Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:23

Çin sərhədçiləri turistlərin telefonuna nə atır – Qərb mediası


Çində turist məkanı, arxiv fotosu
Çində turist məkanı, arxiv fotosu

Çinin sərhəd polisi turistlərin telefonlarına gizli nəzarət tətbiqləri yerləşdirir və onların şəxsi informasiyasını çəkirlər. “The Guardian” qəzeti bunun hökumətin Sincan regionuna nəzarəti gücləndirmək tədbirlərindən biri olduğunu yazır.

Çin hökuməti əsasən müsəlmanların yaşadığı Sincanda küçələrə və məscidlərə üztanıma kameraları yerləşdirib. Məlumatlara görə, yerli sakinlərdən tələb olunur ki, telefonlarda axtarışa imkan verən proqramı yükləsinlər.

“The Guardian” qəzetinin beynəlxalq tərəfdaşları ilə apardığı təhqiqat bu regiona qonşu Qırğızıstandan keçməyə cəhd edən turistlərin də hədəfə alındığını üzə çıxarıb.

Sərhədçilər turistlərin telefonlarını alır, onlara gizli app yerləşdirir və sonradan telefon sahiblərinin elektron yazışmalarını, mesaj və kontaktlarını, telefon haqda informasiyanı əldə edirlər.

Sincan regionu, arxiv fotosu
Sincan regionu, arxiv fotosu

Turistlər deyiblər ki, onlara bu haqda hər hansı xəbərdarlıq olunmayıb. “Süddeutsche Zeitung” və “The New York Times”ın da tərəfdaş olduğu araşdırmaya görə, Irkeshtam keçid məntəqəsindən Çinə keçənlərin telefonları mütəmadi olaraq sərhədçilər tərəfindən yoxlanır.

“Privacy International” təşkilatından Edin Omanović araşdırmanı “xeyli narahatedici” adlandırıb, çünki “belə bir ölkədə yanlış tətbiq, yaxud xəbəri yükləmək həbs düşərgəsinə apara bilər”.

Çin rəsmiləri hər il Sincana 100 milyonadək turistin getdiyini deyirlər. Buraya yerli və əcnəbi turistlər daxildir.

“The Guardian”ın danışdığı bir turist bu il Sincana gedib, Android sistemli telefonuna yüklənmiş tətbiqi görüncə əndişələnib. Sərhəd keçid məntəqəsində onun telefonunu alıb başqa bir otağa aparıblarmış.

Hələlik, Çin rəsmilərindən informasiya almaq mümkün olmayıb.

Praqada etiraz, 23 iyun, 2019-cu il
Praqada etiraz, 23 iyun, 2019-cu il

Praqada etirazlar nəyi dəyişə bilər

İyunun 23-də Praqanın Letná parkına 250 minədək etirazçı çıxıb, Baş nazir Andrej Babiš-in istefasını tələb ediblər. “Atlantic Council” portalında Martin Michelot 1989-cu ilin Məxməri İnqilabından bəri ən böyük etiraz sayılan bu nümayişin təhlilçilərin diqqətini çəkdiyini yazır. Ancaq müəllif ölkədə siyasi baxımdan ciddi dəyişikliyin gözlənmədiyini, bu etirazın yalnız ölkədə vətəndaş cəmiyyətini səfərbər etdiyini, canlandırdığını yazır.

Babiš hökuməti iyunun 26-da etimad səsverməsindən çıxıb. Hakim koalisiyadakı tərəfdaşı – Sosial Demokratlar güclü daxili gərginliyə baxmayaraq, Babiš hökumətinə etimadı saxlayıb.

“Babiš hökumətinə alternativ də yoxdur. İyunun 28-də açıqlanmış rəy sorğusuna görə, onun ANO partiyası parlament seçkisində səslərin 29 faizini yığardı… Parçalanmış Çexiya müxalifətiBabiš-ə alternativ yaratmaq iqtidarında deyil, bunu istəmir də. Görünür, müxalifət baş nazirə qarşı maraq toqquşması iddiaları ilə bağlı prosesləri izləyəcək. Babiš özü isə istefa vermək niyyətində olmadığını bildirib. İyun etirazlarının təşkilatçıları – “Demokratiya üçün milyon an” adlı tələbə hərəkatı siyasi partiyaya çevrilməyi çıxdaş edir. Onların fikrincə, bu halda etirazların, onların verdiyi mesajların dəyəri azalar”, – müəllif vurğulayır və çexlərin çoxunun ciblərini düşündüyünü yazır. Elə ANO partiyasına güclü dəstək də buna sübutdur. Bu partiya ötən il dövlət qulluqçularının maaşını, pensiyaları artırıb, əhalinin böyük qrupları üçün gediş haqlarını azaldıb. Sözügedən populyar addımlar isə hüququn aliliyi sarıdan narahatlıqları ört-basdır edib.

“Çexlərin həyatını xarakterizə edən siyasi apatiya dövrü hələ bitməyib. Ancaq son etirazlar ölkəyə yeni nəfəs gəldiyini göstərir”, – məqalədə deyilir.

Antarktika, arxiv fotosu
Antarktika, arxiv fotosu

Antarktikanın buz qatı azalır

Antarktika Yerin ən soyuq məkanı, həm də ən böyük təmiz su hövzəsi sayılır. Onillər boyunca buranın buz qatı genişlənib, ancaq son bir neçə ildə, 2014-cü ildən bəri sürətlə əriməyə başlayıb. Bunu yeni araşdırma üzə çıxarıb.

1979-2014-cü illər ərzində alimlər buz qatının genişləndiyini müşahidə edirdilər. Ancaq 2014-cü ildən 2017-ci ilədək “Antarktika buz qatını Arktika qədər itirib”. NASA-dan iqlimşünas Claire Parkinson “Frans Pres” agentliyinə tendensiyanın davam etdiyini deyib.

Vaxtilə 12,8 milyon kvadrat kilometr ərazini əhatələyən buz qatı naməlum səbəblərdən 2 milyon kvadrat kilometr azalıb.

“2014-cü ildə 40 ilin rekord həddində olan buz qatı 2017-ci ildə son 40 ilin rekord aşağı həddinə düşüb”, – Parkinson deyib.

Maraqlıdır ki, nə əvvəlki genişlənmənin, hə də hazırkı azalmanın səbəbləri bəllidir.

Müxtəlif fərziyyələr irəli sürülür – ozon qatında deşik açılması, küləyin istiqamətinin və okean cərəyanlarının dəyişməsi bu versiyalar sırasındadır, ancaq heç biri birmənalı qəbul olunmur.

XS
SM
MD
LG