Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:00

E.Məmmədyarov Vaşinqton görüşündən danışıb


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

“Vaşinqton görüşünün yaxşı nəticəsi o oldu ki, həmsədrlər rəsmi şəkildə sənədləri müzakirə üçün yenidən təqdim etdilər...”

“Turan” agentliyinin xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov iyunun 24-də Bolqarıstandan olan həmkarı Yekaterina Zahariyeva ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib. O, bu sözləri iyunun 20-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri ilə gerçəkləşən görüşü ilə bağlı söyləyib.

Nazir jurnalistlərə xitabən “əgər soruşsanız hansı sənədləri təqdim ediblər?” deyərək öz sualını belə cavablandırıb:

“Görüşdən sonra mən jurnalistlərə dedim ki, biz artıq 15 ildir danışırıq. Əgər jurnalistlər nəyi müzakirə etdiyimizi öyrənmək istəysə, ən yaxşısı həmsdərlərin martın 9-da yaydığı bəyanatı oxusunlar, orada hər şey yazılıb. O ayrı məsələ ki, biz bununla razıyıq və ya razı deyilik. Biz bunun əsasında müzakirə aparırıq...”.

"RAZILIĞA GƏLDİK Kİ, 2-3 AY SONRA YENƏ GÖRÜŞƏK"

E.Məmmədyarovun vurğulamasına görə, hazırda həmsədrlərin martın 9-da yaydıqları bəyanat əsasında iş gedir:

“Yenə də deyirəm, həmin bəyanatın bəzi məqamları ilə razıyıq, bəzi məqamları ilə razı deyilik. Həmin bəyanatda yazılıb ki, ilk növbədə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır. Qalan məsələlər bundan sonra əksini tapa bilər”.

E.Məmmədyarovun deməsinə görə, həmsədrlərin Vaşinqton görüşündə təqdim etdiyi məsələlərin üzərində bir-iki ay işləmək lazımdır:

“Düzünü deyim ki, sənədə baxmışam, ciddi təhlil etmək lazımdır. Amma, yenə də həmin məsələlərdir. Biz belə razılığa gəldik ki, 2-3 aydan sonra biz yeni görüş keçirək”.

Nazir vurğulayıb ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır:

“Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır. O ki qaldı, başqa məsələlərə, onlar müzakirə oluna bilər. Amma, ilk növbədə Ermənistan qoşunları işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Bunlar deyirlər ki, bu paket şəkilndə olsun,... Artıq bu bilinir ki, mərhələli şəkildə, addım-addım olmalıdır. Amma, ilk növbədə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır”.


Bolqarıstan Xarici İşlər nazirinin bu gün, iyunun 24-də Azərbaycanda rəsmi görüşləri başlayıb. Onun Azərbaycanda başqa rəsmi şəxslərlə də görüşüb ikitərəfli və regional əməkdaşlıq məsələləri ilə bağlı müzakirələri davam etdirəcəyi gözlənir.

Azərbaycan Xarici İşlər Nazirliyinin bildirməsinə görə, E.Məmmədyarovun Yekaterina Zahariyeva ilə görüşündə ikitərəfli əlaqələr, Azərbaycanın iştirakçısı olduğu beynəlxaql layihələr müzakirə edilib. Habelə E. Məmmədyarov həmkarına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bilgi verib.

Xatırlatma

Bu il iyunun 21-də Vaşinqtonda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla onun ermənistanlı həmkarı Zohrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib. Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin martın 9-da verdikləri bəyanatda isə səmərəli müzakirələr üçün əlverişli ab-havanı dəstəkləməyin vacibliyi vurğulanırdı . Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinin Helsinki Yekun Aktının müddəalarına əsaslanmasının vacibliyi də qeyd edilirdi:

"Hər hansı bir prinsipi digərlərindən üstün tutmağa yönələn istənilən cəhd tarazlı çözümü mümkünsüz edəcək”.

Eyni zamanda, sənəddə həmsədrlərin Azərbaycan və Ermənistan liderləri, xarici işlər nazirləri ilə istənilən vaxt görüşməyə hazır olduqları diqqətə çatdırılırdı. Bundan əlavə, həmsədrlər mandatlarına uyğun olaraq münaqişənin dinc yolla həll olunması üçün tərəflərə kömək etmək məramına tam sadiq olduqlarını vurğulayırdılar.

Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına kimi Ermənistan Azərbaycanın Dalıq Qarabağ bölgəsini və ora bitişik 7 rayonu işğal edib.

Qarabağ münaqişəsinin nizamlanması ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

XS
SM
MD
LG