Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:53

'Dünya güclərinin görüş məkanı - Bakı'-Media icmalı


NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü, Bakı. 2018
NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü, Bakı. 2018

«Azərbaycan» qəzeti «Müstəqil və qətiyyətli siyasətin növbəti təntənəsi» adlı məqalədə NATO-Rusiya hərbi komandanlarının növbəti görüşünün Bakıda keçirilməsindən yazır.

Məqalədə Bakının bu görüşlərə 2017-ci ildən ev sahibliyi etdiyi deyilir və səbəblərinə toxunulur.

Qəzet müxtəlif qütblərdə dayanan Rusiya ilə NATO arasında hər zaman siyasi-hərbi mübahisə və gərginliyin olduğunu bildirir və hesab edir ki, bu «əzələ nümayişi», tərəflərdən birinin emosiyalarını cilovlaya bilməməsi müharibənin başlanmasına səbəb ola bilər.

«Ona görə Rusiya ilə istər NATO, istərsə də ABŞ ali hərbi heyətləri arasında aparılan danışıqlar potensial hərbi toqquşmaların baş verməməsi üçün mühüm əhəmiyyət daşıyır. Bütövlükdə, bu danışıqlar risklərin qarşısının alınması, qarşılıqlı etimadın möhkəmlənməsi işinə xidmət edir», - «Azərbaycan» yazır.

Qəzet hesab edir ki, bu görüşlərin Azərbaycana yalnız keçirilən məkan olaraq aidiyyəti var: «Əsas səbəb odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət dünyanın əsas güc mərkəzləri tərəfindən ehtiramla qarşılanır. İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan ötən 16 ildə həm NATO, həm də Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq əlaqələrini inkişaf etdirib».

Məqalədə deyilir ki, rəsmi Bakı apardığı siyasət və həyata keçirdiyi beynəlxalq layihələrlə Şərqlə Qərb arasında körpü rolunu oynayır, odur ki, hər iki tərəf danışıqların aparılması üçün də məkan olaraq həmişə Bakını seçir: «Sülh və dialoq məkanı kimi növbəti dəfə Bakının seçilməsi həm də ölkəmizin beynəlxalq miqyasda nüfuzunu daha da artıran mühüm amildir».

Rusiya ilə NATO arasında növbəti danışıqlar iyulun 11-də Azərbaycanda keçiriləcək. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Todd Uolters iyulun 10-da Bakıya işgüzar səfərə gəliblər.

Pomidor
Pomidor

Pomidor niyə bahalaşır?

Yenisabah.az pomidorun qiymətinin bahalanması sualına cavab axtarır: «Azərbaycanda pomidorun qiymətində kəskin bahalaşma - səbəb nədir?».

Sayt son günlərə qədər 80-90 qəpik olan pomidorun bəzi marketlərdə qiymətinin hətta 2 manata qədər qalxdığını yazır.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli «Yeni Sabah»a açıqlamasında deyir ki, ilkin olaraq havaların qeyri-sabit keçməsi, temperatur dəyişmələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün ciddi risklər yaradır və bahalaşmanın əsas səbəbi hava şəraitidir: «Əlverişsiz havalar ilkin yaz mövsümündə tumlu meyvə ağaclarının potensial məhsuldarlığa çatmasına imkan vermədi, ağaclarda mayalanma prosesi yağışların təsiri ilə başa çatmadığına görə məhsuldarlıq (gilas, ərik, alça və s.) aşağı düşdü».

Ekspertin sözlərinə görə, iyun-iyul aylarındakı əlverişsiz havalar artıq açıq sahə tərəvəzçiliyinə də mənfi təsir göstərir, hər il iyunun ikinci ongünlüyündə istixanalar fəaliyyətini başa vurur, iyulun əvvəlindən açıq sahədə yetişdirilən tərəvəz məhsulları bazara girərək istehlak zəncirində fasiləyə imkan vermirdi: «Bu il zəncirdəki harmonik əlaqə pozuldu, iyunun sonunda istixanalar təsərrüfat mövsümünə qismən yekun vursalar da, açıq sahədə əkilmiş bostanlarda məhsul vaxtında yetişmədi. Artıq iki həftədir ki, məhsulun yetişməsi üçün faydalı istilik əmsalı yaranmadığı üçün kütləvi yetişmə prosesi gecikir».

Ekspert müşahidələrə əsasən deyir ki, iki həftəyə yaxındır ki, pomidorun yetişməsi üçün tələb olunan müsbət 25-26 dərəcə temperatur yaranmayıb, bostanlarda təxminən 15 günlük gecikmə əmələ gəlib.

Mütəxəssisin sözlərinə görə, havalar düzəlsə, ən uzağı bir həftədən sonra sahələrdə kütləvi yığım başlayacaq və bununla da bazarlarda qiymət təlatümü xeyli səngimiş olacaq.

N.Cəfərli
N.Cəfərli

Banklar niyə xaricə investisiya qoyur?

«Yeni Müsavat» qəzetində oxuyuruq: «Natiq Cəfərli: Yüksək bank faizləri kredit götürüb bizneslə məşğul olmağı mənasız edir».

ReAL Partiyasının icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, kreditlərin qısamüddətli və çox yüksək faizlə verilməsi Azərbaycan banklarının əsas problemidir: «Faizlərin belə yüksək olması biznes üçün heç də sərfəli deyil, real sektor bu məsələdən əziyyət çəkir. Baş verən iki devalvasiyadan sonra yaranan problemli kreditlərin həlli ilə bağlı görülən işlər, 10 min dollara qədər götürülmüş kreditlərlə bağlı kompensasiyanın qaytarılması baş tutsa da, iş adamlarının götürdüyü kreditlərlə bağlı məsələ həll olunmayıb».

İqtisadçının sözlərinə görə, həmin iş adamlarının durumu ağırdır, belə halları bir daha təkrar yaşamamaq üçün kreditə maraq göstərmirlər: «Bank faizlərinin yüksək olması isə ümumiyyətlə, kredit götürüb bizneslə məşğul olmağı mənasız edir. İnsan hansı sahədə bizneslə məşğul olub nə qədər qazanmalıdır ki, ildə 20 faiz bank krediti versin, işçilərin maaşını versin, kommunal ödənişlər etsin, digər xərcləri həyata keçsin, paralel olaraq özü də qazansın. Ona görə də bank faizlərinin yüksək olması iqtisadiyyatın inkişafını əngəlləyən faktora çevrilib».

N.Cəfərlinin qənaətincə, faizlərin yüksək olması həm də yeni iş yerlərinin yaranmasının qarşısını alır, iqtisadi aktivliyi zəiflədir.

Ekspert Mərkəzi Bankın uçot dərəcəsinin isə «mənasız alət»ə döndüyünü söyləyir: «Bütün ölkələrdə mərkəzi bankların uçot dərəcəsi ilə kredit faizləri arasında bağlılıq var. Azərbaycanda isə bu yoxdur. Uçot dərəcəsi 3 faiz olanda da kredit faizləri 20-30 faiz civarındadır, indi 9 faiz olanda da 20-30 faizdir».

N.Cəfərliyə görə, əlində likvid vəsait qalan vətəndaş necə davranırsa, banklar da elə davranır, daxili kreditləşmədə maraqlı olmadıqlarından qazanc əldə etmək üçün likvid vəsaitlərini xaricdə yatırmağa çalışırlar.

XS
SM
MD
LG