Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 16:56

AŞPA-nın yay sessiyası başlayır, Azərbaycan hazırlıq görür...


AŞPA-nın iclası

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası iyunun 24-də işə başlamalıdır. Sessiyanın açılışında Assambleyanın gündəliyi təsdiq edilməlidir.

AZƏRTAC-ın xəbərinə görə, sessiyada Azərbaycan nümayəndə heyəti Ermənistan tərəfindən 5 ildir ki, girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracaq, müvafiq tədbirlər təşkil edəcək.

İyunun 24-dən 28-dək Strasburqda keçiriləcək AŞPA yay sessiyasında səlahiyyətlər və səsvermə ilə bağlı qərar qəbuletmə prosesinə dair müzakirələr aparılmalıdır.

Qurumun yay sessiyasında 70 illik yubileyini qeyd edən Avropa Şurasının yeni Baş katibi seçilməlidir.Bundan başqa, Fransanın Avropa işləri üzrə dövlət katibi Nazirlər Kabinetinin məlumatını təqdim etməlidir. Habelə, Portuqaliya Prezidenti Marselo Rebelo de Susanın çıxışı da gözlənir.

AŞPA yay sessiyasında qadınlara, eləcə də uşaqlara qarşı zorakılığa son qoymaq, gender bərabərliyinə dair birgə müzakirələrin də aparılması nəzrdə tutulur. Uşaq alverinə, uşaqların cinsi istismarına dair BMT-nin xüsusi məruzəçisinin hesabatı dinlənməlidir.

Həmçinin, Suriyadakı vəziyyət, Bolqarıstanla monitorinq sonrası dialoq, eləcə də Avropa Şurasının büdcəsi ilə bağlı məsələlərin müzakirəsi gözlənir.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür.

Bu quruma üzv olarkən Azərbaycan insan hüquqları, demokratik seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və bir sıra başqa məsələlərlə bağlı üzərinə öhdəlik götürüb.Azərbaycana, hələ da qurumun monitorinqi davam edir.

Xatırlatma

2014-cü ildə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevi Kəlbəcərdə Ermənistan əsgərlərinin girov götürdüyü açıqlanıb. Azərbaycan vətəndaşı Həsən Həsənovun isə onda güllələnərək öldürüldüyü bildirilir.

Dilqəm Əsgərov və Şahbaz Quliyev əslən Kəlbəcər rayonundandırlar. H. Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində məhkəmə qurulub. Onlar qanunsuz silah gəzdirmək və başqa agır maddələrlə ittiham ediliblər.Azərbaycan hökumətinin tanımadığı bu məhkəmənin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Kəlbəcərə ata-baba yurdlarına baş çəkməkdən ötrü gəldiklərini bildiriblər.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Həmin rayonlardan biri də 1993-cü il aprelin 2-də işğal edilən Kəlbəcər rayonudur.

Günün bütün mövzuları

XS
SM
MD
LG