Keçid linkləri

Təcili xəbərlər
2023, 29 May, Bazar ertəsi, Bakı vaxtı 09:31

Ötən il köçkünlərin sayı rekord həddə çatıb


Bosniya Herseqovinada qanunsuz miqrantlar

2018-ci ildə dünyada müharibədən, təqibdən, münaqişədən qaçanların sayı 70 milyonu keçib. BMT-nin Qaçqınlar üzrə Agentliyi (UNHCR) bunun son 70 ildə ən yüksək rəqəm olduğunu bildirir.

Agentliyin iyunun 19-da açıqladığı illik hesabata görə, hazırda dünyada 70,8 milyon nəfər məcburi köçkündür. Bu, 20 il öncədən iki dəfə, bir il öncəkindən isə 2,3 milyon nəfər çoxdur, Tailand və Türkiyənin əhali sayı arasında orta mövqe tutur.

Venesuela böhranının bu rəqəmlərdə qismən əks olunduğu bildirilir. Belə ki, indiyədək 4 milyon venesuelalının ölkədən qaçdığı bəllidir, onları qəbul edən hökumətlər belə deyirlər. Həm də bu say dünyada son dövrlərin ən böyük köçkün böhranı sayılır. Onlardan çoxuna beynəlxalq səviyyədə qoruma lazımdır, bu günədək yarım milyonadək venesuelalı rəsmi sığınacaq üçün müraciət edib.

Suriyada köçkün uşaqlar
Suriyada köçkün uşaqlar

Onlar kimdir

70,8 milyon nəfərin içində üç əsas qrupun olduğu vurğulanır. Onlardan birincisi qaçqınlardır, yəni münaqişə, müharibə və təqibdən dolayı ölkələrindən qaçmağa məcbur olmuş şəxslər. 2018-ci ildə dünyada qaçqınların sayı 25,9 milyona çatıb, yəni 2017-ci ildəkindən 500 min nəfər çox. Bu qaçqınlardan 5,5 milyonu fələstinli qaçqınlardır. Onlar BMT-nin himayəsi altındadırlar.

İkinci qrup sığınacaq istəyənlərdir. Onlar öz ölkələrindən kənarda, beynəlxalq qoruma əldə ediblər, qaçqın statusu üzrə iddialarının nəticəsini gözləyirlər. 2018-ci ilin sonunda dünyada sığınacaq üçün 3,5 milyon nəfər müraciət edib.

Üçüncüsü, ən böyük qrup isə 41,3 milyon nəfərlik məcburi köçkünlərdir, öz ölkələri daxilində köçkünə çevriliblər.

Əfqanıstanda qaçqın düşərgəsi
Əfqanıstanda qaçqın düşərgəsi

Həll yolları

Hesabatda qeyd olunur ki, məcburi köçkünlərin problemlərinin həlli axtarıldığı bir dönəmdə köçkünlərin sayı artmaqdadır. Qaçqınlar üçün ən yaxşı həll yolu evlərinə könüllü, təhlükəsiz şəkildə qayıtmaqdır.

Digər həll yolları sığındıqları icmaya inteqrasiya, yaxud üçüncü ölkəyə köçməkdir. Ancaq ötən il cəmi 92 min 400 qaçqın başqa ölkəyə köçürülüb, bu, müraciətinə cavab gözləyənlərin 7 faizindən də azını təşkil edir. 593 min 800 qaçqın ölkəsinə qayıdıb, 62 min 600 nəfərə vətəndaşlıq verilib.

Dünyadakı bütün qaçqınların üzdə ikisindən də çoxu Suriya, Əfqanıstan, Cənubi Sudan, Myanma və Somalidəndir. 6,7 milyon qaçqın Suriyadan, 2,7 milyon nəfər Əfqanıstandandır.

Son illər məcburi köçkün əhalinin sayının ən kəskin yüksəlişi isə 2012-2015-ci illər arası Suriya münaqişəsi nəticəsində baş verib.

Dünyadakı digər münaqişə bölgələrində köçkünlərin sayı artır. 2017-ci ilin sonunda Myanmadan rohinca qaçqınlarının Banqladeşə axını böyük böhranlardan biriydi. Ötən il isə 1,5 milyon efiopiyalı evindən didərgin düşüb, onların 98 faizi daxili köçkünlər idi.

XS
SM
MD
LG