“Tattelekom” telekommunikasiya şirkəti Tatarıstan Respublikasının Ruhani İdarəsindən tələb edir ki, Kazandakı məscidlərdə kameralar quraşdırılmasına icazə versin. Bu haqda Idel.Реалии portalı yazır.
Tatarıstan müftisi Kamil Samigullin-ə göndərilmiş məktubda deyilir ki, şirkət məscidlərdə kamera-müşahidə sistemini “Tatarıstan Respublikasının İnformasiyalaşdırma və Rabitə Nazirliyinin sifarişilə” quraşdıracaq.
Ancaq məscidlərin imamları qeyd edirlər ki, respublikadakı məscidlərin bir çoxunda daxili kameralar mövcuddur. Onların fikrincə, yeni sistemin sifarişçisi xüsusi xidmət orqanlarıdır və kameralar vasitəsilə məscidə gələnlər içindən ekstremistləri ayırd etmək istəyirlər.
Kazandakı “Mirgaziyan” məscidinin imam-xətibi Abdurrauf Zabirov deyib ki, hakimiyyət şəhərdəki məscidlərin hər birinə əlavə olaraq üç kamera yerləşdirmək istəyir.
“Mənə Tattelekom-dan zəng edib deyirlər ki, məscidinizdə üç əlavə kamera quraşdırmaq istəyirik. Bizdə hələ səkkiz daxili kamera da var”, – o deyib.
“İnformasiya FSB-yə ötürüləcək”
Zabirov “Tattelekom” təmsilçisindən əlavə kameraların nəyə gərək olduğunu soruşub, onların sistemə əlavə yük olacağını deyib. Onun sözlərinə görə, mühəndislər deyiblər ki, yeni müşahidə kameraları məscidin ümumi sisteminə qoşulmayacaq, onların informasiyası birbaşa FSB-yə (Rusiyanın Federal Təhlükəsizlik Xidməti) ötürüləcək.
Yeni kameraların quraşdırılmasına qətiyyətlə qarşı çıxan imam məscidə ibadətə gələnlərin izlənməsinin Rusiya Federasiyası qanunlarına zidd olduğunu vurğulayıb.
“Tattelekom” təmsilçiləri analoji xahişlə Kazandakı “Tugan avılım” məscidinə də müraciət ediblər. Bu məscidin imamı Nurulla Zinnatullin də yeni kameralara qarşı çıxıb. Onun sözlərinə görə, bunu təkcə Rusiya Federasiyasının qanunları deyil, islam normaları da qadağan edir.
Tatarıstan Respublikasının Ağsaqqallar Şurasının sədri Rauf İbragimov deyir ki, məsciddə müsəlmanların kamerayla izlənməsi – “təhqir”dir:
“Özümü müsəlman sayıram və bu addımı konstitusiyaya zidd hesab edirəm. Məncə, bu, bizi, ağsaqqalları təhqir etməkdir. Biz belə bir münasibətə layiq deyilik”, – o vurğulayıb.
Rusiyanın Asiya hissəsində yaşayan Müsəlmanların Ruhani İdarəsinin sədri Nafiqulla Aşirov da bəyan edib ki, məscidlərin əlavə kameraların quraşdırılmasına etiraz etməyə hüququ çatır.
Tatarıstan rəsmiləri, FSB təmsilçiləri hələlik, məsələni şərh etməyiblər.