ABŞ Prezidenti Donald Trump “The New York Times” qəzetindən tələb edir ki, bu günlərdə yaydığı informasiyanın mənbələrini açıqlasın. Qəzet yazmışdı ki, Vaşinqton Rusiyanın energetika sisteminə kiberhücum həyata keçirməkdən ötrü infrastrukturunu hazırlayıb.
Trump tvitində yazıb ki, bu informasiya yalandır. O, qəzetin onun administrasiyasında hər hansı mənbəyi olmasını sual altına alıb. Prezident bildirir ki, hətta belə mənbələr varsa belə, onlar qəzeti çaşdırıblar.
Donald Trump bundan öncə də administrasiyasından informasiya sızmalarını tənqid edib. Belə sızmalar onun prezidentliyinin ilk aylarında tez-tez baş verirdi. O, medianı və administrasiyasının bəzi məmurlarını işbirliyində ittiham edirdi.
Kiberhücumlar haqda “informasiya var”
Bundan öncə, mümkün kiberhücumlarla bağlı yazıya görə Trump qəzeti “xəyanət”də ittiham edib. “The New York Times”ın redaksiyası isə ittihamları rədd edib, məqalə dərc olunmamışdan administrasiyaya bu barədə məlumat verdilyini deyiblər.
Qəzet iyunun 15-də Ağ evin indiki və keçmiş əməkdaşlarına istinadla yazıb ki, ölkənin xüsusi xidmət agentlikləri genişləndirilmiş səlahiyyətlərindən istifadə edərək Rusiyanın enerji təchizatına cavabdeh kompüter şəbəkələrin hücum cəhdlərini artırıblar.
Qəzetin iddiasına görə, məqsəd eyni zamanda rusiyalı hakerlərin fəallığını önləmək, onların hücumlarına cavab verməkdir. ABŞ Rusiyanı enerji şəbəkələrinə hücumlarda və prezident seçkilərin müdaxilə cəhdində ittiham edir. Rusiya isə başqa ölkələrin daxili işlərinə qarışmadığını bildirir.
Rusiya xarici kəşfiyyat xidmətinin direktoru Sergei Naryshkin bu gün – iyunun 18-də deyib ki, onlarda Rusiyaya qarşı kiberhücumlar hazırlığı barədə informasiya var və xidmət onları önləməkdən ötrü addımlar atır.
Kremlin mətbuat katibi Dmitry Peskov isə bu günlərdə deyib ki, Rusiyanın infrastrukturuna kiberhücumlar “nəzəri baxımdan mümkündür” və əvvəllər belə hücumların qarşısı alınıb.