Keçid linkləri

Təcili xəbərlər
2019, 18 İyul, Cümə axşamı, Bakı vaxtı 23:30

180 milyon valideyn övladına peyvənd vurdurmur


Arxiv fotosu

Dünyada həkimlərə, tibb bacıları və alimlərə, eləcə də peyvəndlərə inam ümumilikdə yüksəkdir. “Wellcome Global Monitor” təşkilatı səhiyyə və elmə ictimai münasibəti ortaya qoyan sorğu keçirib.

Dünya əhalisinin yarısı elm haqda çox az şey bildiyini söyləyib. Hər beş nəfərdən biri isə elmin faydalarından kənarda qaldığını düşünür. Dünyanın bütün regionlarında kişilər qadınlarla müqayisədə elmi daha yaxşı anladıqlarını dilə gətiriblər.

Sorğu "Gallup World Poll” tərəfindən dünyanın 140-dan artıq ölkəsində 15 və daha yaşlı 140 mindən çox adam arasında keçirilib.

75 faiz həkimlərə inanır

Respondentlərin 75 faizi deyib ki, sağlamlıqla bağlı məsləhət üçün həkimlərə, tibb bacılarına üz tutular.

Pakistanda uşağa peyvənd vurulur
Pakistanda uşağa peyvənd vurulur

Qlobal miqyasda hər 10 respondentdən səkkizi (79%) peyvəndləri təhlükəsiz sayır, hər 10 nəfərdən 9-u isə övladlarının peyvənd olunduğunu deyir.

Bir çox ölkələrdə səhiyyə sistemləri, hökumətlər və alimlərə yüksək inam peyvəndlərə də inamın yüksəkliyini göstərir, amma Avropada mənzərə daha mürəkkəbdir. Ümumiyyətlə, yüksək gəlirli ölkələrdə vaksinlərə inamın daha az olduğu üzə çıxıb.

Vaksinə ən çox inam olan ölkələr Banqladeş və Rvandadır. Rvandada səhiyyə sisteminə inam 97%-dir, yəni dünyadakı orta göstəricidən – 76%-dən artıq.

Avropada isə respondentlərin beşdə biri vaksinlərin təhlükəsiz olması fikrilə ya razılaşmır, ya da bundan əmin deyil. Ancaq 86% həkimlərə və tibb bacılarına, 21% isə alimlərə yüksək inam bəsləyir.

Qızılcaya qarşı peyvənd, illüstrativ foto
Qızılcaya qarşı peyvənd, illüstrativ foto

Peyvəndə ən az və ən çox inananlar

Peyvəndə ən az inananlar Qərbi Avropadadır, 22%-dən artıq respondent onların təhlükəsiz olmasıyla razı deyil. Şərqi Avropada isə 17% peyvəndlərin səmərəli olması fikriylə razılaşmır.

Dünyada peyvəndə ən inamsız yanaşanlar Fransadadır: sakinlərin üçdə biri (33%) vaksinləri təhlükəsiz saymır, 10 faiz isə onları övladları üçün vacib hesab etmir.

Dünyada valideynlərin əksəriyyəti isə övladlarının peyvənd olunduğunu bildirib. Rəyi soruşulan valideynlərin 92 faizi övladlarına körpəlikdən xəstəliklərə qarşı peyvənd vurdurduğunu söyləyib.

Ümumilikdə dünya üzrə valideynlərin 6 faizi övladlarına peyvənd vurdurmur, bu da qlobal səviyyədə 188 milyon valideyn deməkdir. Çində valideynlərin 9, Avstriyada 8, Yaponiyada 7 faizi bu fikirdədir.

Səhiyyə ekspertləri və Ümumdünya Səhiyyə Təşkilatı hər il peyvəndlərin dünyada 3 milyonadək həyatı xilas etdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG