Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:55

D.Miyatoviç hüquq müdafiəçiləri, vəkillərlə görüşüb


D.Miyatoviç

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycana səfəri çərçivəsində iyulun 9-da bir qrup hüquq müdafiəçisi, vəkil və hüquqşünasla görüşüb.

Görüşdə ölkədə insan hüquqlarının durumu, vəkillik fəaliyyəti, media azadlığı məsələləri diqqət mərkəzində olub.

Bu haqda AzadlıqRadiosuna görüşdə iştirak edən vəkil İradə Cavadova məlumat verib. Onun sözlərinə görə, görüşdə vəkillərin Vəkillər Kollegiyasından kənarlaşdırılmasının səbəblərindən danışıblar.

«Bəzi vəkillər bank hesablarının bağlanması ilə bağlı iradlarını bildirdi. Bəzi vəkillərə lüzumsuz yerə tənbeh, töhmət verilməsi, səbəbsiz yerə fəaliyyətinin dayandırılması, hüquq-mühafizə orqanlarının müraciəti əsasında vəkillərə qarşı başlanan inzibati icraat məsələləri müzakirə olundu», - o qeyd edib.

Görüşdə həmçinin, iki vəkil - Elçin Sadıqov və Әsabәli Mustafayevin oktyabrdan vәkil fəaliyyətini davam etdirə bilmәyәcәklәri nəzərə çatdırılıb. Qanunvericiliyə son dəyişikliklərdən sonra vəkillər pulla bağlı bütün әmәliyyatları ancaq bank hesabı ilə aparmalıdırlar. Sadıqovun və Mustafayevin bank hesablarını isə Baş Prokurorluq dondurub.

Görüşdə həmçinin, 2018-ci ilin dekabrında ləğv olunmuş nümayəndəlik institutundan danışıldığı qeyd olunur.

Vəkil İ.Cavadovanın dediyinə görə, D.Miyatoviç bu məsələləri hökumət qurumları qarşısında qaldıracağını vəd edib, bir neçə ay ərzində bu problemləri əhatə edəcək hesabat hazırlanacağını söyləyib.

Son illər Azərbaycanda aşağıdakı hüquqşünaslar vəkillik fəaliyyətindən kənarlaşdırılıb: Namizəd Səfərov, Xalid Bağırov, Aslan İsmayılov, Əlaif Həsənov, Elçin Namazov, Yalçın İmanov, İntiqam Əliyev, Müzəffər Baxışov, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, İradə Cavadova və digərləri. Bəzisinin barəsində intizam tədbirləri görülüb və ya 1 il müddətinə işdən kənarlaşdırılıb.

Vəkillər Kollegiyasının rəhbərliyi həmin şəxslərin işdəki nöqsanlara görə işdən kənarlaşdırıldığını, burda hər hansı siyasi məqsəd olmadığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG