Keçid linkləri

2026, 18 Sentyabr, cümə, Bakı vaxtı 00:13

Dünya xəbərləri

II Avropa Oyunları başlayıb

II Avropa Oyunlarının rəsmi simvolu
II Avropa Oyunlarının rəsmi simvolu

İyunun 21-də Minskdə II Avropa Oyunlarının açılış mərasimi olacaq.

Açılış mərasimi Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İyunun 30-dək davam edəcək II Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı iştirak edəcək. Atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan Minskdə 82 idmançı ilə təmsil olunur. Onlar idmanın 11 növü üzrə medallar uğrunda yarışacaqlar.

Açılış mərasimi Bakı vaxtı ilə saat 23:00-da olsa da, oyunlar başlayıb.

Oyunların birinci günündə idmanın üç növü – basketbol (3x3), kamandan oxatma və boks yarışları keçirilir. Azərbaycan idmançıları turnirin birinci günündə boks və kamandan oxatma yarışlarında mübarizəyə qoşulurlar.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, gənclər və idman naziri Azad Rəhimov da oyunları izləyir.

Xatırlatma

Tarixdə ilk Avropa Oyunları 2015-ci ilin iyununda (12-28-də) Bakıda keçirilib. Bakı-2015-də Azərbaycan komanda hesabında ikinci yerdə qərarlaşıb. Onlar 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya tutub. II Avropa Oyunlarına ev sahibliyi edən Belarus idmançıları isə Bakıda 43 medalla (10-11-22) yeddinci olmuşdular.

Bütün xəbərləri izləyin

Rusiya Ukraynaya yeni zərbələr endirib

Kiyevə dron hücumu
Kiyevə dron hücumu

Sentyabrın 17-də Rusiya Ukraynanın Kiyev, Odessa və digər şəhərlərinə raket və dron hücumlarını bərpa edib. Hücumlardan bir neçə saat əvvəl ABŞ Konqresi Rusiyaya yeni sanksiyalar paketini qəbul edib.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya növbəti ballistik raket və dron hücumu ilə eyni vaxtda ABŞ Nümayəndələr Palatasının bu qanunu qəbul etməsini "rəmzi hadisə" adlandırıb.

O, Rusiyanın səkkiz vilayətdə mülki və enerji infrastrukturunu, Kiyev və Odessada yaşayış evlərini vurduğunu bildirib. Uşaqlar daxil olmaqla, 10-dan çox insan yaralanıb.

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Rusiyaya qarşı sanksiyalar layihəsinin qəbulunu alqışlayıb, Moskvanın Ukraynaya davam edən hücumlarına sərt cavab adlandırıb.

Sibiqa tam embarqo, Rusiyanın "kölgə donanması"na qarşı məhdudiyyətlər, ölkənin hərbi-sənaye kompleksinə əlavə sanksiyalara çağırıb.

Kiyev meri Vitali Kliçko paytaxtda uşaqlar daxil olmaqla, 18 nəfərin yaralandığını bildirib. Təkrar dron zərbəsi inzibati binada yanğına səbəb olub.

Yerli hakimiyyət orqanlarına görə, Rusiyanın gecə saatlarında Odessaya zərbəsindən ikisi uşaq olmaqla, altı nəfər yaralanıb, çoxmənzilli yaşayış binalarına, fərdi evə və infrastruktura ziyan dəyib.

Ukraynanın dron zərbələri

Rusiya rəsmiləri isə Ukraynanın dron hücumunun Yaroslavl şəhərindəki neft emalı zavoduna ziyan vurduğunu bildiriblər.

Krasnodar diyarında dron qalıqları neft emalı zavodunda yanğına səbəb olub. Xəsarət alan olmayıb.

Zelenski Yaroslavl neft emalı zavoduna hücumu təsdiqləyib. Onun sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın cənubunda, Ukrayna sərhədi yaxınlığındakı Rostov vilayətində hərbi aerodroma da zərbə endirib, üç təyyarə və üç helikopter zədələnib.

ABŞ prezidenti Donald Tramp sentyabrın 14-də iki ölkə arasında enerji atəşkəsi əldə olunduğunu elan etmişdi. Ancaq tərəflərdən heç biri belə bir razılaşmanın mövcudluğunu təsdiqləməyib.

Tramp bundan əvvəl də Zelenskini Rusiyanın dizel yanacağı infrastrukturunu hədəfə almağı dayandırmağa çağırmışdı. O, dünyaya ziyan vuran dizel yanacağı qıtlığının yaranmasında bu hücumları günahlandırmışdı.

Almaniya seçkilər ərəfəsində Latviyaya qırıcılar göndərir

NATO-nun Latviyanın hava məkanında patrul missiyasında iştirak edən Almaniyanın "Eurofighter Typhoon" qırıcı təyyarəsi
NATO-nun Latviyanın hava məkanında patrul missiyasında iştirak edən Almaniyanın "Eurofighter Typhoon" qırıcı təyyarəsi

Almaniya gələn ay keçiriləcək parlament seçkiləri vaxtı Latviyanın hava məkanını qorumaq üçün bu ölkəyə "Eurofighter" qırıcıları göndərəcək. Məlumatı Almaniya Müdafiə Nazirliyi yayıb.

Latviya 3 oktyabr parlament seçkiləri ərəfəsində NATO müttəfiqlərindən əlavə dəstək istəyib.

"Son həftələr və aylar dronların Baltikyanı ölkələrin hava məkanını dəfələrlə pozması fonunda Latviya hökuməti parlament seçkilərinin təhlükəsiz keçirilməsi üçün alyansdakı tərəfdaşlarına müraciət edib, hava məkanının müdafiəsində dəstək istəyib", – məlumatda deyilir.

Almaniya Müdafiə Nazirliyi bildirir ki, ölkə "xüsusilə şərq cinahında daha həssas vəziyyətdə olan müttəfiqlərinə etibarlı dəstək göstərir" və bu çərçivədə Latviyaya dörd "Eurofighter" qırıcısı göndərəcək.

Bu il Latviyada dronlarla bağlı bir neçə insident baş verib. İyun və avqustda qırıcı təyyarələr ölkə üzərində dronları məhv edib.

Ukrayna dronların Rusiyanın radioelektron mübarizə (REM) sistemlərinin fəaliyyəti nəticəsində Baltikyanı ölkələrin ərazisinə keçdiyini bildirib. Bununla belə, Litva və Estoniyanın xarici işlər nazirləri də Rusiyanı Ukrayna dronlarını qəsdən bu ölkələrə tərəf yönəltməkdə ittiham ediblər.

Beynəlxalq tribunal Haşim Taçiyə 25 il həbs cəzası kəsib

Haşim Taçi
Haşim Taçi

Sentyabrın 16-da Haaqa tribunalı Kosovo Azadlıq Ordusunun (KLA) keçmiş komandiri, sonradan Kosovo prezidenti olmuş Haşim Taçini müharibə cinayətlərində təqsirli bilərək 25 il müddətinə azadlıqdan məhrum edib.

58 yaşlı Taçi qətl, işgəncə və təqib ittihamları ilə mühakimə olunurdu. O, 1998-1999-cu illər müharibəsində Serbiya qüvvələrinə qarşı döyüşmüş Kosovo Azadlıq Ordusunun digər üç keçmiş rəhbəri ilə birlikdə məhkəmə qarşısına çıxarılmışdı. Kosovoda geniş ictimaiyyət onları milli qəhrəman sayır.

Məhkəmə hökmü oxumağa davam edir.

H.Taçi 2020-ci ildə barəsində ittiham irəli sürüldükdən sonra Kosovo prezidenti vəzifəsindən istefa verib. Həmin vaxtdan Niderlandın Haaqa şəhərində yerləşən Kosovo üzrə Xüsusi Məhkəmə Palatalarının təcridxanasında saxlanılır.

Kosovonun Serbiyadan ayrılması uğrunda müharibədə 10 mindən çox insan həlak olub, onların çoxu etnik albanlar idi. 1600-dən çox şəxs isə hələ də itkin düşmüş sayılır.

2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edən Kosovonu bir çox Qərb ölkələri tanıyıb. Serbiya və onun müttəfiqləri olan Rusiya ilə Çin isə bu addımı atmayıb.

Yanvar etirazlarına görə 100-dən çox şəxs edam təhlükəsi ilə üz-üzədir

2026-cı ilin əvvəlindən İranda 561 nəfər edam edilib.
2026-cı ilin əvvəlindən İranda 561 nəfər edam edilib.

İranda yanvar etirazları ilə əlaqədar azı 100 nəfərə ölüm hökmü çıxarılıb. Onların arasında beş qadın və ittiham olunduqları əməlləri törətdikləri vaxt yaşı 18-dən az olan azı beş nəfər var. Məlumatı Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) yayıb.

Qurum bildirib ki, bu hallar İranın 31 vilayətindən 13-də qeydə alınıb və ölüm cəzası ilə üzləşə biləcək etirazçıların kiçik bir hissəsini əhatə edir. Rəsmi mənbələr 100 işdən beşi barədə məlumat yayıb.

Onların hamısına azı ilkin mərhələdə ölüm hökmü çıxarılıb, bəzilərinin hökmünü İranın Ali Məhkəməsi qüvvədə saxlayıb.

IHR-in direktoru Mahmud Əmiri-Müqəddəm deyir ki, İnqilab məhkəmələri etirazçıları minimum ədalətli məhkəmə standartlarına belə cavab verməyən proseslərdə ölüm cəzasına məhkum edib.

Təşkilatın məlumatına görə, etirazlarla bağlı işlər üzrə təqsirləndirilən şəxslərə adətən öz seçdikləri vəkillə təmin olunmaq imkanı verilmir, işgəncə və məcburi etiraflardan sistemli şəkildə istifadə olunur.

IHR bildirir ki, martın 18-dən bəri İranda 31 etirazçı edam edilib. Onlardan 29-u yanvar etirazları zamanı saxlanılıb, ikisi daha əvvəl keçirilmiş "Qadın, həyat, azadlıq" hərəkatı ilə əlaqəli olub.

Təşkilatın son məlumatlarına görə, 2026-cı ilin əvvəlindən İranda 561 nəfər edam edilib.

Rusiya dronları Nikopolda avtobusa hücum edib, 5 nəfər həlak olub

Kiyevə dron hücumu
Kiyevə dron hücumu

Rusiya qüvvələri sentyabrın 16-na keçən gecə Nikopolda marşrut avtobusuna dronlarla hücum edib. Bu haqda Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Oleksandr Qanja məlumat verib. Beş sərnişin həlak olub, yeddi nəfər yaralanıb.

Kiyevdən Nikolayevə gedən sərnişin qatarı da dron hücumuna məruz qalıb. Qatar briqadası və sərnişinlər təxliyə olunub, onların daşınması üçün avtobuslar ayrılıb.

Rusiya dronları ilk dəfə deyil sərnişin qatarlarına hücum edir. Sentyabrın 8-də Kiyev-Sumı və Dnepr-Zaporojye qatarları, Sumı vilayətində şəhərətrafı elektrik qatarı dron hücumuna məruz qalıb, bələdçi qadın həlak olub. Sentyabrın 9-da "Şahed" dronu Xarkov vilayətində sərnişin qatarını vurub, yeddi nəfər yaralanıb. Sentyabrın 13-də isə dronlar Ukraynanın qərbində dəmir yoluna hücum edib, Kiyev-Varşava qatarının lokomotivi dağılıb.

Rusiya dronları ötən gecə Kiyevə də hücum edib. Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, paytaxtın Svyatoşinski rayonunda anbarlarda yanğın başlayıb. Hazırda yanğın söndürülür. Bir nəfər xəsarət alıb.

Ümumilikdə gecə ərzində Ukraynaya 80-ə yaxın Rusiya dronu ilə hücum gerçəkləşdirilib.

Almaniyada hərbi aerodromun yaxınlığına dron düşüb

Hannover yaxınlığındakı Vunstorf hərbi aerodromu
Hannover yaxınlığındakı Vunstorf hərbi aerodromu

Almaniyada Hannover yaxınlığındakı hərbi aerodromun ətrafına dron düşüb. Dronun qalıqları sentyabrın 14-də axşam saatlarında Aşağı Saksoniyadakı Ştaynhuder-Mer gölü ərazisində tapılıb. "Bild" nəşri və NDR teleradio şirkətinin məlumatına görə, polis dronun digər hissələrinin tapılması üçün genişmiqyaslı axtarış əməliyyatı aparır.

Dronun kimə məxsus olduğu bəlli deyil. Ondan hansı məqsədlə istifadə edildiyi də hələlik müəyyənləşdirilməyib.

Hadisə yerindən bir kilometr aralıda Almaniyanın Vunstorf hərbi aviabazası yerləşir. Bazada Almaniya Hərbi Hava Qüvvələrinin A400M hərbi nəqliyyat təyyarələri yerləşdirilib.

Avqustun 4-dən 5-n keçən gecə Leypsiq hava limanında tapılan dronun Ukraynaya məxsus nəqliyyat təyyarəsini hədəf aldığı məlum olub. Amma dronun təyyarənin qanadına çırpılaraq yerə düşdüyü və detonatoru sıradan çıxdığı üçün partlamadığı bildirilir. Daha sonra həmin ərazidə daha iki dron aşkarlanmışdı.

Almaniya hakimiyyəti hadisədə Rusiyanın əli olduğunu bildirib. Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt deyib ki, dronun parametrləri, əvvəllər digər hibrid hücumlarda istifadə edilmiş bəzi komponentləri araşdırıldıqdan sonra bu qənaətə gəlinib.

Sentyabrın 1-də Almaniya hakimiyyəti Berlindəki "Rus Evi"ni və Rusiyanın ölkədəki sonuncu baş konsulluğunu bağlamaq qərarını açıqlayıb. Moskva isə cavabında Almaniyanın Sankt-Peterburqdakı baş konsulluğunun və Rusiyadakı Höte mədəniyyət mərkəzlərinin fəaliyyətinə razılığını geri götürüb.

Türkiyədə polis LGBT fəallarını kütləvi saxlayıb

LGBT hüquqları fəalları qürur yürüşü üçün toplaşmağa çalışarkən çevik polis alayı insanları dağıdır. 2017
LGBT hüquqları fəalları qürur yürüşü üçün toplaşmağa çalışarkən çevik polis alayı insanları dağıdır. 2017

Sentyabrın 12-13-də Türkiyə polisi onlarla LGBT fəallını saxlayıb. Reydlər İstanbul, Ankara, İzmir və Antalyada keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları fəalların mənzillərində, LGBT təşkilatlarının ofislərində və gecə klublarında axtarış aparıblar.

Polisin məlumatına görə, İstanbulda 26, Ankarada 20 nəfər saxlanılıb. Ümumilikdə reydlər 12 vilayətdə keçirilib. LGBT hüquqlarını müdafiə edən "Kaos GL" assosiasiyası 50 nəfərin saxlandığını, onların içində öz əməkdaşlarının da olduğunu bildirir.

"Kaos GL"in iddiasına görə, axtarışlara assosiasiyanın saytında və sosial şəbəkələrdə yayımlanan, prokurorluğun ədəbsiz saydığı paylaşımlar səbəb olub. LGBT təşkilatlarına və ayrı-ayrı fəallara məxsus bir neçə sayt və sosial şəbəkə səhifəsi şənbə günü – sentyabrın 12-də bloklanıb. Yalnız fəalların səhifələrinə deyil, Boğaziçi Universitetinin LGBT Araşdırmaları Klubu, Cinsi Təhsil, Araşdırma və Tibb Assosiasiyası (CETAD) kimi elmi təşkilatların saytlarına da giriş məhdudlaşdırılıb.

Polis əməliyyatı hökumətin "Ailəm təhlükəsizdir" təşəbbüsü çərçivəsində keçirilir. Məqsədin doğum səviyyəsinin azalması ilə mübarizə aparmaq, uşaqları mənfi təsirlərdən qorumaq olduğu bildirilir. Türkiyənin ədliyyə naziri Ərkin Gülək bildirib ki, prokurorluq ölkənin 15 vilayətində araşdırma aparır.

Türkiyə İnsan Hüquqları Assosiasiyası hakimiyyətin addımlarını pisləyib. "Bu əməliyyatın əsl adı "Ailəm təhlükəsizdir" deyil; bu, dövlətin yönəltdiyi ayrıseçkilik, qorxutma siyasəti və vətəndaş cəmiyyətinin məhv edilməsidir", – assosiasiyanın nümayəndələri X sosial şəbəkəsində yazıblar.

Yeni Dehlidə BRICS sammiti keçirilir. Pezeşkian da gedib

İran prezidenti Məsud Pezeşkian Hindistanda
İran prezidenti Məsud Pezeşkian Hindistanda

İran prezidenti Məsud Pezeşkian sentyabrın 11-də BRICS ölkələri sammitində iştirak üçün Hindistanın paytaxtı Yeni Dehliyə gedib. Yaxın Şərqdə şiddətlənən münaqişənin sammitin əsas mövzularından biri olacağı gözlənilir.

BRICS inkişaf edən böyük iqtisadiyyatları və inkişaf etməkdə olan ölkələri birləşdirir, adını Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika ölkələrinin baş hərflərindən götürüb. 2024-cü və 2025-ci illərdə Misir, Efiopiya, İndoneziya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qoşulması ilə üzvlərinin sayı 5-dən 11-ə çatıb.

İRNA dövlət xəbər agentliyinin məlumatına görə, Pezeşkian 2024-cü ildə bu vəzifəyə başlayandan Hindistana ilk səfərini edir. Onun ölkənin baş naziri Narendra Modi ilə danışıqlar aparması planlaşdırılır.

BRICS liderlərinin ikigünlük sammiti sentyabrın 12-də başlayacaq. Tədbirdə Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpinin də iştirakı gözlənilir.

2024-cü ildə BRICS-ə qoşulan İran münaqişədə tərəfdir. BƏƏ isə İranın raket hücumlarına məruz qalıb və Tehrana qarşı tədbirlər görüb.

BƏƏ hücumlardan sonra avqustda İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb. Sammitdə bu ölkəni Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyanın təmsil edəcəyi gözlənilir.

Zelenskinin təyyarəsi Moldovadan Osloya uçarkən 'az qala dronla toqquşub'

Prezident Volodimir Zelenski və xanımı Olena Zelenska Oslo yaxınlığındakı Qardermuen hava limanında təyyarədən düşürlər
Prezident Volodimir Zelenski və xanımı Olena Zelenska Oslo yaxınlığındakı Qardermuen hava limanında təyyarədən düşürlər

Ukrayna prezidenti Volodimir Zelenskinin təyyarəsi Kişinyovdan Osloya uçarkən "az qala dronla toqquşub". Bu barədə Norveçin baş naziri Yonas Störe jurnalistlərə danışıb. Məlumatı Norveçin NRK telekanalının saytı yayıb.

Zelenski Osloda Norveç kralı V Haraldın dəfninə qatılıb.

Ukrayna prezidenti Norveçə səfəri zamanı Störe və ölkənin maliyyə naziri, NATO-nun keçmiş baş katibi Yens Stoltenberq ilə görüşüb. Störe NRK-ya müsahibəsində deyib ki, Zelenski təyyarəsinə yaranmış təhlükə barədə ona danışıb.

Zelenskinin ofisi Norveç telekanalının hadisə ilə bağlı suallarını cavablandırmayıb.

Moldovanın Müdafiə Nazirliyi isə sentyabrın 8-də bildirmişdi ki, Rusiyaya məxsus "Şahed" tipli dron ölkənin hava məkanına daxil olub və Mixaylenı Vek yaşayış məntəqəsi yaxınlığında yerə düşüb.

Ölkənin hava məkanı yerli vaxtla saat 16:20 radələrində pozulub. İnsident nəticəsində xəsarət alan olmayıb.

Macarıstan 10 rusiyalı diplomatı ölkədən çıxarır

Budapeştdə Rusiya səfirliyi
Budapeştdə Rusiya səfirliyi

Macarıstan hakimiyyəti Rusiyanın Budapeştdəki diplomatik nümayəndəliyinin 10 əməkdaşını ölkədən çıxarır. Macarıstanın xarici işlər naziri Anita Orbanın sentyabrın 8-də dediyinə görə, Rusiyanın Budapeştdəki səfirinə bildirilib ki, "Rusiya nümayəndəliyinin 10 əməkdaşı Macarıstanda Vyana Konvensiyasına görə diplomat statusu ilə bir araya sığmayan fəaliyyətlə məşğul olub".

Həmin şəxslərin adları və vəzifələri açıqlanmır. Orban vurğulayıb ki, onlara qarşı ölkəni tərk etmə tələbi "Macarıstanın təhlükəsizliyini və suverenliyini təmin etmək məqsədi daşıyır", Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi demək deyil.

Ukraynaya qarşı işğalçı müharibəsi səbəbindən Rusiyanın Avropa İttifaqı ilə münasibətləri pisləşib və blokun bir çox ölkəsi Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarını ölkədən çıxarıb, konsulluqları və Rusiyanın digər qurumlarını bağlayıb. Rusiya da oxşar addımlar atıb.

Viktor Orban hökuməti dövründə Macarıstan bu cür addımlardan çəkinirdi. Budapeştdən sonuncu dəfə 2018-ci ilin yazında rusiyalı diplomat çıxarılmışdı. Diplomatik nümayəndəliyin birdən-birə 10 əməkdaşının ölkədən çıxarılması Macarıstan üçün görünməmiş addımdır. Bu qərarın konkret nə ilə əlaqəli olduğu hələlik açıqlanmayıb.

Mayda Peter Madyarın rəhbərlik etdiyi hökumət hakimiyyətə gələndən Macarıstan Rusiyanı Ukraynaya zərbələrə görə tənqid etməyə və Aİ səviyyəsində sanksiya paketlərini bloklamaqdan imtina etməyə başlayıb. Ancaq Budapeşt hələ də Ukraynaya silah tədarük etmir.

Moskva Macarıstan hakimiyyətinin qərarını hələlik şərh etməyib.

Zelenski sentyabrda Trampla görüşəcəyinə ümid edir

Tramp və Zelenskinin Vatikanda görüşü
Tramp və Zelenskinin Vatikanda görüşü

Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə deyib ki, sentyabrın 20-dən sonra ABŞ prezidenti Donald Trampla görüşəcəyinə ümid edir. Bu haqda AzadlıqRadiosunun Ukrayna xidməti xəbər verir.

Zelenskinin sözlərinə görə, görüşdə ABŞ istehsalı hava hücumundan müdafiə raketlərinin Ukraynaya tədarükü məsələsini qaldırmağı planlaşdırır. O qeyd edib ki, Amerika Ukraynaya hansı raketlərin və nə vaxt lazım olduğunu artıq bilir.

Rusiya ilə müharibənin bitməsinin mümkünlüyündən danışan Zelenski tərəflərin üçtərəfli danışıqlar formatına doğru irəlilədiyini bildirib. O, hazırda bütün detalları açıqlaya bilməyəcəyini vurğulayıb. Çünki Ukrayna və ABŞ əvvəlcə təklifləri hazırlamaq, sonra ictimaiyyətə açıqlamaq üzrə razılığa gəliblər.

Zelenski bir gün əvvəl "Axios" nəşrinə ABŞ prezidentinin xüsusi təmsilçilərinin Kiyevə səfərinin yekunları barədə danışıb. O, danışıqların sentyabr və ya oktyabrda bərpa olunacağına ümid etdiyini deyib. Zelenskiyə görə, Rusiyanın qışda döyüşləri davam etdirmək istədiyi, bununla Ukraynanı güzəştlərə sövq etməyə çalışacağına dair məlumatlar da var.

Sentyabrın 20-dən sonra Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası keçiriləcək, tədbirə çox sayda dünya lideri qatılacaq. Zelenski Trampla bu sessiya çərçivəsində, yoxsa başqa formatda görüşməyi planlaşdırdığını hələ açıqlamayıb.

Mayamidə yük təyyarəsi uçuş zolağından çıxıb. Beş nəfər həlak olub

Qəzaya uğrayan yük təyyarəsi
Qəzaya uğrayan yük təyyarəsi

ABŞ-nin Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanında "Amazon Prime Air" yük təyyarəsi ilə bağlı insidentdə beş nəfər həlak olub, beş nəfər xəsarət alıb. Xəbəri "Reuters" və "The Associated Press" yayıb.

Sentyabrın 6-da, yerli vaxtla təxminən saat 14:00-da Puerto-Rikonun paytaxtı San-Xuandan gələn "Boeing 767" təyyarəsi uçuş-enmə zolağından çıxıb, yerdəki bir neçə avtomobillə toqquşub və yanmağa başlayıb.

Yerli yanğından mühafizə xidmətinin rəhbəri Rey Cadalla deyib ki, təyyarənin hər iki pilotu kabinədə, bəzi insanlar isə avtomobillərində köməksiz qalıblar. Yaralanan beş nəfərdən üçünün vəziyyəti ağırdır.

"Amazon" şirkətinin məlumatına görə, "21 Air" şirkətinin istismar etdiyi təyyarə eniş etməyə çalışırmış.

"Hadisə haqqında daha çox məlumat əldə etmək üçün yerli hakimiyyət orqanları və rəsmilərlə sıx əməkdaşlıq edirik. İstənilən araşdırma ilə tam əməkdaşlıq edəcəyik", – şirkətin təmsilçisi Kelli Nantel bildirib.

Rəsmilər ölənlərin kimliyini açıqlamayıb.

Uitkoff və Kuşner sentyabrın 5-6-da Moskva və Kiyevə səfər edə bilər

Cared Kuşner və Stiv Uitkoff
Cared Kuşner və Stiv Uitkoff

ABŞ prezidentinin xüsusi elçiləri Stiv UitkoffCared Kuşner sentyabrın 5-6-da Moskva və Kiyevə səfər edə bilərlər. Bu barədə TASS, "Kyiv Independent" və Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko məlumat yayıb. Səfər tarixləri hələ rəsmən təsdiqlənməyib.

Qonçarenkonun dediyinə görə, ABŞ elçiləri şənbə günü Moskvaya, bazar günü Kiyevə gəlməlidirlər. Deputat iddia edir ki, nümayəndə heyətinin Ukrayna paytaxtına təyyarə ilə gəlməsi nəzərdə tutulub və bu marşrut Rusiya tərəfi ilə razılaşdırılıb.

"Kyiv Independent"in həmsöhbəti planların dəyişə biləcəyini bildirib. Mənbəyə görə, Uitkoff Kiyevə getməkdən çəkinir, Rusiya belə bir səfərin təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qonçarenko bildirib ki, sentyabrın 4-də Rusiya dronu Kiyevin Julyanı aeroportu ərazisində iki köhnə "Yak-40" təyyarəsinə hücum edib. Deputatın fikrincə, zərbə ABŞ təmsilçilərinin mümkün səfərinə hazırlıq fonunda qəsdən endirilib. Kiyev bu məlumatı hələ təsdiqləməyib.

Ukrayna prezidenti Volodimir Zelenski bundan əvvəl Uitkoff və Kuşnerin yaxın günlərdə səfər edə biləcəklərini demişdi. Onun sözlərinə görə, səfərlərin ilkin tarixləri müəyyənləşdirilib, Vaşinqton həm Moskvada, həm də Kiyevdə görüşlər keçirmək planını təsdiqləyib.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 3-də Vladivostokdakı forumda çıxışı zamanı bildirib ki, ilk növbədə Rusiya və Ukrayna müharibəni bitirmək barədə razılığa gəlməlidir, ABŞ və digər ölkələr bu prosesə kömək edə bilərlər. Putinin sözlərinə görə, Moskva ABŞ administrasiyası ilə əlaqələrini davam etdirir və Vaşinqtonla tammiqyaslı münasibətlərin bərpa olunacağına ümid edir.

Putin Ukrayna ilə xüsusi xidmətlər vasitəsilə təmasların saxlanıldığını iddia edib. O etiraf edib ki, həmin təmasların sülh razılaşmasına gətirib çıxarıb-çıxarmayacağını hələlik qiymətləndirmək çətindir.

Rusiyanın Ukraynaya zərbələrindən 12 nəfər ölüb

Kiyev vilayətinə hücum
Kiyev vilayətinə hücum

Sentyabrın 1-nə keçən gecə Rusiya qoşunları Kiyev və Odessa vilayətlərinə kütləvi hücum edib. 12 nəfər ölüb, 19 nəfər yaralanıb.

Kiyev şəhərində 8 nəfər ölüb, ikisi uşaq olmaqla beş nəfər yaralanıb.

Kiyev vilayətində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

Rəsmilər yaşayış binaları, fərdi evlərin, eləcə də qeyri-yaşayış sahələrinə ziyan dəydiyini açıqlayıblar.

Odessa vilayətində bir nəfər yaralanıb. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Odessa vilayətində minlərlə ailə işıqsız qalıb.

Rusiya Müdafiə Nazirliyi Kiyev vilayətində hərbi-sənaye və yanacaq-energetika komplekslərinə aid müəssisələrin vurulduğunu bildirib. Nazirliyin iddiasına görə, həmin müəssisələr raket və dron istehsalında, Ukrayna Silahlı Qüvvələrinin yanacaqla təminatında iştirak edib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya Ukraynaya "İskəndər-M"/"KN-23"/"S-400" ballistik raketləri, "Sirkon" gəmi əleyhinə qanadlı raketlər, "Kalibr" qanadlı raketləri, "Banderol" raket-dronları və 218 dron buraxıb.

Ukrayna qüvvələrinin beş ballistik raketi, beş "Kalibr" raketini, iki "Banderol" raket-dronunu və 187 dronu vurduğu bildirilir.

Paşinyan Bişkekə gedir. Sabah Putinlə görüşü planlaşdırılır

Nikol Paşinyan (öndə solda) və Vladimir Putin
Nikol Paşinyan (öndə solda) və Vladimir Putin

Avqustun 31-də Ermənistanın baş naziri Nikol Paşinyan Qırğızıstana iki günlük işgüzar səfərə gedib. Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. AzadlıqRadiosunun erməni xidməti hökumətə istinadla xəbər verir ki, baş nazir Bişkekdə xarici həmkarları ilə görüşlər keçirəcək.

Onun Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir. Prezidentin köməkçisi Yuri Uşakov ötən həftə bildirib ki, prezident Putin sentyabrın 1-də Bişkekdə baş nazir Paşinyanla görüşündə Ermənistanın Avropa İttifaqına qoşulmaq istəklərini müzakirə edəcək.

Putinin sözçüsü Dmitri Peskov isə avqustun 30-da jurnalistlərlə söhbətində Moskvanın referendum təklifini bir daha səsləndirib.

“Ermənilərin özlərindən daha çox erməni ola bilmərik. Əlbəttə ki, onların taleyini ermənilər özləri həll edəcəklər. Və biz onlara məhz bunu etməyi – referendum keçirməyi təklif edirik”.

Rusiya son aylar dəfələrlə bildirib ki, eyni vaxtda həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqının üzvü olmaq mümkün deyil. Moskva Yerevanı iki blok arasında seçim etməyə, referendum keçirməyə çağırır.

Paşinyan ötən həftə parlametdəki çıxışında Yerevanın tezliklə Aİ-yə üzvlük üçün müraciət prosesinə başlayacağını açıqlayıb.

Azərbaycan prezidenti İlham Əliyev də sammitə qatılacaq.

Davamı

XS
SM
MD
LG