Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:21

Imamoglu İstanbulu xilas edə bilərmi – Qərb mediası


İstanbullular Imamoglu-nun seçilməsini bayram edirlər, 23 iyun, 2019-cu il
İstanbullular Imamoglu-nun seçilməsini bayram edirlər, 23 iyun, 2019-cu il

İstanbulda bələdiyyə seçkisini ikinci dəfə uduzmazdan bir həftə öncəki teledebatda hakim AKP-dən Binali Yildirim iddia edib ki, İstanbulun əhalisi ilk dəfə olaraq azalır. O bunu partiyasının Anadoluda infrastrukturu yaxşılaşdırması, bu səbəbdən adamların öz şəhər və kəndlərinə qayıtmağa başlamaları ilə izah edib. “Foreign Policy” dərgisində Paul Osterlund rəsmi rəqəmlərin Yildirim-ın dediklərinin əksini göstərdiyini yazır.

“Ötən il şəhəri 595 min nəfərin tərk etməsinə baxmayaraq, əslində, əhali 2017-2018-ci illərdə yerli miqrasiya və təbii əhali artımı sayəsində azacıq artıb. Ancaq o, daha çox adamın şəhərdən çıxaraq daha yaşıl çəmənliklər olan yerlərə getməsini düz deyir. Amma açıqladığı səbəb həqiqətdən uzaqdır. Onları başqa yerlərdə daha cəlbedici infrastruktur çəkir, xaos, boğucu urbanizasiya, böyük iqtisadi böhran qaçmağa məcbur edir”, – müəllif yazır.

Ekrem Imamoglu
Ekrem Imamoglu

“Hazırkı miqrasiyanın əsas səbəbi Türkiyədəki geriləmədir. Anadoludan gəlmiş, burada işsiz qalanlar geri qayıdırlar, orada ailə və dostları onlara kömək etməyə hazırdır. Ehtiyac zamanı böyüdüyün mühitdə yardım almaq nisbətən asanlaşır”, – Dyuk Universitetində iqtisadiyyat və siyasi elmlər professoru Timur Kuran deyib.

Müəllif müxalif CHP-dən Ekrem Imamoglu-nun seçkini məhz belə bir məqamda udduğunu yazır. Lirə ucuzlaşır, İstanbul getdikcə bahalı şəhərə çevrilir, kirayə haqları ölkənin digər şəhərlərindən çox bahadır, inflyasiya nəticəsində gündəlik tələbat malları milyonlarla sakin üçün əlçatmazdır.

Kuran İstanbulun Türkiyənin iqtisadi mühərriki olduğunu, ölkənin ən varlı və ən təhsillilərinin böyük qisminin də burada yaşadığını deyir: “Belə adamlar siyasi sabitliyi və siyasi azadlıqları dəyərləndirirlər. Onların bacarıqları daşınandır. Yaxşı akademik, yaxud həkim hər yerdə çalışa bilər. Həmçinin kreativ sahibkar öz innovasiyalarını hər yerdə gerçəkləşdirə bilər”.

“Son illər daha çox ağ yaxalıqlı peşəkarlar, frilanserlər, təqaüdə erkən çıxanlar İstanbulu sahil ərazilərə dəyişiblər, ən çox da İzmirə gedirlər. 2016-cı ilin uğursuz çevriliş cəhdindən sonra daha artıq tələbə, professor, dissident ölkəni ya bitərəfli uçuşlar, ya da qanunsuz yollarla tərk edib. Bu şəhərdən pul və istedad axını baş verdiyindən, beyin axınının dağıdıcı təsirləri hələ özünü göstərəcək”, – yazan müəllif istanbulluların özlərinə yeni lider seçməsini onların daha yaşamalı bir şəhər arzulamasının göstəricisi sayır.

Timur Kuran-ın fikrincə, Imamoglu-nun qələbəsinin Türkiyənin ən böyük şəhərindən miqrasiyanı dayandıracağını söyləməyə hələ tezdir, ancaq yenə də boğulmaqda olan bir şəhər üçün ürəkləndirici dəyişiklikdir.

Miqrant qız, arxiv fotosu
Miqrant qız, arxiv fotosu

Miqrantla qızının fotoları dünyanı sarsıdıb

Rio Grande çayı vasitəsilə Meksikadan Birləşmiş Ştatlara keçməyə çalışarkən boğulmuş salvadorlu miqrant və iki yaşlı qızının fotoları dünyanı sarsıdıb. Bu haqda “Frans Pres” agentliyi yazır.

25 yaşlı Oscar Martinez Ramirez Əl Salvadordan 21 yaşlı həyat yoldaşı və qızıyla qaçıb. O, bazar günü axşam Meksikadan ABŞ-a riskli yolla keçməyə qərar verib.

Ramirez qızını kürəyinə atıb, onu köynəyinin içinə salıb. Ancaq ata-bala çayda batıblar, bu, sahilə çıxa bilmiş ananın gözləri qarşısında baş verib.

Ata-balanın cəsədi bazar ertəsi Tamaulipas ştatında tapılıb.

Suyun içinə üzüstə düşmüş ata-balanın fotoları Əl Salvador və Meksikada əhalini qəzəbləndirib. Axı, bu ölkələrin hökumətləri miqrantlarla davranışa görə kəskin tənqid olunurlar.

Meksika Prezidenti Andres Manuel Lopez Obrador ötən həftə AFP jurnalistinin yaydığı fotolara görə sərt tənqidə tuş gəlib. Fotolarda Milli Qvardiyaçıların iki qadın və bir qızı zorakılıqla saxladığı görünürdü.

Bu həftə Meksika lideri ABŞ-la sərhədə 15 min hərbçi göndərdiyini, ancaq onlara miqrantların qarşısını kəsmək göstərişi verilmədiyini deyib. O, qalmaqal yaratmış saxlanma hadisəsinin araşdırılacağını söyləyib.

Boris Johnson
Boris Johnson

Sazişsiz Breksit nə deməkdir

Britaniyanın növbəti baş naziri olmağa ən şanslı Boris Johnson deyib ki, ölkəni oktyabrın 1-də Avropa Birliyindən çıxara bilər, gərəkərsə, bunu keçid razılaşması olmadan edər.

Onun rəqibi, xarici işlər naziri Jeremy Hunt da Britaniyanı sazişsiz Breksitə aparmağa hazır olduğunu deyib, ancaq tarixlə bağlı daha çevik davranacağını sözlərinə əlavə edib.

“Reuters” agentliyi sazişsiz Breksitin ölkə üçün fəsadlarından yazır. İngiltərə Bankının hesablamasına görə, ən pis halda – sərhəd yubanmaları baş verərsə, bazarlar Britaniyaya inamı itirərsə, ölkə iqtisadiyyati bir il ərzində 5 faiz azala bilər. Bu, qlobal maliyyə böhranı dövrünün göstəricisinə yaxındır.

Uzunmüddətli perspektivdə, Britaniyanın maliyyə nazirliyinin hesablamasına görə, Breksit sazişsiz həyata keçirilərsə, iqtisadiyyat 2035-ci ilədək 8 faiz azala bilər. Miqrasiya kəskin azalarsa, itki daha çox olar.

Brüssel bildirir ki, sazişsiz Breksit Britaniya ixracına rüsum qoyulması deməkdir. Bu idxal rüsumu qeyri-kənd təsərrüfatı məhsulları üçün 2-3 faiz, maşın, fermer təsərrüfatı məhsulları üçün daha artıqdır.

Ancaq Johnson-nun fikrincə, Britaniya beynəlxalq ticarət qaydalarına uyğun olaraq rüsumlardan yayına bilər.

XS
SM
MD
LG