Qazaxıstanda son prezident seçkisindən sonrakı beş gün ərzində saxlanan etirazçıların sayı 4 minə yaxınlaşır. Bunu ölkənin daxili işlər naziri Erlan Turghymbaev deyir.
Turghymbaev iyunun 18-də paytaxt Nur-Sultanda jurnalistlərə deyib ki, 9 iyun seçkisindən sonrakı yürüşlər qanunsuz olub, çünki onlara hakimiyyət icazə verməyib. O, saxlanan etirazçıların çoxunun buraxıldığını, 677 nəfərin 15 günədək həbsə məhkum edildiyini, 305 nəfərin isə cərimələndiyini vurğulayıb.
“Polis nümayişçilərə qarşı xüsusi avadanlıqdan istifadə etməyib. Nə gözyaşardıcı qazdan, nə rezin dəyənəkdən istifadə olunub... 4 minədək adam saxlanıb”, – Turghymbaev söyləyib.
Seçkidən sonra minlərlə adam Nur-Sultan, Almatıda küçələrə çıxaraq seçkinin nəticəsinə etiraz edib. Seçkidə keçmiş avtoritar prezident Nursultan Nazarbaev-in özünə varis seçdiyi Qasym-Zhomart Toqaev-in 71 faizlə qalib gəldiyi elan olunub.
Nümayişçilər seçkinin saxtalaşdırıldığını deyiblər.
ATƏT-in müşahidəçiləri seçkini tənqid edib, “fundamental hüquqların nəzərə alınmadığını, dinc etirazçıların saxlandığını, səsvermə günü xeyli sayda pozuntuların baş verdiyini, demokratik standartlara məhdud sayqı göstərildiyini” deyib.
İyunun 13-də BMT-nin İnsan Haqları İdarəsi “siyasi fikir və narazılığı dinc və legitim yolla ifadə etməyə görə həbs və məhkumluqların miqyası”ndan narahatlıq bildirib.