Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Sentyabr, bazar, Bakı vaxtı 00:40

'Hökumət 'qənaət' hesabına artımları edir'


N.Əliyev

«2019-cu ilin dövlət büdcəsinə dəyişikliklər edilməsi zərurət idi və bu, minimum əməkhaqqının, bəzi dövlət orqanları əməkdaşlarının maaşlarının artırılmasından irəli gəlirdi».

Bunu AzadlıqRadiosuna iqtisadçı Nemət Əliyev 2019-cu ilin dövlət büdcəsinə dəyişikliklər layihəsini dəyərləndirərkən deyib.

«Büdcə keçən ilin sonlarında qəbul edilmişdi. Son artımlar, bu artımlar üzrə xərclərin mənbələri məlum deyildi. Odur ki, dövlət başçısının imzaladığı fərman və sərəncamların yerinə yetirilməsi üçün dövlət büdcəsinə dəyişikliklər artıq «olmasa, olmaz»a dönmüşdü. Özü də əsasən sosial istiqamətdə xərclərdə dəyişikliklər daha çox əksini tapıb».

Amma iqtisadçı iddia edib ki, burada paradoks var. O vurğulayıb ki, rəsmilərin bu günlər deməsinə görə, artımlar az qala milyardlarla vəsaiti əhatə edib. Amma iqtisadçının qeyd etməsinə görə, layihə göstərir ki, artımlar elə də böyük vəsaiti əhatə etmir. «Bunu da necə həll edirlər?... Son illər 467 min nəfər üzvü olan 117 min aztəminatlı ailəyə verilən ünvanlı sosial yardım dayandırıldı. Bu qədər aztəminatlı şəxslərə verilən vəsaitlər həmin bu artımlara yönəldiləcək. Yaxud, əvvəlki qanunvericiliyə görə, pensiya yaşına çatan, amma yaş artırılması ilə bağlı pensiya ala bilməyən 21 min nəfər şəxs var. Onların almalı olduğu vəsait də bu artımlara xərclənəcək. Yəni, hökumət «qənaət» hesabına bu artımları həll etməyi nəzərdə tutur», - N.Əliyev bildirib.

Milli Məclis
Milli Məclis

Dövlət büdcəsinə dəyişiklik edilir

««2019-cu il dövlət büdcəsi haqqında» Qanunda dəyişikliklər edilməsi barədə» Qanun layihəsi Milli Məclisə təqdim olunub.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bu, ölkədə minimum pensiya məbləğinin və əmək haqlarının artırılması ilə izah edilib.

Nazirlik qeyd edir ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 200 milyon manat, işsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin icrası nəticəsində yaranmış qalıq vəsaitindən Fondun gəlir və xərclərinin 15 milyon manat artırılması zərurəti yaranıb.

«Həmin xərclərin qarşılanması üçün 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlərin 350 milyon manat əlavə daxil olması nəzərdə tutulur. Bununla əlaqədar «Büdcə sistemi haqqında» Qanunun tələbləri gözlənilməklə əlavə xərclərin maliyyə təminatı üçün 2019-cu il üzrə icmal büdcənin xərclərinin yuxarı həddinin 215 milyon manat artırılması, dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin balanslaşdırılması üçün Fonda ayrılan vəsaitin 150 milyon manat azaldılması nəzərdə tutulur», - nazirliyin məlumatında yazılıb.

Bu il iyunun 18-də prezidentin imzaladığı sərəncama əsasən, sentyabrın 1-dən minimum əməkhaqqı 180 manatdan 250 manata qaldırılacaq. Habelə, bəzi dövlət qurumlarında əməkhaqqı 40 faiz artırılacaq.

Müdafiə xərcləri artırılır

Bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş müdafiə xərclərinin 150 milyon manat artırılması nəzərdə tutulur.

Bu barədə məlumat «2019-cu il dövlət büdcəsi haqqında» Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihə Maliyyə Nazirliyinin saytında yayılıb.

Beləliklə, müdafiə xərclərinin təqribən 4 faizdən çox artırılaraq 3 milyard 37.618 milyon manatdan 3 milyard 187.618 milyon manata çatdırılması nəzərdə tutulur.

Sosial müdafiə xərcləri azaldılır

Layihədə müdafiə xərcləri artırılsa da, bir sıra xərclər azaldılıb. Məsələn, sosial müdafiə və sosial təminat xərcləri 150 milyon manat azaldılır. Bu sahələrdə xərc 2 milyard 620 milyon 387 min manatdan 2 milyard 470 milyon 387 min manata endirilib.

Xatırlatma

2019-cu il dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat, xərcləri isə 25 milyard 190 milyon manat təsdiqlənib.

XS
SM
MD
LG