Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 04:52

ABŞ İrana təzyiqi ‘davam etdirəcək'


Mike Pence
Mike Pence

ABŞ-ın vitse-prezidenti Mike Pence ölkəsinin İrana təzyiqi saxlayacağını deyib. Bu arada Tehran zərərsizləşdirilmiş sentrifuqaları yenidən işə salmaqla, uranı 20 faizədək zənginləşdirməklə hədələyib. Vaşinqton ötən il 2015-ci il nüvə sazişindən çıxandan sonra İran da öhdəliklərinin icrasını məhdudlaşdıracağını bildirib.

Pence iyulun 8-də Vaşinqtonda israilpərəst xristian təşkilatında çıxış edərkən deyib ki, Birləşmiş Ştatlar “heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək”.

İran dəfələrlə nüvə fəaliyyətinin dinc məqsədli olduğunu bildirib.

Pence-nin sözlərinə görə, İran “Amerikanın təmkinini qətiyyətsizliyi kimi yozmamalıdır”.

“Hər şeyin yaxşı olacağına ümid edirik, ancaq Birləşmiş Ştatlar və ordumuz maraqlarımızı, regiondakı heyətimizi və vətəndaşlarımızı qorumağa hazırdır”, – Pence deyib.

Behrouz Kamalvandi
Behrouz Kamalvandi

Artıq 4,5 faiz keçilib

Silah dərəcəsi üçün uran 90 faizədək zənginləşdirilməlidir, ancaq nəzəri olaraq, nüvə silahı 20 faizədək zənginləşdirilmiş bir neçə yüz kiloqramlıq materialdan da hazırlana bilər.

İyulun 8-də İranın Atom Enerjisi Agentliyinin sözçüsü Behrouz Kamalvandi deyib ki, İran nüvə sazişindən uzaqlaşmağın üçüncü addımı kimi uranı 20 faizədək zənginləşdirə bilər. O, İranın uranı zənginləşdirmə səviyyəsinin artıq 4,5 faizi keçdiyini açıqlayıb. 2015-ci il sazişi yalnız 3,67 faizədək zənginləşdirməyə icazə verirdi.

Kamalvandi onu da deyib ki, hazırda İranın yanacağı 20 faizədək zənginləşdirməyə ehtiyac duymur.

BMT-nin Baş katibi Antonio Guterres-in fikrincə, İranın 2015-ci il sazişindən kənar çıxaraq uranı zənginləşdirməsi təsdiqlənərsə, bu nə sazişi qorumağa kömək edəcək, nə də “İran xalqına iqtisadi fayda gətirəcək”.

BMT-nin nüvə agentliyi iyulun 8-də müfəttişlərinin “İranın uranı 3,67 faizdən artıq zənginləşdirdiyini” təsdiqlədiyini bildirib.

Sazişə imza atmış Avropa ölkələri – Fransa, Almaniya və Britaniya Tehranı uran zənginləşdirmə limitini aşmağı dayandırmağa səsləyib.

Tehran isə bildirir ki, Avropa tərəfinin Tehrana iqtisadi baxımdan kömək etməməsi səbrini tükəndirib. ABŞ ötən il sazişdən çıxandan sonra İrana sanksiyaları bərpa edib.

XS
SM
MD
LG