Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

‘Minsk 2019’da Azərbaycan ikinci qızıl medalı qazanıb


İyunun 27-də güləşçi Hacı Əliyev Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında Azərbaycanın aktivinə ikinci qızıl medalı yazdırıb.

Yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən Hacı Əliyev finalda Gürcüstan təmsilçisi, Olimpiya oyunlarının qızıl və gümüş medalçısı, üçqat Avropa çempionu Vladimer Xinçeqaşvilini məğlub edib.

Görüşə daha inamlı başlayan Hacı Əliyev ardıcıl iki dəfə iki xallıq fənd tətbiq edərək üstünlüyü ələ alıb. Oyunda təşəbbüsü əldən verməyən Hacı Əliyev güclü rəqibini 10:2 hesabı ilə məğlub edərək Azərbaycanın aktivinə ikinci qızıl medalı yazdırıb.

Üçqat dünya və üçqat Avropa çempionu, “Rio 2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, “Bakı 2015” I Avropa Oyunlarının qalibi olan Hacı Əliyev “Minsk 2019”da Azərbaycanın medallarını 15-ə çatdırıb.

Hazırda Azərbaycan yığmasının aktivində 2 qızıl, 4 gümüş və 9 bürünc medal var.

İyunun 21-də Minskdə II Avropa Oyunları başlayıb.

İyunun 30-dək davam edəcək II Avropa Oyunlarına Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı qatılıb.

Orada idmanın 15 növü üzrə 200 dəst medal qazanılmalıdır. Azərbaycandan Minskə 82 idmançı yollanmışdı. Onlar idmanın 11 növünü təmsil edirdilər.Həmin idmançılardan bəziləri artıq, yarışı medalsız başa vurublar.

XS
SM
MD
LG