Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:51

'Qısa vaxt ərzində elə 'sürprizlər' edəcəklər ki...'-Media icmalı


Pensiyaçı
Pensiyaçı

Mövsümi meyvələrin bahalığı, minimum əməkhaqqının, bir sıra dövlət qurumlarında maaşlarının artırılması və başqa məsələlər medianın aparıcı mövzularındandır…

«Hökumət uzun illərdir etməyə borclu olduğunu...»

Azadliq.info saytında «Maaş minnəti» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazının əvvəlində qeyd edib ki, ölkə iqtisadiyyatı neftdən asılıdır: «Bütün iqtisadiyyatı qara neftin belinə yükləyərək, ölkəni ağ günlərdən məhrum ediblər. Amma xalqa sübut etməyə çalışırlar ki, qara neft də, mavi qaz da hökumətin bacarığının nəticəsidir...».

Müəllif iyunun 18-də sentyabrın 1-dən etibarən minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılmasını isə belə dəyərləndirib.

«Hökumət uzun illərdir etməyə borclu olduğunu vətəndaşa minnət kimi sırıyır. 26 ildən sonra minimum əməkhaqqına görə Ermənistana çatacağımıza görə sevinməliyik. Doğurdan da, bu ölkəyə 250 milyard dollar investisiya yatırılıbsa, minimum əməkhaqqının 250 manat olması utanc rəqəmi deyilmi? Hökumət komandasının bütün üzvləri, yaxın ətrafları milyarderə, milyonerə çevrilibsə, 70 manat maaş artımına görə şükür etməliyik? Bu qədər talançılıq minimum əməkhaqqına qurban verilməlidir? Vətəndaşın sağlamlığı, hüququ, taleyi, seçmək haqqı oğurlanıbsa, 250 manat əməkhaqqı sığorta ola bilərmi?», - müəllif sualları gündəmə daşıyır.

Daha sonra da yazıda iddia edilir ki, milyonlarla insan normal yaşamaqdan ötrü ölkəni tərk edib: «İndi 4 aydan sonra təşrif buyuracaq cüzi maaş artımı həyatımıza dad qatacaq?.. Qısa vaxt ərzində elə «sürpriz»lər edəcəklər ki, minimum əməkhaqqının 180 manat olduğu dövrü arzulayacağıq».

İ.Əliyev
İ.Əliyev

17 sərəncam...

«Azərbaycan» qəzetində «2.1 milyon insan, 2 milyard manat, 17 sərəncam...» sərlövhəli yazı dərc edilib.

Bu yazıda isə dövlət başçısı İlham Əliyevin iyunun 18-də minimum əməkhaqqının və bir sıra dövlət qurumlarında maaşların artırılması ilə bağlı imzaladığı sərəncamlar başqa kontekstdə dəyərləndirilir.

Yazının girişində dövlət başçısının hələ bu ilin aprelinə aid çıxışdan belə bir sitat təqdim edilir: «Biz minimum əməkhaqqını, minimum pensiyanı artırırıq. Ancaq daha da artırılmalıdır və artırılacaq. Hazırda iqtisadi vəziyyətimiz də, maliyyə vəziyyətimiz də yaxşıdır. Biz əlavə əldə edilmiş bütün gəlirləri vətəndaşların sosial müdafiəsinə yönəldəcəyik».

Müəllifin yazmasına görə, ilin əvvəlindən başlayaraq prezidentin sosial islahatlarla bağlı imzaladığı fərman və sərəncamlar təsdiq edir ki, dövlətin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halının yüksəldilməsinə yönəltməkdir: «Minimum əməkhaqqının, pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi və əhalinin sosial müdafiəsinin yüksəldilməsi sahəsində atılan addımların əhatə dairəsini daha da genişləndirmək məqsədilə imzalanan sənədlər xalqın dövlətə, liderinə... etibarını daha da gücləndirir».

Yazıda daha sonra da prezident İlham Əliyevin iyunun 18-də minimum əməkhaqqının və bir sıra dövlət qurumlarında maaşların artırılması ilə bağlı imzaladığı sərəncamlara toxunulur: «İmzalanan 17 sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edərək bu istiqamətdə il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərdi...».

Yazının sonunda da oxuyuruq: «Bir sözlə, həyata keçirilən uğurlu siyasət, iqtisadi islahatlar və görülən işlərin şəffaflaşdırılması prinsipi nəticəsində artan büdcə gəlirlərinin, maliyyə imkanlarının böyük hissəsi bundan sonra da sosial sferaya yönəldiləcək və bu da xalqın dövlətə inamını daha da gücləndirəcək».

Meyvə
Meyvə

Bahalığa səbəb ixrac?

Modern.az saytında «Bakıda mövsümi meyvələrin qiyməti od tutub yanır –Rusiyaya aparılır» sərlövhəli yazı yer alır.

Müəllif yazıb ki, hazırda ərik, gilas, çiyələk, albalı, alça kimi meyvələrin mövsümü olsa da, həmişəkindən yüksək qiymətlər əhalinin böyük əksəriyyətini onlara tamarzı qoyub: «Əriyin kiloqramı 4-7 manat, gilasın kiloqramı 5-7 manat, albalının kiloqramı 4-5 manat, çiyələyin kiloqramı 3-4 manat, alçanın kiloqramı 3-8 manat arasında dəyişir».

Yazıda vurğulandığına görə, hələ bu ilin aprelində müşahidə edilən kəskin hava şəraitindən sonra ekspertlər xüsusilə əriyin baha olacağını anons etmişdilər. Həmin dövrdə çəyirdəkli meyvələr, o cümlədən ərik çiçəkləmişdi, külək, dolu, yağış məhsulun tozlanmasını xeyli gecikdirdi, çiçəkləri tökdü.

Amma yazıda o da vurğulanıb ki, qiymətlərin yuxarı olması təkcə bununla əlaqələndirilmir: «Bəzi ekspertlər bahalığın səbəbinin kənd təsərrüfatı məhsullarının ixracının kəskin artımı ilə birbaşa bağlı olduğu deyirlər...».

Qazaxdan olan fermer Şahin Əliyevin sayta bildirdiyinə görə, hazırda rayonlarda kifayət qədər məhsul var. O, qiymətin yuxarı olmasının səbəbini ixracla əlaqələndirib: «Fevralın 1-dən etibarən «Yaşıl dəhliz» buraxılış sistemi tətbiq olunmağa başlayıb. Bu, bizim üçün çox əla fürsətdir. İstehsal etdiyimiz məhsulu sərbəst şəkildə xarici bazarlara çıxara bilirik və xaricdən bura məhsul gətirə bilirik... Yəni istehsal olunan məhsulun böyük həcmi məhz xarici bazarlara - Rusiyaya istiqamətlənib, bu isə ölkəyə valyuta gətirir. Daxili bazarda tələb təklifi üstələdiyindən məhsullar bahadır».

XS
SM
MD
LG