Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:14

Elektrik istehsalı artıb


illüstrasiya
illüstrasiya

Azərbaycanda son 6 ayda elektrik enerjisinə tələbat 586 milyon kVts çoxalıb. Bu barədə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin iyulun 3-də yaydığı məlumatda deyilir.

Məlumata görə 2019-cu ilin birinci yarısında “Azərenerji” xarici dövlətlərə 648 milyon kVts elektrik enerjisi ixrac edib, bu da ötən ilin birinci yarım ili ilə müqayisədə 24 milyon kVts çoxdur.

Ötən ilin birinci yarım ili ilə müqayisədə elektrik enerjisi istehsalının artırıldığı bildirilir. Cari ilin ilk 6 ayında 11.544 milyard kVts elektrik enerjisinin istehsal olunduğu qeyd edilir. Bu da ötən ilin birinci yarım ili ilə müqayisədə 521 milyon kVts çoxdur.

“Azərişıq” son yarım ildə 12 mindən artıq əhali və qeyri əhalinin abonent elektrik şəbəkəsinə qoşulduğunu bəyan edir.

Qurum bildirir ki, 2018-ci ilin sonuncu rübündən “Reabilitasiya Proqramı”na start verilib və ölkədəki 12 elektrik stansiyası, 17 yarımstansiyada yenidənqurma, təmir və bərpa işləri aparılır, 35 elektrik stansiyası və 150 yarımstansiyanı əhatə edəcək SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulur, Azərbaycan enerji sistemində qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün yeni əks qəza avtomatika kompleksləri yerinə yetirilir.

Ötən il iyulun 2-dən 3-nə keçən gecə Mingeçevirdəki “Azərbaycan” İES-in transformatorunda baş verən qəza nəticəsində ölkənin elektrik enerjisi sistemində böhran yaşanmışdı. Eyni gündə iki dəfə stansiyada qəza baş vermişdi, ölkə əhalisi saatlarla elektriksiz qalmışdı. İkinci qəza zamanı təxminən 30 min adam meto tunellərindən təxliyə edilmişdi.

XS
SM
MD
LG