Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

ABŞ rəsmiləri dronun İran tərəfindən vurulduğunu ‘təsdiqləyir’ – Qərb mediası


MQ-4C Triton dronu
MQ-4C Triton dronu

ABŞ rəsmiləri Hörmüz boğazı üzərində hərbi dronunun İrana məxsus yer-hava tipli raket tərəfindən vurulmasını təsdiqləyib. Bu haqda bir neçə media orqanı yazır.

Reuters, Fox News və AP adlarını çəkmədiyi ABŞ rəsmilərinə istinadla MQ-4C Triton dronunun iyunun 20-də vurulduğunu qeyd edir.

***

İran ABŞ dronunu vurduğunu deyir

İranın İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) bu gün – iyunun 20-də ABŞ dronunu vurduğunu bildirib. ABŞ ordusu isə informasiyanı təkzib edib.

ABŞ ordusu ötən həftə vurulmuş drona, Oman Körfəzində iki neft tankerinə hücuma görə İranı ittiham eləmişdi.

İİKK “RQ-4 Global Hawk” dronunu bu gün səhər, İranın cənubunda bu ölkənin hava məkanına daxil olunca vurduğunu bildirib. Hadisənin Hormozqan vilayətinin Kouhmubarak bölgəsi yaxınlığında baş verdiyi bildirilir. Bu bölgə Tehrandan 1200 km cənub-şərqdə yerləşir və Hormuz boğazına yaxındır.

ABŞ Mərkəzi Komandanlığının sözçüsü, kapitan Bill Urban Amerika dronunun vurulmasıyla bağlı şərhdən imtina edib, ancaq “The Associated Press” agentliyinə “İran ərazisində dron olmayıb” cavabını verib.

Hücuma məruz qalmış neft tankerlərini görməyə jurnalistləri də aparıblar
Hücuma məruz qalmış neft tankerlərini görməyə jurnalistləri də aparıblar

Bu arada İranın Yəməndə dəstəklədiyi husi yaraqlıları Səudiyyə Ərəbistanının Cizan vilayətində elektrik stansiyasını qanadlı raketlə vurduqlarını bildiriblər.

Ağ evin sözçüsü Sarah Sanders deyib ki, Prezident Donald Trump “Səudiyyə Ərəbistanı Krallığına raket hücumuyla bağlı məlumatlandırılıb”.

“Durumu diqqətlə izləyir, tərəfdaşlar və müttəfiqlərimizlə müzakirələri davam etdiririk”, – Sanders vurğulayıb.


Trump xariciləri ölkəiçi siyasətə dəvət edirsə...

ABŞ Prezidenti Donald Trump bu həftə verdiyi müsahibəsində deyib ki, xarici mənbələrdən siyasi rəqibləri haqda informasiya qəbul etməkdə pis bir şey yoxdur. “Bu, müdaxilə deyil, onlarda informasiya var və məncə, bunu qəbul edərdim. Əgər nəyinsə yanlış olduğunu düşünsəydim, Federal Təhqiqat Bürosuna müraciət edərdim”, – Trump söyləyib.

Donald Trump
Donald Trump

“The Daily Beast” portalında Michael Weiss yazır ki, xarici ölkələri siyasi sisteminə dəvət edirsənsə, onlar dəvətnaməni qəbul edincə heç vaxt getməyə bilərlər. Müəllif Azad Rusiya Fondunun dərc etdiyi yeni araşdırmada Kremlin Avropada ədliyyə sistemlərinə, daxili işlər nazirliklərinə, seçki qutularına, hətta xəfiyyə xidmətlərinə necə baş vurduğunun təsvir olunduğunu yazır. Səbəb də odur ki, ölkəiçi siyasətçilər onları buna “təhrik edib”. “Hüququn pis idarəçiliyi” adlı hesabatda belə bir qənaətə gəlinib ki, Avropa tam və azad olmaqdansa, Rusiya Prezidenti Vladimir Putin tərəfindən qismən maliyyələşən və təhlükəli şəkildə ona xidmət göstərən bir məkana çevrilib.

Müəllif xarici ölkələrin prinsipsiz prezidentliyin oturuşmasına yardımına ilkin misal kimi Çexiya Respublikasında Miloš Zeman-ın yüksəlişini göstərir. Avropanın bir çox populistləri kimi Zeman da fəaliyyətə antikommunist kimi başlayıb, postkommunist hökumətində dörd il baş nazir işləyib, Moskvanın aşkar dostu kimi davranıb.

“Zeman deyirdi ki, ötən il İngiltərənin Solsberi şəhərində rusiyalı keçmiş agent Sergei Skripal və qızı Yulia-nın zəhərlənməsində istifadə olunan noviçok sinir agenti Rusiyadan gəlməyib, Çexiyada bir laboratoriyadan gəlib. Mənbəyi var idimi? Bu tutarsız nəzəriyyədən Rusiyanın Xarici İşlər Nazirliyi alınmamış sui-qəsd cəhdinə görə günahın Qərbə yönəldilməsində istifadə elədi”, – müəllif yazır.

İspaniyada iqlim dəyişikliyinə etiraz aksiyası
İspaniyada iqlim dəyişikliyinə etiraz aksiyası

Atmosferə tullantılar yarıbayarı azaldılmalıdır

2030-cu ilədək qlobal istiləşməni 1,5 dərəcə selsiyə məhdudlaşdırmaqdan ötrü atmosferə tullantılar yarıbayarı azaldılmalıdır. Əgər ölkələr indiki planlarını tam yerinə yetirsələr, əsrin sonunadək istiləşmə həddi 3 dərəcəyə çatacaq. “Reuters” agentliyi alimlərin yeni tədqiqat açıqladığını yazır.

Avropalı tədqiqatçıların “İqlim Hərəkətləri İzləyicisi” (Climate Action Tracker) adlı təşkilatı ölkələrin qlobal istiləşməni məhdudlaşdırmaq hədəfinə necə əməl etdiyini öyrənir. Hədəf istiləşməni 2 dərəcədən aşağı salmaq, hətta 1,5C-yə endirməkdir.

İqlim dəyişikliyi sarıdan ictimai narahatlıq artmaqdadır və hətta dünyanın müxtəlif yerlərində etirazlara səbəb olub.

Təşkilat 32 ölkənin iqlim planlarını araşdırıb və yalnız Mərakeşlə Qambiyanın 1,5 selsi limitinə çata biləcəyini ortaya qoyub.

Ölkələr 2015-ci il Paris Razılaşmasına uyğun olaraq planlarını tam yerinə yetirsələr, temperatur artımı əsrin sonunadək 3 dərəcəyə yüksələcək.

İqlim dəyişikliyindən iqlim böhranına keçsək, ictimai prioritet yüksələr və hökumətlər daha qətiyyətli addımlar atarlar”, – Yeniİqlim İnstitutundan Niklas Höhne deyib.

XS
SM
MD
LG