Britaniyanın Baş naziri Theresa May Rusiya Prezidenti Vladimir Putinə deyib ki, Moskva beynəlxalq təhlükəsizliyə zərbə vura biləcək davranışını dayandırsa, bu ölkələrin münasibətləri də fərqli olar. Açıqlamanı May-in sözçüsü yayıb.
İyunun 28-də Osakada Putin-lə G20 sammiti çərçivəsində görüşən May həm də Putin-dən iki rusiyalı hərbi kəşfiyyat zabitini təhvil verməyi istəyib. Britaniya həmin zabitləri ötən il İngiltərənin Solsberi şəhərində keçmiş ikili agent və qızını zəhərləməkdə ittiham edir.
“Mənfur hərəkət”
İki lider görüşün əvvəlində əl sıxarkən danışmayıblar.
“O, prezidentə deyib ki, Rusiya Böyük Britaniya və müttəfiqlərini hədələyən məsuliyyətsiz fəaliyyəti dayandırmasa, ikitərəfli münasibətimiz normallaşa bilməz”, – sözçü vurğulayıb.
“Baş nazir qeyd edib ki, Solsberi küçələrində ölümcül sinir qazından istifadə qəbuledilməz davranışa bir nümunədir və həqiqətən də mənfur hərəkətdir”, – o, sözlərinə əlavə edib.
Sergei Skripal və qızı Yulia 2018-ci il martın 4-də Solsberidə parkda skamyada huşsuz vəziyyətdə tapılıblar. Onların sovet istehsalı olan Novichok sinir qazıyla zəhərləndiyi üzə çıxıb. Sonradan hər ikisi sağalıb.
2018-ci ilin iyunundan daha iki britaniyalı bu sinir qazıyla zəhərlənib, biri ölüb, digərinin səhhətində hələ də problemlər qalır.
Britaniya bu qalmaqaldan sonra Rusiyanın 23 diplomatını ölkədən qovub.
Ancaq iyunun 28-də “Financial Times” qəzetində dərc olunmuş müsahibədə Putin deyib ki, Rusiyanın həmin zəhərlənməylə əlaqəsi yoxdur. Onun sözlərinə görə, ikitərəfli münasibətlər “beş qəpiyə dəyməyən casuslarla bağlı narahatlıq”dan daha vacibdir.