Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Duma deputatları Putini söyən gürcü aparıcının Rusiyaya ekstradisyasını istəyirlər


Vyacheslav Volodin
Vyacheslav Volodin

Rusiyanın Dövlət Duması Rustavi-2 telekanalında prezident Vladimir Putinin ünvanına təhqirlərin səsləndirilməsi ilə əlaqədar Tbilisi üzərinə sanksiyaların qoyulması üçün hökumətə müraciət etməyi qərara alıb.

Bu barədə bəyanatı Duma şurasının yığıncağından sonra Rusiya parlamenti alt palatasının spikeri Vyacheslav Volodin verib.

Volodinin sözlərinə görə qərar yekdilliklə qəbul olunub.

Söhbət ilk növbədə Gürcüstandan şərab və mineral suların idxalına qadağandan gedir.

Bundan başqa Rusiya və Gürcüstan arasında pul köçürmələrinin dayandırılması nəzərdə tutulur.

Sanksiyalar təşəbbüsü ilə hakim Vahid Rusiya fraksiyası çıxış edib.

Bu təklif parlamentin başqa fraksiyaları tərəfindən də dəstəklənib.

Duma komitəsinin sədri Leonid Slutski deyib ki, Gürcüstana “maksimum reaksiya vermək lazımdır”.

Onun sözlərinə görə “elə reaksiya verilməlidir ki, belə şeyləri təkrar etmək dünyanın başqa yerlərində də heç kimin ağlına gəlməsin”.

Bundan başqa Vyacheslav Volodin bildirib ki, Putini təhqir etmiş gürcü jurnalist Ruiyaya ekstradisiya olunmalı və Rusiya məhkəməsinin qarşısına çıxarılmalıdır.

İyulun 7-də Rustavi-2 telekanalının Postskriptum verilişinin aparıcısı Georgi Gabunia rus dilində Vladimir Putinə müraciıət edərək onun atasını və anasını nalayiq sözlərlə təhqir etmişdi.

***

“Rustavi-2” yayımı artıq bərpa edib. Bir neçə saatlığa kəsilmiş efir iyulun 8-də səhər bərpa olunub.

***

‘Rustavi-2’ aparıcısı Putini söydü; efiri dayandırırlar

Gürcüstanın “Rustavi-2” müxalifət telekanalı işini dayandırır. Bu telekanalın aparıcısı Rusiya Prezidenti Vladimir Putinin ünvanına senzurasız sözlər işlətmişdi. Telekanalın baş direktoru Nika Gvaramia deyib ki, telekanalın və əməkdaşlarının təhlükəsizliyi təmin edilməyincə “Rustavi-2” efiri bərpa etməyəcək.

İyulun 8-nə keçən gecə “Rustavi-2”nin binası qarşısına etirazçılar yığışıb. Özlərini Tbilisi sakinləri adlandıran etirazçılar müharibəni qızışdırmağa yönəlik ifadələri qəbuledilməz adlandırıblar. Onlar telekanal rəhbərinin və jurnalistin işdən çıxarılmasını tələb ediblər.

Telekanal rəhbərliyi mitinqdə radikal çağırışların səsləndiyini bildirib.

İyulun 7-də P.S. müəllif proqramının aparıcısı Georgi Gabunia Putinə rusca müraciət edib, senzurasız sözlər işlədib.

Nika Gvaramia (ortada) mətbuat konfransı keçirir, arxiv fotosu
Nika Gvaramia (ortada) mətbuat konfransı keçirir, arxiv fotosu

Gürcüstan Prezidenti Salome Zurabishvili “qonşu ölkə başçısının ünvanına təhrikedici və təhqiramiz terminlər işlədilməsini” pisləyib.

“Bu, nəyə xidmət edir – yeni müharibəyə təhrikə, yoxsa revanşa, bitməyən çevrilişə? İstənilən halda bu hərəkətlər ölkəyə qarşı yönəlib”, – prezidentin mətbuat xidmətinin məlumatında deyilir.

Senzura cəhdi?

Baş nazir Mamuka Bakhtadze də tvitində proqramı pisləyib.

“Rustavi-2-nin efirində gördüyümüz mənfur provokasiya aktı, ölkədə sabitsizlik yaratmaq cəhdidir. Bu, qətiyyən yolverilməzidir”, – Bakhtadze yazıb.

Tbilisidə etirazçılar Daxili işlər naziri Giorgi Gakharia-nın istefasını tələb edirlər
Tbilisidə etirazçılar Daxili işlər naziri Giorgi Gakharia-nın istefasını tələb edirlər

Telekanalın baş direktoru efirdə söyüşün qəbuledilməz olduğunu bəyan edib. Ancaq o eyni zamanda baş nazirin bəyanatını telekanalın işinə müdaxilə, senzura cəhdi adlandırıb.

İyunun 20-də Tbilisi etirazlar başlanıb. Buna Rusiya Dövlət Dumasının deputatı Sergei Gavrilov-un Gürcüstan parlamentində tədbir zamanı spikerin yerində əyləşməsi səbəb olub. Bu hərəkət zaldakı müxalifət deputatlarını qəzəbləndirib, onlar bunu Rusiyanın Gürcüstana qarşı təcavüzünün yeni dəlili adlandırıblar. 2008-ci ildə beşgünlük müharibədən sonra Moskva Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrini anneksiya edib və o vaxtdan ikitərəfli münasibətlər gərgin olaraq qalır.

Deputatların etiraz olaraq parlamenti tərk etməsindən sonra parlament qarşısında nümayiş başlanıb. Həmin gecə polis aksiyanı yatırdan zaman 240 nəfər xəsarət alıb, onların içində 80 polis əməkdaşı, 30-dək jurnalist olub.

İyunun 20-dən Tbilisidə etirazlar davam edir, hakimiyyət bəzi güzəştlərə getsə də, etirazçılar daxili işlər nazirinin istefasını tələb edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG