Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:11

'Azərbaycandan 80 milyard pul çıxarılıb' – Media icmalı


Dollar
Dollar

«Azərbaycandan çıxarılan vəsait 50-80 milyard arasındadır»

Hurriyyet.org-un məqaləsi belə adlanır. Sayta danışan ReAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli təxmini hesablamalarına söykənərək bu iddia ilə çıxış edir.

İqtisadçı 1994-cü ildən bu yana ölkənin neft satışından 150-200 milyard dollar əldə etməsi və bu pulların nə qədərinin xaricə daşınmış ola bilməsi ilə bağlı deyir ki, dəqiq rəqəm söyləmək çətindir: ​«Məsələn, Rusiya ilə bağlı belə hesablamalar aparılıb. Rusiya müstəqillik qazanandan bu günə qədər Rusiyadan 1 trilyon 200 milyard dollar, yəni bugünkü ölkə büdcəsinin 3 qatı çıxarılıb. Azərbaycanda da buna bənzər iqtisadi və siyasi sistem olduğunu və indiki büdcənin 12-13 milyard dollar olduğunu nəzərə alsaq, bunun 3-4 qatı qədər vəsaitin Azərbaycandan çıxarılması ehtimalı çox yüksəkdir. Yəni söhbət 50-80 milyard arasındakı bir vəsaitdən gedir, bu da çox böyük bir vəsaitdir».

N.Cəfərli ölkədən pulların çıxarılmasını Azərbaycan iqtisadiyyatına investisiya qoymaq üçün uyğun şərtlərin olmaması ilə izah edir: «Qanunsuzluq mühitinin hakim olmasıdır, məhkəmələr müstəqil deyil, mülkiyyət hüququ qorunmur, investisiya üçün normal şərait yoxdur. Yəni Azərbaycanda bunlar olmamalıdır ki, Azərbaycandan çıxarılan milyardların da yatırım kimi istifadəsi haqqında bir fikir bildirmək mümkün olsun. Bunun üzərinə korrupsiyanı, inhisarçılığı, büdcə talamasını da gələndə daha pis nəticə alınır».

İqtisadçının iddiasına görə, nə qədər ki, Azərbaycanda bu şərait var, ölkədən kapital axını davam edəcək.

N.Cəfərli Azərbaycanda ümumi daxili məhsuldan hər vətəndaşa düşən payın çox aşağı, hətta dünyanın inkişaf etməkdə olan ölkələrindən də aşağı səviyyədə olduğunu bildirir: «Adambaşına 3500-4000 dollar düşür. Əgər o yatırımlar Azərbaycanda olsaydı, indi ölkə iqtisadiyyatından adambaşına düşən pay ən azı 2 dəfədən çox olardı».

İ.Əliyev
İ.Əliyev

Əhalinin məşğulluğu-sosial siyasətin prioriteti

«Əhalinin məşğulluğunun təminatı dövlətin sosial siyasətində prioritet istiqamət olaraq qalır», - «Azərbaycan» qəzeti məşğulluq problemindən yazır.

Qəzet prezident İlham Əliyevin bu günlərdə imzaladığı «Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılması» fərmanına toxunur: «Observatoriya əhalinin məşğulluğu və sosial müdafiəsi sahəsində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqramlaşdırma sisteminin təşkili məqsədilə yaradılıb. Bu isə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq probleminin həllinin dövlətin daim diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir».

Məqalədə deyilir ki, əhalinin maddi rifahının yaxşılaşdırılması üçün əsas şərtlərdən olan yeni iş yerlərinin yaradılması, sahibkarlığın getdikcə genişləndirilməsi davamlı xarakter daşıyır və əhalinin məşğulluq probleminin həlli dövlətin qarşıya qoyduğu prioritetlərdən biri olaraq qalır. 2018-ci ilin oktyabrında imzalanmış «2019-2030-cu illər üçün Azərbaycan Respublikasının məşğulluq strategiyası» bunun təsdiqi kimi təqdim edilir.

Qəzet hesab edir ki, özünüməşğulluq proqramı aztəminatlı ailələrin sosial yardım proqramından asılılığının aradan qaldırılmasına və kiçik biznesə çıxışına imkan yaradır: «Təqdirəlayiq haldır ki, bu proqramın əhatə dairəsi 2018-ci ildə 2017-ci ilə nisbətən 6.5 dəfə genişləndirilib. Özünüməşğulluğa 7267 nəfər cəlb edilib. Cari ildə sözügedən proqrama cəlb olunanların sayının 10 minə çatdırılacağı nəzərdə tutulub».

Qəzet prezident İlham Əliyevin başlanğıcda hər il özünüməşğulluq proqramı çərçivəsində 7 minə yaxın insanı işə cəlb etmək planını yada salır. «Ancaq yerlərdən gələn sifarişlər qat-qat çoxdur. Bunu biz nəzərə almalıyıq və öz planımıza düzəlişlər etməliyik», - dövlət başçısı söyləyib.

M.Köhnəqala
M.Köhnəqala

«Onları çörəkpulu öldürür»

Yenisabah.az-da oxuyuruq: «Onları qətlə yetirən çörəkpuludur».

Sayt yaradıcı şəxslərin gənc yaşda vəfat etməsi ilə bağlı müzakirələri yazıçı Murad Köhnəqala ilə davam etdirir: «İkinci Mahmudun (bu günlərdə gənc yaşında ürəktutmasından ölən yazar – A.R.) faciəsi göstərdi ki, ədəbi sferada çox dərin sosial-psixoloji böhran yaşanır. Söz və mənəviyyat adamlarını bir-bir cənginə çəkib udan bu böhranın əsas səbəbi maddi problemlərin törətdiyi dərin depressiyadır».

Onun qənaətincə, yazıçı əsərləri ilə cəmiyyəti özünə göstərən, həmçinin mənəvi baxımdan təmizləyən, distillə edən adamdır: «Bu mənada, yazıçının ürəktutmasından ölməsi də haradasa başadüşüləndir. Amma bizdəki kimi yox! Bu formada, bu yaşda yox, bu şəraitdə, bu üsullarla yox! Əslində, bizdəki ölümlər ölüm deyil, qətldir. Düzdür, vaxtsız və haqsız ölümlər bizim ədəbi nəsildə də oldu, Telman Alıyev, Akif Səməd, Hüseyn Əfəndi, Adil Mirseyid, Mehdi Bəyazid, Sabir Sarvan, Elçin Səlcuq, Şaiq Vəli...».

Yazıçı son illərdə intihar edən, xəstəlikdən vəfat edən yazıçı-şairlərin əksəriyyətinin gənclər olduğunu və onları maddı sıxıntıların məhv etdiyini söyləyir: «Bu gənc, işıqlı, istedadlı adamları məhz çörəkpulu öldürür! Bəli, çörəkpulu adlanan o məcburiyyət, o məhrumiyyət, o zillət! Ailədə problem yaradan da, içkiyə qurşandıran da, psixikanı darmadağın edən də, adamı 17-ci mərtəbəyə dırmaşdıran da o zəhrimara dönmüş çörəkpuludur! Yazmaq istəyirsən, çörəkpulu qoymur. Yaşamaq istəyirsən, çörəkpulu qoymur. Adını yaza bilməyən savadsız bir uşağı başının üstünə müdir təyin edirlər. Danışa bilmirsən, çörəkpuluna görə susursan, ürəyin partlayır. Bağırırsan, ağzını tıxayırlar!».

M.Köhnəqalanın qənaətincə, cəmiyyətdəki ictimai ab-hava yaradıcı şəxsləri bu məhvə sürükləyir: «Bizə deyirlər ki, get daş daşı, hamballıq elə! Biz onsuz da bu cəmiyyətin hamballarıyıq. Daş daşıyanın da, qızıl unitazda oturanın da yükünü dartan bizik. Ancaq bundan pul qazana bilmirik, çünki bizim səlahiyyətli məmurlar, milli burjuaziya pulu ədəbiyyata, mədəniyyətə, elmə yox, bayram nurlulara xərcləyir».

Yazar, eyni zamanda, bu münasibətin cəmiyyət üçün də xoş nəticə ilə sonlanmayacağını bildirir: «Eybi yox, biz yavaş-yavaş infarktdan, beyinə qansızmadan, alkoqoldan ölüb gedəcəyik. Sizsə kartof satan filosofların, daş daşıyan yazıçıların, vicdana və qanuna tüpürən harın məmurların rəzil vətənində yaşayacaqsız».

XS
SM
MD
LG