Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:04

'Neftdən ən çox asılı olan 3 ölkədən biri'-Media icmalı


Neft buruğu
Neft buruğu

Son günlər sosial siyasətlə bağlı imzalanan sərəncamlar, neft bazarındakı mövcud durum və bunun Azərbaycana mümkün təsirləri medianın ən çox diqqət verdiyi mövzulardandır...

«Neftin 30 dollar qiymətinə hazırlaşmalı»

«Yeni Müsavat» qəzetində «Azərbaycan neftin 30 dollar qiymətinə hazırlaşmalı – ekspert» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilib ki, neftin qiyməti ilə bağlı dünya birjalarından gələn xəbərlər iqtisadiyyatı «qara qızıl»dan asılı olan dövlətləri yenidən narahat etməyə başlayıb. Müəllif vurğulayıb ki, cari ildə Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 60 dollar proqnozlaşdırılıb, ekspertlərsə hələ öncədən bu rəqəmi riskli sayıblar və hazırda dünya bazarında neftin qiyməti bu kritik rəqəmə yaxınlaşmaqdadır.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, son iki ildə neft bazarındakı qiymətlərin müəyyən olunmasına iqtisadi amillər yox, siyasi proseslər daha çox təsir edir.

N.Cəfərlinin iddiasına görə, artıq bəzi dövlətlər iqtisadiyyatlarını neftin 30 dollarlıq qiymətinə hazırlamaqdan ötrü ssenari düşünürlər. İqtisadçı qeyd edib ki, Rusiya Mərkəzi Bankı və İqtisadiyyat Nazirliyi bu məsələ ilə bağlı birgə komissiya yaradıb.

N.Cəfərli neftin ucuzlaşacağı təqdirdə Azərbaycanın durumuna toxunaraq vurğulayıb ki, artıq qiymətlər kritik həddə yaxınlaşır: «Azərbaycanın da əsas gəlir mənbəyi neftdir və «qara qızıl»dan asılılığımız çox yüksək səviyyədədir. Azərbaycan dünyada neftdən ən çox asılı olan ilk 3 ölkədən biridir. İxracatımızın 91.5 faizini neft, neft məhsulları və təbii qaz təşkil edir...».

N.Cəfərli nəzərə çatdırıb ki, hələlik, neftin qiyməti 60 dollardan az da olsa, yuxarıdır: «60 dollardan aşağı düşdükcə, uzun zaman qiymətlər bu həddə qaldıqca, Azərbaycan iqtisadiyyatına təsirləri getdikcə artacaq, ixracatın pul ifadəsində azalması, tədiyyə balansında mənfi saldonun yaranması müşahidə oluna bilər. Nəticə etibarilə manata basqılar arta bilər».

Q.İbadoğlu
Q.İbadoğlu

«İnflyasiyanın idarə edilməsi çətinləşəcək»

Yenisabah.az saytında «Ərzaq mallarının qiyməti sürətlə bahalaşacaq» sərlövhəli yazı yer alır.

Yazıda prezidentin imzaladığı sərəncamla bu il sentyabrın 1-də minimum əməkhaqqının 180 manatdan 260 manata qaldırılması və bütünlükdə bir sıra sahələrdə maaş artımı ilə bağlı iqtisadçı Qubad İbadoğlunun düşüncələrinə yer verilib. «Ərzaq qiymətlərinin artımı, ikirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır. Manatın devalvasiyası risklərin necə idarə olunmasından asılı olacaq», - Q.İbadoğlu qeyd edib.

İqtisadçının vurğulamasına görə, 2019-cu ilin büdcəsində yalnız ilin əvvəlində minimum əməkhaqqı, təqaüd və müavinətlərə edilən artımlar nəzərə alınıb. Onun qeyd etməsinə görə, bu günlərdə verilən sərəncamlardan sonra büdcədə nəzərdə tutulanla müqayisədə ən azı 5 dəfə artıq vəsaitin xərclənməsi gözlənilir: «Bu, təbii ki, ilk növbədə fərdi kontekstdə alıcılıq qabiliyyətinin, ümumi müstəvidə isə məcmu tələbin artımına gətirib çıxaracaq. Təbii ki, bundan istehsalçılar və idxalatçılar bəhrələnmək üçün qiymətləri həvəslə artıracaqlar...Odur ki, qiymətlərin artımı, ikirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır. Xüsusilə də ərzaq mallarının qiyməti daha sürətlə bahalaşacaq».

Q.İbadoğlunun fikrincə, devalvasiyaya gəlincə, bu sahədə də risklər artacaq və onun idarə edilməsi çətinləşəcək: «Çünki bir tərəfdən istehlak məhsullarına artan ehtiyac, əsasən, idxal malları hesabına ödəniləcək, bu isə ölkədə valyutaya tələbatı çoxaldacaq. Digər tərəfdən də dünya bazarında xam neftin qiymətinin ucuzlaşması ölkəyə ixracatdan gələn valyutanın həcmini azalda bilər. Beləliklə də, iqtisadiyyatın və istehlakçıların taleyi dünya bazarında neftin qiymətindən və antiinflyasiya istiqamətində hökumətin görə biləcəyi tədbirlərdən asılı olacaq...».

İ.Əliyev Sumqayıtda
İ.Əliyev Sumqayıtda

«Əhalinin sosial rifahının gücləndirilməsi...»

«Azərbaycan» qəzetində «Əhalinin sosial rifahının gücləndirilməsi daim prioritetdir» sərlövhəli yazı dərc edilib. Bu yazıda isə 2019-cu ilin ötən dövrü ərzində dövlət başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamlar tamam başqa kontekstdən dəyərləndirilir.

Müəllif, deputat Nəsib Məhəməliyev yazıb: «...Bu ilin əvvəlində tətbiq olunan sosial paketin ilkin mərhələsində 11 min manat birdəfəlik ödəmə alacaq şəhid ailələrinin əhatə dairəsi daha da genişləndi, şəhid ailələrinə verilən Prezident təqaüdünün məbləği 242 manatdan 300 manata qaldırıldı. Sosial paketin əsas tərkib hissələrindən biri minimum əməkhaqqının artırılması olmuşdu. Belə ki, minimum əməkhaqqının məbləği martın 1-dən 50 manat (38.4 faiz) artırılaraq, 130 manatdan 180 manata çatdırılmışdı».

Deputat sonra da vurğulayıb ki, iyunun 18-də prezidentin imzaladığı sərəncama əsasən, minimum əməkhaqqı yenidən 40 faiz civarında artıb. Habelə, sentyabrın əvvəlindən bəzi dövlət qurumlarında çalışanların da əməkhaqqısı 40 faiz artacaq.

Deputat sonda da yazıb: «Ölkədəki mütərəqqi sosial siyasəti özündə növbəti dəfə bariz şəkildə ehtiva edən son qərarlar ümumilikdə 2 milyon insanı əhatə edir. Bununla həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Bir sözlə, artan maliyyə imkanları, Prezidentin bəyan etdiyi kimi, əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilib».

XS
SM
MD
LG