Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Putin əhalinin suallarını cavablandırır


Vladimir Putin
Vladimir Putin

Putin bəzi suallara qarışıq cavablar verib. Qərbin Rusiyaya sanksiyalarından danışarkən bu məhdudiyyətlərdən ölkənin 50-55 milyard dollar itirdiyini bildirib. Ancaq o, Avropanın sanksiyalara görə Rusiyadan daha çox itirdiyini deyib. Putinin sözlərinə görə, indi Rusiya xaricdən aldığı şeyləri əvəzləməkdən ötrü öz texnologiyalarını inkişaf etdirir.

“Sanksiyalar bir çox hallarda bizi səfərbər etdi”, – o söyləyib.

Moskva sanksiyaların qaldırılması və “barışmaq” üçün hansısa addım atacaqmı sualına cavabında Putin deyib ki, “bizim heç kəslə mübahisəmiz yoxdur”. Qərbin Rusiyaya münasibətinə gəlincə, onun sözlərinə görə, “davranışımızı dəyişsək belə heç nə dəyişən deyil”.

“Aydındır ki, bu şounun məqsədi dialoq yaratmaq deyil, problemlərin prezidentin günahı olmadığını göstərməkdir”, – siyasi təhlilçi, vaxtilə Putinin nitqlərini yazmış Abbas Gallyamov AzadlıqRadiosu-na (RFE/RL) deyib.

***

Rusiya Prezidenti Vladimir Putin artıq “Birbaşa Xətt” televiziya proqramında sualları cavablandırmağa başlayıb. Bu il prezidentə 1,5 milyon sualın ünvanlandığı bildirilir.

Ukraynada da Putinin çıxışına qulaq asırlar
Ukraynada da Putinin çıxışına qulaq asırlar

Putin deyib ki, öncədən nəzərdən keçirdiyi suallar içində ən çox diqqətini çəkən Rusiyada həyat, gəlirlər, sağlamlıq problemləri, zibilxanaların idarə olunmasıyla bağlı olub.

***

Rusiya Prezidenti Vladimir Putin iyunun 20-də ölkənin müxtəlif yerlərindən vətəndaşların suallarını cavablandıracaq. AzadlıqRadiosu (RFE/RL) bu sual-cavab sessiyasının ictimai narazılığın artdığı, prezidentin reytinqinin düşdüyü, iqtisadiyyatın yerində saydığı bir dönəmə təsadüf etdiyini yazır.

İldə bir dəfə keçirilən bu ictimai perfomansın məqsədi prezidenti sıravi rusiyalıların qayğısına qalan xeyirxah lider kimi təqdim etməkdir. Adətən, Putin bu sessiya zamanı problemlərin çoxuna görə yerli rəsmiləri günahlandırır.

Ölkə üzrə milyonlarla vətəndaşın göndərdiyi suallar içindən canlı yayım üçün seçim edilir. Adətən, Putinin cavablandırdığı seçilmiş suallar ölkəiçi məsələləri əhatələyir. İndiyədək suallar bərbad mənzil şəraiti, dərmanların əldə olunması, dövlət sektorunda korrupsiya haqda olub.

Kazan sakinləri Putinə videomesaj göndərir
Kazan sakinləri Putinə videomesaj göndərir

Putinə inam 31 faizə düşüb

66 yaşlı Putun daha öncə 3-cü Dünya müharibəsinin başlanma ehtimalı, Ukraynayla gərgin münasibətlər, həbsdə olan xaricilərin buraxılması kimi sualları da cavablandırıb.

Hazırda ictimaiyyətin ölkənin kursundan narazılığı son 12 ildə ən yüksək həddə çatıb. Bunu müstəqil Levada sorğu mərkəzi yanvarda üzə çıxarıb

Dövlətə məxsus VTsIOM sorğu mərkəzinin məlumatına görə, ötən ay Putinə inam son üç ildə ən aşağı səviyyəyə – 31,7 faizə düşüb.

Yoxsulluq ölkədə kəskin problemlərdən biridir. Rosstat dövlət statistika agentliyinin mayda açıqladığı informasiyaya görə, rusiyalı ailələrin yarıya qədəri yalnız gündəlik tələbat mallarını alır, mebel və məişət cihazlarını əldə edə bilmir.

Rusiya 2014-cü ildə Krımı qanunsuz ilhaq edəndən sonra ölkə potensial investisiya kimi 300 milyard dollara yaxın vəsaiti itirib. Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının iqtisadçısı Sergei Guriev mayda Rusiyanın “The Bell” portalına bildirmişdi.

Jurnalistlərlə illik sual-cavab sessiyası kimi, bugünkü proqram da saatlarla çəkə bilər. 2013-cü ildə bu yayın beş saatadək çəkmiş, 2015-ci ildə isə rekord sayda – 3,25 milyon sual təqdim olunmuşdu.

Ötən il 2,7 milyon sual və şikayət təqdim olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG