Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:35

150 mindən çox rusiyalı Gürcüstana getməyə bilər


Batumidə çimərlik, arxiv fotosu
Batumidə çimərlik, arxiv fotosu

Rusiyadan Gürcüstana birbaşa uçuşların yasaqlanması, turlara moratorium qoyulması üzündən 150 mindən çox rusiyalı Gürcüstana getməkdən imtina edə bilər. Bu haqda Rusiyanın “Kommersant” qəzeti turizm sənayesindəki mənbələrə istinadla yazır. Onların dəyərləndirməsinə görə, aviadaşıyıcılar biletlərin qaytarılmasına 3 milyard rubladək vəsait xərcləməli olacaqlar.

Rusiya aviaşirkətləri Gürcüstana uçuşların qadağan olunmasına görə üzləşə biləcəkləri itkilərdən danışmayıblar. Ancaq “Kommersant”ın müsahibləri bu itkilərin “yetərincə ciddi” olacağını deyiblər.

632 milyon avro xərcləyiblər

Gürcüstandakı otellər Rusiyadan turist axınını stimullaşdırmaqdan ötrü ciddi endirimlər ediblər. Gürcüstana dolayısı yolla da getmək mümkündür, ancaq bu halda səyahət ortalama 3 min rubl baha başa gəlir.

Tbilisi, 24 iyun, 2019-cu il
Tbilisi, 24 iyun, 2019-cu il

“Kommersant” Gürcüstanda otel sahiblərini də danışdırıb. Onlar sözügedən qadağanı ölkənin turizm sənayesi üçün ciddi zərbə sayırlar. Belə ki, 2018-ci ildə Rusiyadan gələn turistlər Gürcüstanda 632 milyon avro xərcləyiblər, Avropa Birliyindən turistlər isə bundan iki dəfə az pul qoyublar.

Gürcüstanın Mehmanxanalar və Restoranlar Assosiasiyasının rəhbəri Şalva Alaverdaşvili rusiyalıların kütləvi şəkildə sifarişləri ləğv etməsi barədə xəbərləri təkzib edib. Onun sözlərinə görə, sifarişlərin maksimum 5-6 faizi ləğv olunub.

İyunun 20-dən Tbilisidə keçirilən antihökumət mitinqlərində Rusiyanın əleyhinə şüarlar səsləndirilir, Gürcüstan ərazilərini işğalında, ölkənin daxili işlərinə qarışmaqda ittiham olunur. İyunun 21-də Rusiya Prezidenti Vladimir Putin ölkənin aviaşirkətlərinin Gürcüstana birbaşa reyslərinin müvəqqəti qadağan olunması barədə sərəncam imzalayıb.

Gürcüstan Prezidenti Salome Zurabishvili Putin-in qərarını yanlış adlandırıb, siyasi məsələləri turistlərə əngəl yaratmadan həll etməyə çağırıb.

Son illər Rusiyadan Gürcüstana turist axını güclənib. Rəsmi məlumata görə, 2018-ci ildə Gürcüstana 1,29 milyon rusiyalı səfər edib, bu, 2017-ci ildəkindən 11,8 faiz çoxdur. 2019-cu ilin birinci rübündə turist axını 26 faiz artıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG