Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Qız alverində suçlanan milyonçunu kim himayə edib – Qərb mediası


Foto illüstrasiya.
Foto illüstrasiya.

Dünən – iyulun 8-də ABŞ-ın Nyu York ştatında varlı maliyyəçi Jeffrey Epstein-ə 14 səhifəlik ittihamnamə açıqlanıb. O, qızların cinsi istismar məqsədilə alver şəbəkəsini idarə etməkdə ittiham olunur.

“The New York Times” ittihamların ürəkbulandırıcı olduğunu yazır. Belə ki, maliyyəçinin 2002-ci ildən 2005-ci ilədək “onlarla azyaşlı qızı cinsi istismara məruz qoyduğu” açıqlanıb, bəzi qızların hətta 14 yaşı olub. Qızlar Epstein-in müxtəlif evlərinə “onunla cinsi əlaqədə olmaqdan ötrü” getməyə şirnikləndirilib, buna cəlb olunub, “o, qurbanlara əlaqədən sonra bir neçə yüz dollar verib”, ittihamnamədə deyilir. Onun “qurbanlarla təchizatını saxlamaq və gücləndirmək” məqsədilə bəzi qızlara pul verərək onun üçün “əlavə qız cəlb etdikləri”, beləliklə də “azyaşlı qurbanların nəhəng şəbəkəsi”nin yarandığı vurğulanır.

Təqsirli bilinərsə, Epstein 45 il həbs cəzasına məhkum edilə bilər. Ancaq qəzet onun məsuliyyət daşımalı tək şəxs olmadığını yazır.

Parisdə etiraz yürüşü
Parisdə etiraz yürüşü

Məsələ bundadır ki, maliyyəçiyə qarşı iddialar 2008-ci ildə də səslənib. O zaman Florida ştatındakı prokurorlar Epstein üçün günahını etiraf etməklə bağlı razılaşma əldə ediblər və Epstein ömürlük həbs cəzasından yayına bilib. O zaman o, 13 ay həbs cəzası çəkib, qurbanlarından bəzilərinə təzminat ödəyib.

Epstein təkcə varlı olmayıb, siyasi və sosial əlaqələrini də inkişaf etdirib, Britaniyadan Şahzadə Andrew, ABŞ-ın keçmiş prezidenti Bill Clinton, indiki prezident Donald Trump ilə dostluqdan dəm vurub. Harvard Universitetinə onmilyonlarla dollar ianə ayırıb, kampus binasının tikintisini maliyyələşdirib.

“Bütün bunlar sistemi ifşa edir – zəngin və yaxşı əlaqələri olanlar dövlət qulluqçularını hərəkətsiz duruma salır, yaxud onları təqsirləndirlən üçün əlverişli sövdələşməyə vadar edir”, – qəzet yazır.

AB-Rusiya münasibətlərində yeni era

Avropa Birliyi müdafiə mövqeyinə keçir. Bu, təcrid deyil, praqmatizmdir, ideyalara kökündən yenidən baxıldığını, “yumşaq güc” daxil güc nümayişi arzusunun kəskin azaldığını göstərir. Rusiya- AB münasibətləri üçün bu, istənilən ambisiyanın yersiz olacağı dönəmin başladığını göstərir. İndi cəhdlər yalnız xərclərin və risklərin azaldılmasına yönəldiləcək. Bunu “Karnegi” fondunun saytında Fyodor Lukyanov yazır.

Ukraynada prezident administrasiyasının binası
Ukraynada prezident administrasiyasının binası

Müəllif Ukraynada komediya ustasının prezident seçilməsini onun aydın siyasi baxış ortaya qoyması ilə izah edir – nəyin bahasına olursa-olsun, Rusiyadan uzaqlaşaraq Qərbə yaxınlaşmaq. Moldovada da özünəməxsus möcüzə baş verib, Rusiya və Avropanı dəstəkləyən qüvvələr birləşərək ölkəni oliqarx liderdən xilas ediblər.

AŞPA isə Ukraynaya qarşı hərəkətlərindən dolayı səsvermə hüququnu aldığı Rusiyanı quruma qaytarıb. Müəllif yazır ki, bütün bunlar heç də Rusiyayla Avropa ölkələri arasında çoxdan gözlənən yaxınlaşmanı göstərmir, əslində, Avropanın siyasi və ideoloji strukturu dəyişməkdədir.

Fransa Prezidenti Emmanuel Macron iyulun 1-də, AB-də aparıcı postlara namizədlərin razılaşdırılması müşkülə çevriləndə yazırdı ki, “qaydalarımızı dəyişməliyik”. Müəllif yazır ki, Avropa Parlamentinə son seçkilər də yeni reallığı formalaşdırdı, bu seçki heç də çoxlarının qorxduğu kimi, AB-yə qarşı çıxan qüvvələrin zəfərini deyil, siyasi cəbhənin parçalanmasını üzə çıxardı ki, bunu idarə etmək də çətindir.

“AB indi illərini daxili problemlərin həllinə sərf edəcək. Onun xarici konfiqurasiyası ilə məşğul olmağa enerji, arzu və resursları ciddi azalacaq. İndi əsas məsələ riskləri və xərcləri azaltmaqdır”, – müəllif yazır.

"Gecə gözətçisi" əsəri
"Gecə gözətçisi" əsəri

Rembrandt-ın şah əsərinin bərpası “canlı” aparılır

Amsterdamın məşhur Rijksmuseum muzeyi dünəndən Rembrandt-ın “Gecə gözətçisi” əsərinin tarixi restavrasiyasına başlayıb. Əsər nəhəng şüşə qəfəsə salınıb ki, ziyarətçilər bərpa işinin necə aparıldığını görsünlər.

1642-ci ildə çəkilmiş şah əsərin bərpası bir neçə milyon avroya başa gələcək. Bu əsər tarixin keşməkeşlərindən salamat çıxıb. Bərpa işi onlayn da yayımlanacaq ki, bütün dünya onu seyr edə bilsin.

“Gecə Gözətçisi dünyada ən məşhur əsərlərdəndir. Hər il iki milyon yarımdan çox ziyarətçi onu görməyə gəlir. Bu əsər Niderlandda və dünyada yaşayan hər kəsə məxsusdur. Buna görə də düşündük ki, ictimaiyyət bu əsərlə bağlı nə baş verdiyini görmək hüququna malikdir”, – Rijksmuseum-un direktoru Taco Dibbits şüşə restavrasiya qəfəsinin önündə keçirilən mətbuat konfransında deyib.

“Gecə Gözətçisi Əməliyyatı” adlanan layihə “Rembrandt-ın tarixi şah əsərilə bağlı ən böyük və hərtərəfli tədqiqatdır”, – muzey bəyanatında bildirib.

Əsər sonuncu dəfə 40 il qabaq restavrasiya olunub. O zaman ruhi xəstə onu bıçaqla cırmışdı. İndi əsər Rijksmuseum-də xüsusi otaqda saxlanır.

XS
SM
MD
LG