Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

Bəzi ekspertlər bu maaş artımından niyə narahatdırlar?


Maaşlar niyə artırıldı? Ermənistandan geri qalmamaq üçün?
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Maaşlar niyə artırıldı? Ermənistandan geri qalmamaq üçün?

Prezident İlham Əliyev bir gündə 15-dən çox sərəncam imzalayaraq müxtəlif sahələrdə çalışanların maaşını artırdı. İyunun 18-də imzalanan sərəncamla həm də ölkə üzrə minimum əmək haqqı 40 faiz artırılaraq, 250 manata çatdırıldı.

Prezidentin sərəncamı ilə polis, gömrük, miqrasiya xidməti əməkdaşları və digər güc strukturlarında çalışanların maaşı 40 faiz artırılıb. Məktəblərdə və dövlət peşə təhsili müəssisələrində çalışanların isə aylıq maaşı 20 faiz artırılıb. Yeni maaşlar sentyabrın əvvəlindən hesablanacaq.

Prezident həm də Mərkəzi Seçki Komissiyası, Heydər Əliyev Mərkəzi, Milli Elmlər Akademiyası, Elmin İnkişaf Fondu, Bakı Beynəlxalq Mutlikulturalizm Mərkəzi və büdcədən maliyyələşən digər təşkilatlarda çalışanların da maaşını 40 faiz artırıb.

Prezidentin nəzarəti altında fəaliyyət göstərən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, minimum əməkhaqqı ilə bağlı sərəncamdan sonra 950 min insanın maaşı artacaq. Bunun 600 min nəfəri dövlət sektorunda çalışanlardır:

“İyunun 18-də prezidentin təqdim etdiyi inqilabi sosial paket 2 milyondan çox insanı əhatə edir. Bu paket 1 milyard manatdan çoxdur”.

Vüsal Qasımlı deyir ki, İlham Əliyev son qərarları ilə ötənilki prezident seçkiləri zamanı verdiyi vədi gerçəkləşdirir.

Amma sosial şəbəkələrdə prezidentin son sərəncamını şərh edənlər ona birmənalı qiymət vermirlər.

Millət vəkili Fazil Mustafa:

"Minimum əməkhaqqı və maaşların artırılması təbii ki, özündə inflyasiya, süni qiymət artımı riski gəzdirir. Amma neqativ risklər var deyə, vətəndaşın güzəranını yaxşılaşdırmaqdan vaz keçilə bilməz."

Müxalif Real Partiyasının İcra katibi, iqtisadçı ekspert Natiq Cəfərli:

"Dollar indiki 1.70 manatdan 2 manat və daha yuxarı qalxa bilər. Məncə, maaş artımları gələcək devalvasiyanın müjdəsidir, çox güman, sentyabrda başqa məzənnə rejimi görəcəyik.

AXCP sədrinin müavini Gözəl Bayramlı:

"Maaş artırılmasının budəfəki hədəfi daha çox növbədənkənar seçki şousuna hazırlığa işarə verir..."

Hərbi eskpert Cəsur Sümərinli:

"Hərbçilərin vəzifə məvaciblərinin 40% artımı böyük rəqəm deyil. Vəzifə maaşı əslində onların bütün pul təminatının orta hesabla 15-25 faizidir. Artan da həmin hissədir, bütövlükdə pul gəlirləri yox."

İqtisadçı Qadir İbrahimli:

"Maaş artımı devalvasiya yox, inflyasiya riski yaradır. Bu isə təbii iqtisadi qanunauyğunluqdur – dövriyyədə pul kütləsi artırsa, inflyasiya riski avtomatik olaraq yaranır. Amma yaxın gələcəkdə devalvasiya təhlükəsi yoxdur."

Bəs, prezidentin maaş artımından sonra kimlərin maaşı nə qədər olacaq? Məsələn, 35 ilin müəlliməsi Xanım Rzayeva hazırda ayda 350 manat maaş alır. Deyir ki, təxmini hesablamasına görə artımdan sonra təmiz maaşı hardasa 400 manat olacaq:

“Müəllimə heç olmaya 500-600 manat almalıdır ki, 300 manat yeməyə xərci çıxanda, yerdə qalan vəsaiti də digər xərclərinə ayıra bilsin”.

İqtisadçı Zöhrab İsmayıl hesab edir ki, bu artımların davamı olacaq. Çünki Azərbaycanda buna ciddi ehtiyac var. Onun fikrincə, Azərbaycan minimum əmək haqqına görə Ermənistandan belə geridə idi. O, bu artımı İlham Əliyevin prezidentlik dövründə həm həcminə, həm də miqyasına görə ən böyük artım hesab edir:

“Faktiki olaraq, Azərbaycan həm Cənubi Qafqaz, həm də MDB ölkələrində maaşların səviyyəsinə görə sonuncu yerdə idi. Hökumət tənqid olunurdu ki, Azərbaycanda maaşlar nəinki Gürcüstan, həm də Ermənistandan geri qalırdı. Təbii ki, mən düşünmürəm ki, bu, Azərbaycanda əmək haqqı probleminin birdəfəlik həll edir”.

Zöhrab İsmayıl hesab edir ki, 2020-ci ildə maaş artımı siyasəti davam edəcək. Bəs, niyə prezident indi belə bir sərəncamlar verir? Zöhrab İsmayıl deyir ki, qəti fikir söyləmək çətin olsa da görünür cəmiyyətdə sosial gərginliyi azaltmağa, güc sturuktularının, hökumətə ideoloji bağlı qurumların maaşlarını artırmağa ehtiyac yaranıb.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizdən olsaydı kimlərin maaşını artırardız?
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

İqtisadçı Zöhrab İsmayılın hesablamasına görə, prezidentin 18 iyun sərəncamlarından sonra Azərbaycan Cənubi Qafqaz ölkələri arasında birinci yerə çıxacaq. Keçmiş MDB və Baltik ölkələri arasında isə 5-ci yerdə qərarlaşacaq. Təbii əgər delvasiya olub manat yenə dollara görə ucuzlaşmasa.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG