Bu gün, iyulun 3-də Sabirabadda polis tərəfindən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin üzvü Sahib Rüstəmli iki saat sonra sərbəst buraxılıb. Bu barədə AzadlıqRadiosuna AXCP-dən bildiriblər.
Sahib Rüstəmli “Facebook” sosial şəbəkəsində narahat olanlara təşəkkür edib, “görüş “qarşılıqlı anlaşma” şəraitində keçdi” deyə yazıb. O, başqa heç nə yazmayıb.
Cəbhəçi saxlanılarkən özünə və yaxınlarına bunun səbəbi barədə hər hansı açıqlama verilməmişdi. AXCP isə S.Rüstəmlinin saxlanılmasını partiya üzvlərinə qarşı “təzyiqlərin davamı” kimi qiymətləndirmişdi.
Hələlik hüquq-mühafizə orqanlarından bununla bağlı açıqlama almaq mümkün olmayıb.
****
Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclsinin üzvü Sahib Rüstəmli iyulun 3-də Sabirabad Rayon Polis Şöbəsinə aparılıb. Bu barədə AzadlıqRadiosuna AXCP-dən bildiriblər.
Ali Məclis üzvünün polisə aparılması barədə hər hansı səbəb göstərilmədiyi deyilir: “Təqribən iki saat öncə, gəlib evindən polis şöbəsinə aparıblar. Özünə və ya yaxınlarına bunun səbəbi barədə hər hansı informasiya verilməyib”.
AXCP rəhbərliyi bunu partiyaya “təzyiqlərin davamı” kimi qiymətləndirir.
Partiyanın Avropada mühacirətdə yaşayan üzvü Natiq Ədilovun iddiasına görə, Sahib Rüstəmli rayonun yeni icra başçısı Siraqəddin Cabbarovun sifarişi ilə saxlanılıb.
Sabirabad rayon icra başçısının müavini Vahid Həsənov AzadlıqRadiosuna cəbhəçinin saxlanılmasından xəbərsiz olduğunu və siyasi fəallara hər hansı təzyiq göstərilmədiyini söyləyib.
“Qanun çərçivəsində fəaliyyət göstərən heç kimə təzyiq yoxdur”, - müavin əlavə edib.
AXCP üzvüvün saxlanılması səbəbi haqda hüquq-mühafizə orqanlarından açılama almaq mümkün olmayıb.
İyunun 28-də Müsavat Partiyası qərargahında keçirilən xeyriyyə marafonunda partiya sədri Əli Kərimli saxlanılaraq Binəqədi Polis İdarəsinə aparılmış, az sonra sərbəst buraxılmışdı. AXCP üzvləri ən çox həbsdə olan müxalifət partiyalarındandır.
Hakimiyyət siyasi baxışlarına görə heç kimin təqib olunmadığını bildirir.