Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 11:26

Ermənistan qazın ucuzlaşacağına ‘ümid eləməsin’


Ermənistanda qazdoldurma məntəqəsi, arxiv fotosu
Ermənistanda qazdoldurma məntəqəsi, arxiv fotosu

Ermənistan Rusiyadan qazı Gazprom-un təklif etdiyi qiymətə almaq istəmir və onun filialı olan Gazprom Ermənistan-ı cərimələrlə sıxır. AzadlıqRadiosu-nun erməni xidməti ekspertlərə istinadla yazır ki, qazın qiymətinin salınacağını gözləməyə dəyməz, çünki daha “yeri yoxdur”.

Münaqişə Rusiya Prezidenti Vladimir Putin-in Ermənistana səfəri zamanı həll oluna bilər. Bu haqda Rusiyada çıxan “Gazeta” “Qaz müharibəsi: Ermənistan Gazprom-a hücum edib” başlıqlı məqalə dərc edib.

Gazprom Ermənistan qiymətin qaldırılmasını istəyə bilər

“Ermənistan hakimiyyəti Moskvanın təbii qazın qiymətini salmasını istəyir. Danışıqlar çoxdan aparılır, bütün son tarixlər bitib. Ancaq hələ də razılaşma əldə olunmayıb. İyulun 1-dən qazın qiyməti indeksasiya olunmalıdır deyə rəsmi Yerevan yenidən bir problemi qaldırıb”, – məqalədə deyilir.

Gazprom Ermənistan-ın Yerevandakı ofisi
Gazprom Ermənistan-ın Yerevandakı ofisi

Ermənistanla Gazprom arasında müqavilənin müddəti 2018-ci il dekabrın 31-də bitib. Bu gün Gazprom-la Gazprom Ermənistan arasında imzalanmış əlavə müqavilə qüvvədədir. Müqavilədə Ermənistanın aldığı qazın min kubmetrinin qiyməti 150 dollardan 165 dollara qaldırılıb, ancaq ermənistanlı istehlakçılar qazı elə əvvəlki qiymətə alırlar.

Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Sergei Prikhodko apreldə demişdi ki, iyulun 1-dən Yerevanla Moskva həm yeni qiyməti, həm də 2030-cu ilədək qaz təchizatının ümumi sxemini razılaşdırmalıdırlar.

“Gazeta” ermənistanlı istehlakçılar üçün qiymətin qaldırılmamasını onunla izah edir ki, Gazprom Ermənistan öz xərclərini azaltmağa çalışır, 500-dən 1000-dək əməkdaşın ixtisarından, investisiya proqramlarının kəsilməsindən söhbət gedir. Ancaq Gazprom Ermənistan-ın xərcləri optimallaşdırmaqla əlavə vəsaiti əldə edə bilməyəcəyi, artıq bu ildən əhali üçün qazın tarifinin qaldırılmasıyla bağlı müraciət edəcəyi istisna olunmur.

Ermənistanın Baş naziri Nikol Pashinian bir neçə dəfə bəyan edib ki, Avrasiya İqtisadi Birliyi üzvləri üçün qazın qiyməti çox fərqlənməməlidir. Di gəl, Moskva qazın qiymətini salmağa hazır olduğunu dilə gətirməyib.

Ermənistan sərhədində qaz stansiyası
Ermənistan sərhədində qaz stansiyası

Kremlə siqnal?

Kremlə yaxın sayılan “Gazeta” yazır ki, tərəflər arasında razılaşma əldə olunmadığından Yerevan əks-hücuma keçib, Gazprom-un Ermənistan filialını sıxışdırmağa başlayıb.

Qəzet Gazprom Ermənistan-ın iyunda 10 milyon dram (20 min dollar) cərimələndiyini yazır. İctimai xidmətlərin tənzimlənməsi komissiyası bu qərarını Rusiya şirkətinin yerli firmalar və yaşayış evlərini qaz şəbəkəsinə qoşma şərtlərini bir sıra hallarda pozmasıyla əsaslandırıb.

Cərimənin məbləği böyük olmasa da, bu, Gazprom və Kreml üçün siqnaldır, qəzet vurğulayır.

Gazprom Ermənistan-dan qəzetə bildiriblər ki, qazın qiyməti üzrə uzun müddətdir aparılan danışıqlar artıq yekun mərhələdədir. Ancaq qəzet danışıqların oktyabrda bitmək ehtimalının az olduğunu yazır. Rusiyalı ekspertlər isə Rusiyanın qiyməti salmağa hazır olmadığını vurğulayırlar.

Milli energetika təhlükəsizliyi fondunun baş direktoru Konstantin Simonov hesab edir ki, Ermənistan qazı onsuz da rəqabətli qiymətə alır, ondan ucuz qaz ancaq Belarusa verilir, yəni, qiyməti salmağın “yeri yoxdur”. Simonov qeyd edib ki, ayrı-ayrı ölkələrə göndərilən Rusiya qazının qiymətinin formalaşmasına siyasi faktor da təsirini göstərir.

Digər rusiyalı ekspert, Siyasi texnologiyalar mərkəzinin birinci vitse-prezidenti Aleksei Makarkin-in fikrincə, Ermənistanın Rusiya qazıyla bağlı növbəti imtiyaz əldə etmək şansı azdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG