Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:17

Zelenskiy AŞPA-nın qərarından 'məyus olub'


AŞPA-nın binası
AŞPA-nın binası

Rusiyanın AŞPA-ya qayıtmasına etiraz olaraq Ukraynanın nümayəndə heyəti iclasdan çıxıb. Prezident Volodymyr Zelenskiy isə qurumun qərarından “məyusluğunu” bildirib.

İyunun 25-də Facebook səhifəsində yerləşdirdiyi bəyanatında Zelenskiy yazıb ki, Fransa və Almaniya liderləri ilə görüşlərində onları Rusiyanın quruma qayıtmasına imkan verməməyə inandırmağa çalışıb, Moskvanın bundan ötrü AŞPA-nın hüququn aliliyi və insan haqları tələblərinə əməl etməli olduğunu deyib.

“Təəssüf ki, avropalı tərəfdaşlarımız bizi eşitmədilər və başqa cür hərəkət etdilər”, – Zelenskiy yazıb.

Volodymyr Zelensky və Almaniyanın Kansleri Angela Merkel, 18 iyun, 2019-cu il
Volodymyr Zelensky və Almaniyanın Kansleri Angela Merkel, 18 iyun, 2019-cu il

***

Rusiya AŞPA-ya qayıdır

Avropa Şurası Parlament Assambleyası Rusiyanın üçillik fasilədən sonra quruma qayıtmasına səs verib.

Səsvermə iyunun 25-nə keçən gecə AŞPA-nın Strasburqda keçirilən yay sessiyasında baş tutub.

Rusiyanın 2014-cü ildə Ukraynanın Krım regionunu ilhaq etməsindən bəri ilk dəfədir ki, Moskvaya sanksiya qaldırılır.

47 üzvü olan Avropa Şurası qitənin əsas insan haqları təşkilatıdır.

Rusiya artıq baş katib seçiminə qatıla bilər

Ümumilikdə 118 deputat Rusiyanın dərhal AŞPA-ya qayıtmasına, assambleyanın gələcəkdə Rusiyaya oxşar sanksiyalar tətbiq etmək qabiliyyətini məhdudlaşdırmağa səs verib.

Ukraynada müharibəyə etiraz aksiyası, 2014-cü il
Ukraynada müharibəyə etiraz aksiyası, 2014-cü il

Qurumun 62 deputatı bunun əleyhinə səs verib, 10 nəfər səsverməyə qatılmayıb.

AŞPA qərar verib ki, üzvlərinin “Assambleya və onun qurumlarında səs vermək, danışmaq və təmsil olunmaq hüquqları... təxirə salınmayacaq, yaxud ləğv olunmayacaq”.

Assambleyanın qəbul etdiyi qətnamədə deyilir ki, qaydaların aydınlaşdırılmasında məqsəd “üzv ölkələrin Avropa Şurasının hər iki hüquqi qurumunda təmsil olunmaq və iştirak hüququ və öhdəliyini təmin etməkdir”.

Assambleya həmçinin Avropa Şurasının “AŞPA-da nümayəndə heyəti ilə təmsil olunmayan” üzv dövlətlərini hazırkı iclas zamanı etimadnamələrini təqdim etməyə dəvət edib.

Bu o deməkdir ki, Rusiya artıq bu gün – iyunun 25-də AŞPA-ya nümayəndə heyətini təqdim edə və ertəsi gün Avropa Şurasının yeni baş katibinin seçilməsində iştirak edə bilər.

“Çox pis ismarıc verir”

Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən, Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayandan sonra AŞPA-da səsvermə hüququndan məhrum edilib. O vaxtdan münaqişədə 13 minədək adam həlak olub.

Rusiyanın Xarici işlər naziri Sergei Lavrov (solda) və Thorbjorn Jagland Moskvada, 2014-cü il
Rusiyanın Xarici işlər naziri Sergei Lavrov (solda) və Thorbjorn Jagland Moskvada, 2014-cü il

Rusiya 2016-cı ildə assambleyanı boykot edib, 2017-ci ildə illik 33 milyon avro ödənişini də etməyib. Bu, şuranın büdcəsinin təxminən 7 faizi deməkdir.

Moskva nümayəndə heyətinin təmsilçiliyi bərpa olunmasa, Thorbjorn Jagland-ın yerinə yeni baş katibin seçilməsində iştirak edə bilməsə, qurumdan tamamilə çıxmaqla hədələyirdi.

Almaniyanın Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Macron Rusiyanın AŞPA-ya qaytarılmasını dəstəkləyir. Onların fikrincə, dialoqdan ötrü Rusiyanın qurumda olması daha yaxşıdır, hətta bəzi məsələlər üzrə fikir ayrılığı olsa belə.

Ukrayna isə bu addıma qarşıdır.

Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Volodymyr Ariev deyib ki, assambleyanın qərarı “çox pis ismarıc verir: nə istəyirsən elə, başqa ölkənin ərazisini ilhaq elə, adamları öldür, yenə durumdan hər şeylə çıxacaqsan”.

Rusiya Dövlət Dumasının Xarici İşlər Komitəsinin rəhbəri Leonid Slutsky isə deyib ki, AŞPA “ölkələrin nümayəndə heyətlərinin hüquqlarının qorunması yönündə nəhəng addım atdı”.

Rusiyanın nümayəndə heyəti daha “əhəmiyyətinin asılı olmayaraq, heç bir sanksiyaya” dözməyəcək, Slutsky deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG