Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:38

'Neftdən bizə qalan daş, asfalt, betondur'-Media icmalı


Tapança
Tapança

Dağlıq Qarabağ münaqişəsi, nəsillər arasında ədavət, ölkəyə gələn neft pullarının xərcləndiyi sahələr və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Mentalitetdən doğan bəzi fikirləri dəyişdirmək lazımdır»

Modern.az saytında «Azərbaycanda qan davaları- Fəxrəddinin müsibəti sonuncu deyilmiş…» sərlövhəli yazı oxumaq olar.

Müəllif Ağstafa rayonunda 4 şəxsin ölümü ilə nəticələnən silahlı insidentin səbəblərini müxtəlif tərəflərlə təhlil etməyə çalışıb. Yazıda həmin olay nəsillər arasında ədavət kimi xarakterizə edilir: «Bu gün Türkiyənin bəzi yerlərində hələ də «qan davası» öz mövcudluğunu qoruyub saxlayır. Təəssüf ki, bəzi faktlar azərbaycanlılar arasında da «qan davası» ilə bağlı ədavətlərin hökm sürdüyünü deməyə əsas verir. Qeyd edək ki, ötən əsrin əvvəllərində Azərbaycan «qan davası» kimi mənasız savaşdan xeyli əziyyət çəkib».

Müəllif Azərbaycanın tarixinə də səyahət edir. Nəcəf bəy Vəzirovun «Müsibəti Fəxrəddin» əsərini də xatırladır: «Nəcəf bəy Vəzirovun «Müsibəti Fəxrəddin» əsəri məhz bu rəzil qan düşmənçiliyinin ifşasına həsr olunmuşdu. Tayfa ənənələrindən doğan «qan davası» ilə bağlı kinolentlərdə də fraqmentlərə rast gəlirik.

Son zamanlar kriminal hadisələrdə müxtəlif motivli cinayətlərin şahidi oluruq. Və bu cinayətlərdə tarixdə qalmış «qan davaları»nın elementləri müşahidə olunur. Çoxları elə bilirdi ki, sonuncu «qan davası» Fəxrəddinin müsibətidir. Əgər Nəcəfbəy Vəzirovun faciəsini oxuyanlar artıq belə şeylərin olmadığına sevinirdilərsə, yanılıblar...».

Yazıda iddia olunduğuna görə, iyunun 17-də Ağstafa rayonunda baş verən silahlı insidentdən sonra polisə təslim olunan E.Süleymanovun atası və əmisini illər öncə güllələnən şəxslərdən biri qətlə yetirib.

Yazının sonlarında da sosioloq Əhməd Qəşəmoğluya istinadən belə hallarla mübarizədən bəhs edilir: «...Bu kimi halların tamamilə aradan götürülməsi üçün müəyyən işlər görmək lazımdır. Maarifləndirmə işləri sayəsində insanların beynində kök salmış mentalitetdən doğan bəzi fikirləri dəyişdirmək lazımdır».

Q.İbadoğlu
Q.İbadoğlu

«4.5 milyard manat pul daşa, asfalta, betona xərclənib»

Azadliq.info saytında «Beton iqtisadiyyatı» sərlövhəli yazı yer alır.

Sayt iqtisadçı Qubad İbadoğlunun Azərbaycan iqtisadiyyatındakı problemlərlə bağlı düşüncələrinə yer verib. Q.İbadoğlu bildirib ki, son 13 ildə Azərbaycanda ən çox inkişaf edən sektor beton istehsalıdır və nəticədə beton iqtisadiyyatı milli iqtisadiyyatın sütununa çevrilib.

İqtisadçıya görə, bu məsələ yalnız dövlət siyasətində deyil, həmçinin özəl bölmə və şəxsi təsərrüfatlarda da önə çıxıb: «2006-cı ildən bəri yalnız dövlət büdcəsindən tikinti məqsədləri üçün 62.5 milyard manat vəsait ayrılıb. Bir sözlə, hər il orta hesabla 4.5 milyard manat pul daşa, asfalta, betona «xərclənib» ki, bu da il ərzində əldə edilən neft pullarının yarısı qədərdir. Demək olar ki, neftdən bizə qalan daş, asfalt, betondur».

Q.İbadoğlunun vurğulamasına görə, 2018-ci ilin büdcəsində əsaslı vəsait qoyuluşu xərcləri əvvəlki illə müqayisədə 88.1 faiz artıb. 2019-cu ilin büdcəsindən isə bu məqsədlə 6.4 milyard manat (cəmi büdcə xərclərinin 30 faizinə qədər) vəsait ayrılması nəzərdə tutulub.

İqtisadçı iddia edir ki, büdcədən oğurlanan pulların çoxu mənzil, villa, hasar tikintisinə yönəlib: «... Ermənistanla müharibə şəraitinə görə müdafiə xərclərinin də ildən ilə artımını nəzərə alsaq, neftdən gələn pulların hər 3 dollarından 2-sinin betona və hərbiyə yönəldiyini deyə bilərik».

Q.İbadoğlunun vurğulamasına görə, neft pullarının yerdə qalan üçdə birini isə Dövlət Neft Fondu səhm və əmlak bazarlarında «küləyə» verməklə məşğuldur: «Nəzərə alın ki, belə iqtisadiyyat bir müddət sonra təmir və saxlanma xərcləri tələb edir. Sonra isə ya özü çökür, ya da başqaları tərəfindən sökülür. Bir sözlə, beton iqtisadiyyatı nə dayanıqlı olur, nə də dözümlü, birdən çat verir və onun üzərində qurulan hər şey tez bir zamanda da dağılır».

XİN
XİN

XİN: «Bu, dalana aparan yoldur»

Rəsmi AZƏRTAC saytında «XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir» sərlövhəli yazı dərc edilib.

Yazıda Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir.

Müəllifin bildirildiyinə görə, Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, Dağlıq Qarabağda 10 min silahlı qüvvənin iştirakı ilə hərbi təlimlər keçirilir. Saytda yer alan bu yazıda qeyd edildiyinə görə, Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) də öz növbəsində bu məsələyə münasibət bildirib. Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bunları deyib: «Ermənistanda müharibə tərəfdarlarının qələbə çaldığına inanmaq istəməzdim. Çünki bu dalana aparan bir yoldur. Xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır».

L.Abdullayevanın fikrincə, Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir: «Bir tərəfdən müdafiə naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 10 min hərbi qulluqçunun iştirakı ilə hərbi təlimlərin keçiriləcəyini bəyan edir, digər tərəfdən isə bu ölkənin xarici işlər naziri Vaşinqtonda münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmağa hazırlaşır. Belə olan halda Ermənistan rəhbərliyi öz hərəkətlərinin məntiqi izahını verə biləcəkmi? İstər-istəməz Rusiya, ABŞ və Fransadan olan həmsədrlərə «bundan sonra nə?» sualı ilə müraciət etməli oluruq».

XS
SM
MD
LG