Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Avropada rekord istilər düşüb


Belqrad, arxiv fotosu
Belqrad, arxiv fotosu

Bu gün – iyunun 27-də Avropada rekord isti dalğasının daha da güclənəcəyi proqnozlaşdırılır. Rəsmilər bəzi regionlarda temperaturun 40 dərəcəni keçəcəyini bildirirlər.

İstiliyin artmasından dolayı Fransada nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, İspaniyada meşə yanğınları baş verib. Almaniyada isə istinin əldən saldığı sakinlər soyunduqca ictimaiyyət arasında açıq geyinməklə bağlı müzakirə qızışır.

Meteoroloqların bildirməsinə görə, bu həftə temperaturun yüksəlməsinə Afrikanın şimalından gələn isti hava axını səbəb olub. Artıq iyunda Avropada rekord isti qeydı alınıb.

Bu gün və sabah Fransa, İspaniya və Yunanıstanda termometrlərin 40 dərəcədən yuxarını göstərəcəyi gözlənir.

Praqa, arxiv fotosu
Praqa, arxiv fotosu

“Cəhənnəm yaxınlaşır”

Çərşənbə günü İspaniyada yüzlərlə yanğınsöndürən və əsgər Kataloniyada başlamış meşə yanğınını söndürməyə çalışıblar.

Cümə günü isə İspaniyanın 50 vilayətindən 33-də aşırı hava şəraiti gözlənir, Gironada temperatur 44 dərəcəyə çata bilər.

“Cəhənnəm yaxınlaşır”, – İspaniyada hava məlumatları təqdim edən bir teleaparıcı tvitində yazıb.

Fransada vaxtı və intensivliyinə görə belə temperaturun 1947-ci ildən bəri “görünmədiyi” bildirilir. Meteo-France hava xidməti ölkə ərazisinin üçdə ikisində temperaturun azı 39 dərəcəyə çatacağını proqnozlaşdırır.

Səhiyyə rəsmisi Jerome Saloman aşırı hava şəraitinin təsirinin artıq Fransada hiss olunduğunu, təcili yardıma müraciətlərin artdığını deyib.

Bu gün və sabah bəzi məktəblər bağlanır, Paris və Lion kimi şəhərlərdə hava çirklənməsini azaltmaq üçün nəqliyyatın məhdudlaşdırılması gözlənir.

2003-cü ilin avqustunda Fransada 15 min adamın ölümünə isti havanın səbəb olduğu deyilirdi. İndi hakimiyyət ehtiyat tədbirlərini görür, televiziya və radioda xəbərdarlıqlar olunur.

Ötən il Yunanıstanın Mati kurortunda yanğınlarda 100-dək adam həlak olmuşdu. Artıq ölkə ərazisində temperatur 45 dərəcəyə yaxınlaşır, xəstəxanalar, rəsmilər yüksək hazırlıq vəziyyətindədir.

XS
SM
MD
LG