Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:42

700 ballıq sistemdən 1000 ballıq sistemə keçilə bilər-Media icmalı


İmtahan
İmtahan

Bizimyol.info ali məktəblərə qəbul imtahanı zamanı balların dəyişdirilməsi barədə ehtimallardan yazır: «700 ballıq sistemdən 1000 ballıq sistemə keçilə bilər – açıqlama».

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə APA-ya müsahibəsində bildirib ki, hazırda tətbiq edilən 700 ballıq sistemin ləğvində heç bir problem yoxdur, o, bu prosesin yubanmasını əhalinin yeni qaydalara gec uyğunlaşması ilə izah edib.

Bizimyol.info-ya danışan təhsil eksperti Kamran Əsədov hesab edir ki, yeni sistemə keçid üçün ilk növbədə sualların sayı və qiymətləndirilməsi dəyişməlidir. Onun sözlərinə görə, abituriyentlərin biliyinin qiymətləndirilməsi üçün müxtəlif ballı sistem tətbiq edilə bilər.

«Çoxballı sistem imtahan iştirakçılarının bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsinin mövcud sistemini təkmilləşdirmək, onun səmərəliliyini artırmaq məqsədi daşıyır», - K.Əsədov söyləyir.

O, 27 ildir ki, ali məktəblərə qəbul zamanı 700 ballıq sistemdən istifadə olunduğu üçün imtahan modelində dəyişiklik edilsə belə, bu streotipin saxlanıldığını deyir: «Amma bu dəyişə bilər. Bunun dəyişməsi üçün imtahanda fənlər üzrə istifadə olunan test tapşırıqlarının sayı və qiymətləndirilməsi dəyişməlidir. Hər doğru cavaba verilən bal və ya səhv cavabın doğru cavaba təsiri nəzərə alınmaqla 100 ballıq, 500 ballıq və ya 1000 ballıq sistemə keçmək olar».

K.Əsədov birdən-birə bu cür dəyişikliyin problemlər yarada biləcəyini düşünür. Amma o da 700 ballıq qiymətləndirilmə sisteminin də dəyişməsini mümkün sayır.

V.Əhmədov
V.Əhmədov

Deputat məhkəmə islahatlarının ləng getdiyini düşünür

Oxu.az yazır: «Məhkəmə islahatları niyə ləng gedir? - Əlavə 200 hakim təyinatı olacaq».

Sayt məhkəmə-hüquq sahəsində islahatların aparılması ilə bağlı deputat Vahid Əhmədovla danışıb. O hesab edir ki, Azərbaycanda müxtəlif istiqamətlərdə aparılan islahatlar arasında ən vacibi məhkəmə-hüquq sistemi sahəsindəki islahatlardır.

V.Əhmədov sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələr üzrə ixtisaslaşmış məhkəmələrin yaradılmasına toxunub: «Bu qanun layihəsi kommersiya çəkişmələrinə baxacaq əlavə 200 hakimin təyinatını nəzərdə tutur».

Deputat məhkəmə-hüquq sistemində islahatların ləng getməsindən də danışıb: «Təəssüf ki, Azərbaycanda məhkəmə-hüquq sistemi islahatları çox yavaş gedir. Ən ciddi məsələ kadr islahatları ilə bağlıdır, çünki məhkəmə fəaliyyəti ilə məşğul olan kadrlar müvafiq bilik və bacarığa sahib olmalıdırlar. Məhkəmə-hüquq sistemindəki mövcud ciddi problemlər ölkə əhalisini çox narahat edir».

Bununla belə, V.Əhmədov vurğulayıb ki, deputatların məhkəmə-hüquq sistemində aparılan islahatlardan böyük gözləntiləri var: «Bu sahəyə diqqətin gücləndirilməsini zəruri hesab edirəm. Ölkə əhalisi məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsini müsbət qəbul edəcək, islahatlar sahibkarların məhkəmələrə müraciəti üçün şəraiti yüngülləşdirəcək».

Prezident İlham Əliyev aprelin 3-də «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» Fərman imzalayıb. Fərman ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi daşıyır.

Bayılda sürüşmə
Bayılda sürüşmə

Yüksək kompensasiyaya ümidli olanlar

«Yeni Müsavat»ın əməkdaşı Bayıldakı sürüşmə zonasından köçürülənlərin gözləntilərinə toxunur: «Bayılda söküntü sürətlənib, ancaq hələ də yüksək kompensasiya gözləyənlər var».

Sakinlər «Yeni Müsavat»a Bayıldakı sürüşmə zonasında yerləşən evlərin təxminən 50 faizinin söküldüyünü bildirirlər.

«Köçürülən ailələr kompensasiya ilə razılaşıblar, amma verilən məbləğlə razılaşmayanlar da var ki, onlar evlərini tərk etməyiblər. Rəsmi qurumların nümayəndələri həmin ailələri məcburi köçürmək niyyətində deyillər. Sakinlərə bildirilib ki, kim istəsə, onlar köçürüləcək», - qəzet yazır.

Qəzet əlavə edir ki, 2019-cu ilin mayında Nazirlər Kabineti bu ərazidə sakinlərin köçürülməsinə 9 milyon 201 min 533 manat ayırıb, həmin ərazidə 98 ailə məskunlaşıb, onlardan 6-sı 2018-ci ildə köçürülüb, hazırda orada olan 92 ailədən 27-si məcburi köçkün ailəsidir.

Nazirlər Kabineti hər ailəyə 35 min manatdan az olmayaraq maddi yardım ödəniləcəyini, vəsaitin ailələrin bank hesablarına köçürüləcəyini bildirir, evlərin sökülməsi üçün isə 250 min manat vəsait nəzərdə tutulur.

«Yaşayış yerlərinə 1000 manat hesablanır, zirzəmilərin, köməkçi tikililərin isə qiyməti başqadır. Həyətə isə ümumiyyətlə, pul vermirlər. Bütün bunlara ümumi yanaşanda evin hər kvadratına təxminən 600-700 manat kompensasiya düşür», - sakinlər «Yeni Müsavat»a bu cür hesablama aparılmasından narazı qaldıqlarını söyləyirlər.

«Yeni Müsavat» Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidə sürüşmənin aktivləşməsi ilə bağlı son zamanlar heç bir məlumat yaymadığını, ərazidə vəziyyətin sabit olduğunu əlavə edir.

Şəki Xan Sarayı
Şəki Xan Sarayı

«Prezidentin müdrik siyasətinin böyük təntənəsi»

«Azərbaycan» qəzetinin məqaləsi belə adlanır.

Məqalədə Şəki Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi barədə danışılır.

Qəzetin yazdığına görə, bu, Azərbaycan xalqının ümumdünya mədəniyyətini, müasir sivilizasiyanı yaradan xalqlardan biri olduğunu sübut edir və «bunun dünya miqyasında rəsmi etirafı çox böyük tarixi qələbədir».

«Prezident və Birinci xanım, Ərdoğan və xanımı Xan Sarayı və digər abidələrlə tanış olarkən Ərdoğanın xanımı Əminə Ərdoğan Mehriban xanıma müraciətlə «Bu, misilsiz abidələrdir, onları UNESCO-nun qeydiyyatına saldırmaq haqqında düşünürsünüzmü» sualını verdikdə Mehriban xanım çox inamlı və qətiyyətli cavab verdi: «Biz artıq bu işə başlamışıq və məqsədimizə hökmən nail olacağıq!»», - məqalədə qeyd olunur.

Qəzet buna nail olmaqdan ötrü Şəkiyə çoxsaylı ekspertlərin gəldiyini, tövsiyələr verildiyini, bərpa işləri aparıldığını bildirir.

«Bu gün Şəki Azərbaycanın tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan unikal bir şəhərdir. Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı, TÜRKSOY tərəfindən 2016-cı ilin Türk mədəniyyəti paytaxtı elan edilib, 2017-ci ildə isə UNESCO-nun «Yaradıcı şəhərlər şəbəkəsi» siyahısına salınıb», - «Azərbaycan» məqalənin sonunda yazır.

XS
SM
MD
LG