Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:01

Çin İrana görə ABŞ-a xəbərdarlıq edir


Oman Körfəzində hücuma məruz qalmış neft tankeri, 13 iyun, 2019-cu il
Oman Körfəzində hücuma məruz qalmış neft tankeri, 13 iyun, 2019-cu il

Çin Birləşmiş Ştatlara xəbərdarlıq edir ki, “aşırı təzyiq metodları”nı yumşaltsın.

Çin hökumətinin aparıcı diplomatı, Dövlət naziri Wang Yi paytaxt Pekində Suriyanın xarici işlər naziri ilə görüşdən sonra danışıb. O, eyni zamanda İranı dünya gücləri ilə imzaladığı nüvə sazişinə sadiq qalmağa çağırıb.

Wang Yi
Wang Yi

“Tərəflərin hamısını rasional, təmkinli olmağa, regionda gərginliyi qıcıqlandıran qızışdırıcı addımlar atmamağa, Pandora qutusunun ağzını açmamağa çağırırıq”, – Wang deyib.

“Özəlliklə də ABŞ tərəfi aşırı təzyiq metodlarını dəyişməlidir... Hər hansı birtərəfli davranışın beynəlxalq hüquqda əsası yoxdur. Bu nəinki problemi həll etməyəcək, daha böyük böhran yaradacaq”, – o əlavə edib.

İran Prezidenti Hassan Rouhani isə iyunun 18-də dövlət televiziyası ilə çıxışında ölkəsinin “heç bir ölkəyə qarşı müharibə aparmayacağını” söyləyib.

Rouhani Trump administrasiyasını atmacasız qoymayıb, deyib ki, “bizə qarşı dayananlar təcrübəsi az siyasətçilərdən ibarət qrupdur”.

***

ABŞ İranı yenə tanker hücumunda ittiham edir

ABŞ ordusu əlavə fotolar yayaraq ötən həftə Oman Körfəzində iki neft tankerinə hücuma görə İranın məsuliyyət daşıdığını iddia edib.

Pentaqonun iyunun 17-də yaydığı fotoların çoxu ABŞ donanmasına məxsus vertolyotdan çəkilib. İddiaya görə, fotolarda İran qüvvələrinin Yaponiyaya məxsus neft tankerinin böyründən partlamamış minanı çıxardığı görünür.

Vaşinqton deyir ki, bu fotolar hadisə yerindən dəlili yox etmək cəhdini göstərir.

Elə həmin gün Pentaqon tanker hücumundan dolayı Yaxın Şərqə əlavə min əsgər göndərəcəyini açıqlayıb.

Patrick Shanahan (solda) və ABŞ-ın Dövlət katibi Mike Pompeo
Patrick Shanahan (solda) və ABŞ-ın Dövlət katibi Mike Pompeo

Qüvvələr “müdafiə məqsədilə” göndərilir

Müdafiə nazirinin vəzifəsini icra edən Patrick Shanahan deyib ki, əsgərlər “Yaxın Şərqdə hava, donanma, qurudan hədələrə qarşı müdafiə məqsədilə” göndərilir.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar “durumu diqqətlə izləyəcək və kəşfiyyat məlumatları, etibarlı təhdidləri nəzərə alaraq, qüvvələrin səviyyəsinə gərəkən dəyişiklikləri edəcək”.

Bundan öncə Pentaqon minanın çıxarıldığı göstərilən video yaymışdı.

İran hücumlarla hər hansı bağlılığı olmadığını deyir.

Birləşmiş Ştatlar İranın İslam İnqilab Keşikçiləri Korpusunu hücum baş verərkən tankerlərə nəzarət edən ABŞ dronunu vurmağa çalışmaqda ittiham edir.

Son bir ildə Birləşmiş Ştatlarla İranın münasibətləri daha da gərginləşib. ABŞ Prezidenti Donald Trump ötən ilin mayında İranla 2015-ci il il nüvə sazişindən çıxdığını, sanksiyaların bərpa olunduğunu açıqlayıb.

İranın nüvə enerjisi agentliyi iyunun 17-də bildirib ki, Tehran növbəti 10 gün ərzində nüvə sazişinin müəyyənləşdirdiyi uran ehtiyatı limitini aşacaq. Agentliyin rəhbəri Behrouz Kamalvandi əlavə edib ki, İran BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) nüvə obyektlərini indilik monitorinq etməyə icazə verəcək.

Trump 2015-ci il nüvə sazişini qüsurlu sayır, onun İranın ballistik raket proqramını, Tehranın terrorçu təşkilatlara iddia olunan dəstəyini əhatələmədiyini deyir.

Apreldə Trump İİKK-nı xarici terrorçu təşkilat elan edib. Birləşmiş Ştatlar ilk dəfə olaraq başqa bir ölkənin ordusunu terrorçu qrup adlandırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG