göstərir. Qitəyə Britaniya müstəmləkəçilərindən 50 min il qabaq ayaq basanların törəmələri hələ də milli konstitusiyada tanınmır.

Yerli avstraliyalılar üzrə nazir Ken Wyatt 2022-ci ilədək belə bir referendumun keçiriləcəyini deyib.

“İndiki parlament dövründə konstitusiyada tanınmanın referenduma çıxarılmasına dair konsensus variantını işləyib təqdim edəcəyəm”, – Wyatt Kanberada çıxışında deyib.

Yerli əhali 2017-ci ildə təklif edirdi ki, seçilmiş yerli avstraliyalılardan ibarət məşvərət şurasının yaradılması konstitusiyaya salınsın. Ancaq hökumət bu təklifi rədd edib, bu halda parlamentdə de fakto üçüncü palata yaradılacağını deyib.

Yerlilər Avstraliyanın 23 milyonluq əhalisinin 700 minə qədərini təşkil edir. Ölkədəki sosial-iqtisadi indikatorların hər biri üzrə onlar dibdə yer alırlar, intihar halları, alkoqoldan istifadə, məişət zorakılığı, işsizlik üzrə yüksək göstəricilərdən əziyyət çəkirlər.

Homo sapiensə aid olduğu bildirilən sümüklər, arxiv fotosu
Homo sapiensə aid olduğu bildirilən sümüklər, arxiv fotosu

Müasir insan Afrikadan çıxmayıb?

Afrikadan kənarda tapılmış 210 minlik kəllə sümüyünün müasir insanın əcdadına məxsus olduğu müəyyənləşib. Bununla da Avropaya ilk insanın ayaq basması tarixi 150 mindən də çox geriyə çəkilmiş olub.

“Frans Pres” agentliyi tədqiqatçılara istinadla yazır ki, bu şokedici kəşf müasir insanın Avrasiyada məskunlaşmasına dair anlayışımızı dəyişir. Homo sapiensin bir neçə on min il ərzində Afrikadan bir neçə uğursuz miqrasiya etməsinə dair ideya da dəstəklənir.

Cənub-şərqi Avropa Afrikadan müasir insanın əsas nəqliyyat dəhlizi sayılırdı. Ancaq indiyədək aşkarlanmış dəlillər Homo sapiensin qitəyə 50 min il qabaq gəldiyini göstərirdi.

İbtidai insanın qohumları sayılan neandertalların Avropada daha öncə olmasını göstərən dəlillər isə mövcud idi.

1970-ci illərdə Yunanıstanda bir mağarada tapılmış iki kəllə sümükləri o zaman neandertal kimi tanınmışdı.

“Nature” jurnalı yazır ki, beynəlxalq tədqiqatçılar komandası müasir kompüter texnologiyası sayəsində kəllə sümüklərini yenidən yoxlayıblar. Apidima 2 adlı kəllə sümüyünün 170 min yaşı olduğu, həqiqətən də neandertala məxsusluğu dəqiqləşib. Apidima 1 adlı digər kəllənin isə, alimlərin təəccübünə baxmayaraq, Apidima 2-dən 40 min il yaşlı və Homo sapiensə məxsusluğu ortaya çıxıb.

XS
SM
MD
LG