Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Trump Putinə: ‘Seçkiyə qarışmayın’


Donald Trump (sağda) və Vladimir Putin Osakada
Donald Trump (sağda) və Vladimir Putin Osakada

ABŞ Prezidenti Donald Trump rusiyalı həmkarı Vladimir Putin-lə görüşündə ikitərəfli münasibətləri, İran, Suriya və Venesuelanı müzakirə edib. Tərəflər iyunun 28-də Osakada saatyarımlıq görüş zamanı silahlara nəzarəti də götür-qoy ediblər. Açıqlamanı Ağ ev yayıb.

Görüşdən çıxan prezidentlərin heç biri suallara cavab verməyib. Onlar sammitə qatılan liderlərlə şəkil çəkdirməyə də birlikdə gediblər.

Bu, iki liderin ötən ilin iyulunda Helsinki sammitindən bəri ilk üzbəüz görüşü idi.

Vladimir Putin və Donald Trump-ın rəhbərlik etdiyi nümayəndə heyətləri
Vladimir Putin və Donald Trump-ın rəhbərlik etdiyi nümayəndə heyətləri

***

Trump görüşdən öncə Putinə “Xahiş edirəm, seçkiyə qarışmayın” deyib və irişib. O daha sonra Rusiya liderinə dönərək ətrafdakıların eşitmədiyi şəkildə nəsə söyləyib.

Bundan öncə bir jurnalist prezidentdən soruşub ki, 2020-ci il seçkisi ilə əlaqədar Putinə belə bir xəbərdarlıq edəcəkmi.

***

Donald Trump görüşdən öncə nikbin görünüb. “Bizim çox, çox yaxşı münasibətimiz var”, – o deyib.

Putinin sözlərinə görə, ötən ilin iyulunda Helsinki görüşündən sonra bu, ikitərəfli dialoqu davam etdirməyə yaxşı fürsətdir.

Prezidentlərin bir saat- saat yarım danışacağı gözlənir. Onlar foto çəkdirməzdən qabaq bir neçə kəlmə danışıblar.

***

İyunun 28-də Yaponiyanın Osaka şəhərində ABŞ Prezidenti Donald Trump-ın rusiyalı həmkarı Vladimir Putin-lə görüşü başlanıb.

Görüş Böyük İyirmiliyin (G20) sammiti çərçivəsində baş tutur.

Rusiya Prezidentinin köməkçisi Yury Ushakov danışıqların bir saatadək çəkəcəyini bildirib.

Liderlər Trump-ın İranla 2015-ci il nüvə sazişindən çıxmasını, Ukraynanın şərqindəki münaqişəni, İrana sanksiyaları, Venesueladakı iğtişaşları götür-qoy edəcəklər.

Yaponiyada G-20 sammiti başlanıb
Yaponiyada G-20 sammiti başlanıb

Bu görüş iki ölkənin münasibətlərinin Soyuq Müharibə dövründən bəri ən aşağı səviyyəyə düşdüyü bir dönəmə təsadüf edir.

ABŞ Prezidenti noyabrda G-20-nin Argentina sammitində Putin-lə planlaşdırılan görüşü ertələmişdi. Bundan öncə Rusiya Azov dənizində Ukraynanın iki gəmisini və dənizçilərini saxlamışdı.

Putin “hər hansı dönüş” gözləmir

İyunun 27-də “Financial Times”a müsahibəsində Putin deyib ki, Osaka görüşlərində “hər hansı dönüş, yaxud böyük qərar” gözləmir.

“Ümid onadır ki, ümumi danışıqlar və ikitərəfli görüşlərdə mövcud narazılıqları hamarlayacaq, irəliyə müsbət addımın təməlini qoyacağıq”, – Putin vurğulayıb.

İki lider yəqin ki “əsasən” silahlara nəzarəti müzakirə edəcəklər, bunu isə dövlət katibi köməkçisinin keçmiş müavini, hazırda Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Avropa və Avrasiya proqramının direktoru Heather Conley söyləyib.

“Prezident Putin ikitərəfli danışığın bu mövzuda aparılmasını istərdi, çünki bu sahədə Rusiyanın gücü Birləşmiş Ştatlara bərabərdir”, – Conley vurğulayıb.

Ortamənzilli Raket Qüvvələri Sazişinin müddəti avqustda bitir. Birləşmiş Ştatlar Rusiyanı bu sazişə əməl etməməkdə günahlandıraraq ondan çıxıb, Moskva da oxşar addım atıb.

Nüvə silahlanmasına məhdudiyyət qoyan Yeni START sazişinin müddəti isə 2021-ci ildə bitir. Tərəflər hələ onun müddətini uzatmağı müzakirə etməyiblər. Trump Çinin iştirakıyla yeni saziş yaratmağı nəzərdən keçirir.

Putin FT-yə deyib ki, Rusiya Birləşmiş Ştatlarda bu sazişi uzatmağa maraq hiss etməyib.

ABŞ və Rusiya Venesuelada da fərqli mövqedədirlər. Moskva Prezident Nicolas Maduro-nu, Vaşinqton isə özünü aralıq dövr prezident elan etmiş müxalifət lideri Juan Guaido-nu dəstəkləyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG