Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

'Söz oyunu' üstündə qurulan imtahan?-Media icmalı


İmtahan. Foto arxiv
İmtahan. Foto arxiv

Yenisabah.az dövlət qulluğuna qəbulla bağlı imtahanda yaranan problemə toxunub: «Dövlət İmtahan Mərkəzi məmurların bisavad, əliəyri olmasını istəyir? -imtahanlardakı tapmacalar».

Sayta açıqlamasında hüquqşünas Əkrəm Həsənov imtahan suallarının keyfiyyəti ilə bağlı problemlər ortaya çıxdığını bildirir: «İmtahanda test tapşırıqlarının əhəmiyyətli hissəsi söz oyunu üzərində qurulur. Bu da namizədi qanunvericiliyin mahiyyətini öyrənməyə yox, səthi olaraq əzbərləməyə kökləyir».

Hüquqşünas qanundan hansısa maddənin olduğu kimi götürülüb A, B, C və D variantlarına yerləşdirildiyini söyləyir: «Sadəcə, bir doğru variantdan başqa qalan digər variantlarda cümlənin içərisinə «yalnız», «amma», «ancaq», «digər», «müvafiq» və s. kimi sözlər salınaraq (və ya həmin sözlər çıxarılaraq) namizədi çaşqın duruma salırlar. Tapşırığı oxuyan namizəd bu sualın bütün variantlarının doğru olduğunu hesab edir və beləliklə, yanlış cavab vermə ehtimalı artır».

DİM-in məlumatına əsasən, bu ilin aprelində keçirilmiş test imtahanında iştirak etmiş 444 namizəddən yalnız 35 (8%) nəfəri keçid minimumunu yığa bilib.

«Nəzərə alsaq ki, DİM publik hüquqi şəxsdir, imtahanlar ödəniş (82-129 manat) əsaslıdır, onda məntiqi baxımdan imtahanda iştirak edən 444 nəfərdən uzağı 1 faizi təsadüfi hazırlıqsız namizəd ola bilər. Qalan namizədlərin isə imtahandan keçə bilməməsi ciddi suallar yaradır», - hüquqşünas bildirir.

Ə.Həsənov DİM-in təşkil etdiyi bu «test oyunu»nun namizədlərə kifayət qədər ciddi maliyyə və vaxt itkisinə başa gəldiyini, hətta 8-ci dəfə imtahandan kəsilən namizədlərin olduğunu qeyd edir.

Hüquqşünas daha bir problemə diqqət çəkir, bu da namizədlərə verilən sertifikatın 5 il qüvvədə olması ilə bağlıdır. O hesab edir ki, sertifikat ömürlük verilməlidir, əks halda gənc, savadlı kadrların bunlardan iyrənərək dövlət qulluğuna getməyəcəklərini güman edir. «Bəlkə DİM elə məhz bunu istəyir?», - hüquqşünas sual edir.

Sayt qarşı tərəfin mövqeyini verməyib.

Su kranı
Su kranı

Kəndin 3 min manatlıq su filtri problemi

Moderator.az bir kəndin su problemindən danışır: «Şəmkirin Tatarlı camaatı içməli su problemindən əziyyət çəkir, rayon rəhbərliyi isə...».

Sayt Tatarlı kənd sakinlərinin içməli su problemindən əziyyət çəkdiklərini, onlara verilən çay suyunu içməyin mümkün olmadığını yazır: «Həmin suyun içindən xırda balıqlar və digər həşəratlar çıxır».

Üstəlik də, kəndə suyun hər gün 3 saat olmaqla səhər saat 7:00-dan 10:00-dək verildiyi bildirilir.

Tatarlı sakinlərinin sözlərinə görə, illər öncə onlara kənddən bir neçə kilometr uzaqda olan bulaqdan su çəkilib: «Amma bir neçə ay öncə həmin bulaqdan Tovuz rayonuna su çəkilərkən Tatarlı kəndinə gələn su xəttinin filtri sındırılıb. Sakinlər sularının olmamasıyla bağlı rayon rəhbərliyinə şikayət etdikdə isə su xətti bu dəfə bulaq suyuna deyil, Zəyəmşçaya birləşdirilib».

Sakinlər bu sudan istifadə edə bilmədikləri üçün bir neçə kilometr yol qət edərək qonşu kəndlərdən su gətirdirlər.

Tatarlıların sayta dediyinə görə, kəndə gələn su xəttinin filtrinin təmiri üçün 3 min manat lazımdır. Kəndlilər bununla bağlı Şəmkir Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini, amma onlara su filtrini təmir etmək üçün vəsait toplamaq təklif olunduğunu söyləyirlər.

Sakinlər bu pulu toplamağa maddi imkanları olmadığını bildirirlər.

Şəki Xan Sarayı
Şəki Xan Sarayı

«Şəki Xan Sarayı bəşəriyyətin mədəni irsinə çevrildi»

«Azərbaycan» qəzetinin məqaləsi belə adlanır.

Qəzet Şəki Xan Sarayının və Şəkinin mərkəzi hissəsinin UNESСO-nun Ümumdünya İrs Komitəsinin siyahısına salınması xəbərini önə çəkir. Eləcə də Azərbaycan-UNESCO əlaqələrindən toxunur. Bu qurumla Azərbaycan münasibətlərinin əsasının 1994-cü ildə Heydər Əliyev tərəfindən qoyulduğu xatırlanır.

Məqalədə həmçinin deyilir ki, bu qurumla əlaqələrin son illərdə yüksələn xətlə inkişafında, milli-mədəni irsin UNESCO xətti ilə bütün dünyada təbliğində birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri əvəzsizdir və bu fəaliyyətinə görə o, qurum tərəfindən medallarla təltif edilib.

2000-ci ildə Qız qalası və Şirvanşahlar Saray Kompleksinin, 2007-ci ildə Qobustan Qaya Sənəti Mədəni Landşaftının UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi yada salınır.

«Azərbaycan» yazır ki, bu günlərdə Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə Azərbaycanın bu siyahıda olan mədəni və maddi irs nümunələrinin sayı artdı.

«Artıq öz tarixi memarlıq nümunələri ilə fərqlənən Şəki şəhəri və Xan Sarayı bəşəriyyətin mədəni irsinə çevrildi. Bu, Azərbaycanın mühüm beynəlxalq uğuru və bütövlükdə ölkəmizin mədəni irs tarixində böyük hadisədir», - məqalənin sonunda bildirilir.

XS
SM
MD
LG