Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:34

G20 liderlərinin başı daxili çətinliklərə qarışıb – Qərb mediası


Donald Trump Osakada Angela Merkel ilə görüşür
Donald Trump Osakada Angela Merkel ilə görüşür

Böyük İyirmiliyin (G20) Osaka samitində müzakirə olunmalı yetərincə qlobal məsələ var. Ancaq liderlərin çoxunun fikri, yəqin, beynəlxalq diplomatiyadan çox yerli siyasətdə qalıb. Bunu “Reuters” agentliyinin əməkdaşı Peter Apps yazır.

Məsələn, ABŞ Prezidenti Donald Trump üçün 2020-ci ildə təkrar seçilməkdən ötrü ticarətdə uğur qazanmaq, ABŞ-ın müttəfiqlərindən və potensial düşmənlərindən hesabat tələb etmək vacibdir. Di gəl, o da Osaka sammitindən daha çox öz ölkəsində potensial Demokrat rəqiblərinin teledebatını izləyir.

“Trump istərdi ki, amerikanlar Xüsusi prokuror Robert Mueller-in Konqresdə gözlənən ifadəsindən başqa nədən istəyirlər danışsınlar. Mueller iyulda konqres komitəsində Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsi üzrə təhqiqatından danışacaq”, – müəllif yazır və Osakadakı digər liderlərin də daxili məsələlərdən dolayı zəiflik göstərməməyə çalışacağını yazır.

Honq Konqda etirazlar, arxiv fotosu
Honq Konqda etirazlar, arxiv fotosu

Çin lideri Xi Jinping ölkəsindəki narazılığın, özəlliklə də Honq Konqdakı etirazların müzakirəsini heç istəməz. Honq Konq sakinləri Çinə ekstradisiya qanununa etiraz olaraq küçələrə çıxırlar.

Sammitə qatılan bəzi liderlər vəzifədən getmək üzrədir – Britaniyanın Baş naziri Theresa May, Almaniya Kansleri Angela Merkel onların sırasındadır. Türkiyə Prezidenti Recep Tayyip Erdogan-ın hakim AK Partiyası İstanbulda bələdiyyə seçkisini uduzdu.

“Prinsipcə, G20 liderləri arasındakı rahatsızlıq sammitin daha yaxşı keçməsinə səbəb olar. Getməkdə olan Qərb liderləri buraxdıqları mirasdan narahatdırlar. Mövqelərini saxlamağa çalışanlar isə işlək dünya və cəmiyyətə daha çox maraq göstərirlər. Mövcud iğtişaşlara əsasən iqtisadi çətinliklərdən narazılıq səbəb olub və G20-nin də məqsədi dünya iqtisadiyyatının daha yaxşı işləməsini təmin etməkdir”, – müəllif yazır.

Fransada terror, arxiv fotosu
Fransada terror, arxiv fotosu

Avropa torpağında terror azalıbmı

2018-ci ildə terrorçuluq Avropa Birliyi üzvlərinə böyük təhlükəsizlik təhdidi yaratmaqda davam edib. Dəhşətli hücumlarda 13 nəfər öldürülüb, xeyli adam yaralanıb. Saxlananlar daha çox sağ-qanad ekstremizminə bağlı olanlardır. Bu da ekstremistlərin zorakılığı qarşıdurma vasitəsi saydığını göstərir.

İyunun 27-də Avropol “AB-də Terrorçuluq Vəziyyəti və Trendlər 2019 hesabatı”nı açıqlayıb. Hesabatın hazırlanmasını Avropa Parlamenti xahiş edib.

Sənəddə deyilir ki, 2017-ci illər müqayisədə AB-də hücumların və qurbanların sayı ciddi şəkildə azalıb. Ancaq qarşısı alınan cihadçı terrorçu planlarının sayı əməlli çoxalıb. Bu səbəbdən terrorçuluq hədəsini azalmış hesab etmək olmaz, əksinə, daha da mürəkkəbləşib.

13 nəfərin öldürüldüyü hücumlar xaraktercə cihadçı olub, fərdlər tərəfindən təkbaşına törədilib. Bir çox hallarda hücum edənin motivasiyası, digər radikallaşmış fərdlərə, yaxud terrorçu qruplara bağlılığı qeyri-müəyyən qalıb. Zehni sağlamlıq məsələləri də bu fenomenin mürəkkəbliyinə təsirini göstərib. Cihadçı hücumları odlu silahlar, bəzən də hamıya əlçatan bıçaqlarla törədilib.

Demokratlar səhiyyədən, immiqrasiyadan danışıb

“Reuters” agentliyi ABŞ-da Demokrat Partiyasından prezidentliyə iddialıların iyunun 26-da keçirilən ilk teledebatda qaldırdığı məsələlərdən yazır.

Senator Elizabeth Warren danışır, Julian Castro, Cory Booker, Beto O'Rourke, Amy Klobuchar qulaq asır
Senator Elizabeth Warren danışır, Julian Castro, Cory Booker, Beto O'Rourke, Amy Klobuchar qulaq asır

Özəl sığorta sistemi saxlanmalıdırmı? İki namizəd, Massaçusetsdən senator Elizabeth Warren və Nyu Yorkun meri Bill de Blasio özəl sığorta sisteminin hökumətin “Medicare for All” (Hamı üçün tibbi xidmət) proqramıyla əvəzlənmək tərəfdarıdırlar.

Warren bəzi siyasətçilərin belə təklifləri mümkünsüz hesab etməsini qəbul eləmir.

“Onlar əslində sizə demək istəyirlər ki, buna görə savaşmaq istəmirlər. Tibbi xidmət təməl insan haqqıdır və mən bu təməl hüquqlar uğrunda mübarizə aparacağam”, – o deyib.

Texasdan keçmiş konqresmen Beto O’Rourke özəl sığorta sistemini ləğv etməyəcəyini deyəndə de Blasio onun sözünü kəsib: “İşləməyən sistemi necə müdafiə edə bilərsən?”

Abort, immiqrasiya məsələləri də müzakirə olunub.

Demokrat namizədlər ümumilikdə respublikaçı Prezident Donald Trump-ın immiqrasiyaya qarşı siyasətini qəbul etmirlər. Ancaq Texasdan olan iki namizəd partiya daxilində məsələ üzrə fikir ayrılığını ortaya qoyub.

Julian Castro sərhəd pozuntularını kriminallaşdıran, immiqrantların saxlanmasına, uşaqları valideynlərindən ayırmağa imkan verən qanunun ləğvini dəstəklədiyini deyib. O’Rourke isə deyib ki, immiqrasiya qanunlarının tamamilə yenidən yazılmasını istəyir.

XS
SM
MD
LG